Əliqismət Lalayevə daha bir mükafat – Azərbaycan Teatr Xadimləri İttifaqının “Sənətkar” medalı

0
81

Milli teatr sahəsində çoxillik səmərəli fəaliyyətinə, rəhbərlik etdiyi Azərbaycan Dövlət Akademik Musiqili Teatrının səhnəsindəki uğurlu tamaşalara görə, ideya müəllifi və bədii rəhbəri olduğu səhnə əsərlərinin teatr ictmaiyyəti tərəfindən maraqla qarşılandiğını nəzərə alaraq, Azərbaycan Teatr Xadimləri İttifaqının qərarına əsasən Azərbacan Respublikasının və Naxçııvan MR-in Əməkdar İncəsənət Xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, rejissor-pedaqoq Əliqismət Lalayev “Sənətkar” medalı ilə təltif edilmişdir. İstər Naxçıvan teatrının səhnəsində yaratdığı obrazlar və quruluş verdiyi tamaşalarla, istərsə Mədəniyyət Nazirliyində İncəsənət Baş idarəsinə, o cümlədən ölkə teatrlarına rəhbərlik etdiyi illər çoxşaxəli və səmərəli fəaliyyəti ilə həmişə mədəniyyət xadimlərinin sevgi və rəğbətini qazanan, bu gün isə Dövlət Akademik Musiqili Teatrının uğurlarında xüsusi xidmətləri olan Əliqismət Lalayev hər kəsin diqqətində olan böyük ziyalı və hörmətli teatr rəhbəridir. “Sənətkar” medalını Əliqismət Lalayevin doğum günündə, iyulun 4-də görkəmli teatr xadiminə təqdim edən Azərbaycan TXİ-nin sədri, Xalq artisti, professor Azər Paşa Nemətov teatrda keçirilən mükafatlandırma mərasimində çıxış edərək, bütün bunlar barədə ətraflı danışmış, teatr ictimaiyyətinin Əliqismət Hümmət oğluna böyük rəğbətinin olduğunu qeyd etmişdir.
Mükafatı qəbul edərkən rejissor, aktyor, alim və pedaqoq Əliqismət Lalayev sənətinə və sənətkarlığına, teatr xadimi kimi fəaliyyətinə yüksək qiymət verdikləri üçün Teatr Xadimləri İttifaqına təşəkkürünü bildirmiş, bundan sonra da bütün yaradıcı əməyini ölkəmizin və milli teatrımızın inkişafına həsr edəcəyini söyləmişdir.
“Çox sevinirəm. “Sənətkar” medalının mənim çoxsaylı mükafatlarım arasında xüsusi yeri olacaq. Çünki bu mükafat ölkənin şöhrətli yaradıcı şəxslərinin və xüsusən də peşəkarların mənə və yaradıcılığıma verdiyi böyük dəyərdir”- deyə Ə. Lalayev sevincini belə ifadə etmişdir.

Bizimsesimiz.info