English (US) Русский Azəricə Türkçe
Canlı Aləm Hər şey daxil Maraqlı

Ərəblərin “işğalındakı” möhtəşəm Uzungöl: uy uşağum, səni ayı yeyər (REPORTAJ)

Trabzona yolunuz düşsə, Uzungölə getməmiş qayıtmayın. Bir sözlə, möhtəşəmdir. Şəhərin mərkəzindən 100 kilometr aralıdadır.
Bunun üçün Trabzondan geriyə – Batumiyə gedən yola çıxırsınız. Əvvəlcə Yomra, sonra Of bölgəsi gəlir, Ofun mərkəzindən Uzungölə bir yol qalxır.
Ofdan Uzungölə 50 kilometrdir. Amma siz bu vaxt qəti darıxmayacaqsınız. Türklər burda bir cənnət yaradıblar.
Yolun sağ və solu meşəlikdir, ən ucqar nöqtədə də evlər tikilib, yenə tikilir. Havasını, suyunu təsvir etməyə ehtiyac yoxdur.
Azərbaycanda belə bir yerdən keçsəniz, insan ayağı dəyməyən kilometrlərlə ərazilər görəcəksiniz, türklər isə Uzungölə qədər hər addımda ev, infrastruktur qurublar, nə bir yaşıllıq məhv edilib, nə yol kənarları satılıb.
Yəni, təbiətin gözəlliyi, mənzərəsi olduğu kimi saxlanıb, heç bir vəhşi müdaxilə olmayıb. Bu füsunkar mənzərə sizi Uzungölün mərkəzinə qədər müşayiət edir.
***
Uzungöl aşırımını mərkəzə yaxınlaşdıqca qalxmaq çətinləşir, bu yerdə avtomobilin mühərriki 2.7 at gücü olsa daha yaxşıdır.
Sonra geniş bir mənzərə açılır, Uzungöl panorama kimi qarşınızda böyüyür. Hər qarış bir turist, hər 5 turistin 4-ü ərəbdir.
Buranın turizm mövsümü 3-4 ay olur. Çünki qışda Uzungölə gəlmək çətin olar: sərt hava şəraiti, qar-boran, aşırımları qalxmaq…
Ancaq imkanınız varsa, qışda avtobusla Uzungölə gedin, bir ev kirayələyin, qiymətlər baha olsa da, əsl qış nağılı yaşamaq üçün yerdir.
Qəsəbənin dəniz sahilinə yaxın bir yerində avtobuslar hər 30 dəqiqədən bir Uzungölə sərnişin daşıyırlar.
Ümumiyyətlə, Uzungöl turizm bölgəsidir deyə qiymətlər çox fərqlənir. Burda restoranlar, kirayəlik möhtəşəm evlər, uşaqlar üçün istirahət yerləri var.
Avtomobilinizi isə içəri girən kimi park etməyin, bir az irəlidə 10 lirəyə daha münasib yer tapa bilərsiniz.
Ərəb turistlər isə Trabzon mərkəzində maşın kirayələyib gəzməyə çıxırlar. Uzungöldə 4 nəfərlik qayıqla gəzmək isə 50 lirədir. Restoranda yüngül yemək yesəniz, 3-4 adama 30-40 lirə çıxacaq.
Əgər şəxsi avtomobilinizlə Uzungölə gəlmisinizsə, o zaman 1-0 öndəsiniz deməkdir. Çünki yüksəklikdə bir neçə kiçik piknik ərazisi var.
Əgər gecə möhtəşəm göyüzünü seyr etmək istəyirsinizsə bu yüksəkliyə qalxdıqdan sonra bir çadırınızın olmağı kifayətdir.
Və bir də ayı qorxusunu yenməlisiniz. Yoxsa təxminən azı 100-120 manata göl sahilində hoteldə gecələməli olacaqsınız.
Hər şeyi bir kənara qoyub, siz sadəcə Uzungölü gəzin, sərinliyini, tutqun havasını, dolub-boşalan buludları, meşələrin ən ucqarında dumanı, çiskin yağışı hiss edin, əlavə pul xərcləməyə ehtiyac da yoxdur.
Buranın havası o qədər təmizdir ki, insan saatlarla göl kənarında gəzmək istəyir. Göl ətrafı həddindən artıq sakitdir. Yaz və yay aylarında gölə minlərlə ərəb turist səyahət edir.
Bu səbəbdəndir ki, hotel və restoranlarda qiymətlər çox bahadır. Gölə ən uyğun səyahət vaxtı sentyabr ayı olduğunu deyə bilərik.
Bölgənin sakinləri isə əsasən sənətkarlıq və əkinliçliklə məşğuldur. Sakinlər xüsusi ilə qarğıdalı yetişdirməklə özlərini dolandırırlar.
Mənbə: azeuronews.com