English (US) Русский Azəricə Türkçe
Avropa

715 km piyada: El Camino de Santiagoya gedən ilk azərbaycanlı

GÜLNAR SƏLİM: CAMİNO – HƏYATDA ÖZÜMƏ HƏDİYYƏ ETDİYİM ƏN GÖZƏL SƏYAHƏTLƏRDƏN

01 1024x576 - 715 km piyada: El Camino de Santiagoya gedən ilk azərbaycanlı
Bir ay dan yerinin sökülməsini izləmək!

Camino (ispanca yol deməkdir) – trekkinq təcrübəsindən və dünyanın dörd tərəfindən gələn insanlarla tanışlıq, dostluqdan başqa bir çox şeyə baxış bucağımı da dəyişdi. İradəmin düşündüyümdən daha güclü olduğunu göstərdi.

13 1024x576 - 715 km piyada: El Camino de Santiagoya gedən ilk azərbaycanlı
Sənin arzuların nədir?

“FACEBOOK”DAN AÇILAN YOL

İlk olaraq, Camino haqda necə öyrəndiyimi yazım. “Facebook”-da ekstrim sportla bağlı bir neçə səhifənin izləyicisiyəm. Bir gün bu səhifələrdən birinin səyahətlə bağlı paylaşdığı film siyahısını gördüm. Həmin filmlərə bir-bir baxdım. Sonda da Camino yolundan bəhs edən “Yol” (“The Way”) adlı filmi izlədim. Maraqlı gəldi və mən həmin yol haqqında internetdə axtarışlara başladım. Görəndə ki, bu, 799 km-lik bir yoldur, onu tam bir ay, hələ bir aydan da artıq getmək olur, “bir ay gəzmək… heç nə etmirsən, yalnız gəzirsən, özünlə baş-başa qalırsan. Bundan gözəl şey?!” – deyə, düşündüm və 9 aya yaxın bu arzuyla gəzib, yolumu planlaşdırmağa başladım.

KİÇİK ŞƏHƏRDƏN AÇILAN UZUN, İNCƏ YOL

03 1015x1024 - 715 km piyada: El Camino de Santiagoya gedən ilk azərbaycanlı
Çoxlu günəbaxan tarlaları, günəbaxanların üzərində +18 təsvirləri də görmək imkanınız olacaq

Uzun-uzun, doyunca gəzmək üçün ən uzaq yolu – “Camino Francés”-i seçdim. Bu yol Fransa ilə İspaniyanın sərhəddindən başlayır. Daha dəqiq desəm, Fransanın St Jean Pied de Port şəhərindən. Şəhər çox balaca, şirin və sizin kimi yol gedəcək dünyanın hər tərəfindən gələn “piliqrimlər”lə (zəvvar da adlandırmaq olar) doludur.

El Camino de Santiago haqda internetdə sonsuz sayda məqalələr, videolar (həm rus, həm ingilis dillərində) tapdım. Həmin materiallardan siz də özünüzə uyğun bir yol seçib, gedə bilərsiniz. O materiallar, həmçinin, yola necə hazırlaşacağınızı, yol boyu nələrə ehtiyacınız olacaq kimi məsələlərdə işinizə yarayacaq.

Camino pasportunu alacağınız yerdə, həmçinin, bələdçi kitab da əldə edə bilərsiniz. Mən də onu almağı planlaşdırırdım, ancaq St Jean-a gəldiyimdə mağazalar bağlı idi, ala bilmədim. Daha sonra da ona ehtiyac duymadım. Lakin həmin kitabda keçib gedəcəyiniz kənd və şəhərlərlə bağlı maraqlı məlumatlar var. Ona görə mütləq alın. Həm də bu kitabı sonra xatirə kimi də saxlaya bilərsiniz.

Onu da deyim ki, burada qeydiyyatdan keçib, yol pasportu alanda mənə bildirilər ki, səyyahlar içində ilk azərbaycanlıyam. Daha öncə burada Azərbaycandan olan kimsə qeydiyyatdan keçməyib.

BİR AYLIQ YÜKÜNÜZ

02 1024x576 - 715 km piyada: El Camino de Santiagoya gedən ilk azərbaycanlı
Çox paltar götürməyin – biri əyninizdə, digər dəyişəcəyiniz çantanızda olsa, bəsdir

İndidən deyim, bir aylıq səyahət planlayırsınızsa, belinizdə daşıyacağınız çantanızın çəkisinə diqqət etməlisiniz. Bu, bədən çəkinizin yalnız 10-12 faizini təşkil etməlidir. Çünki bədəniniz yorulduqca, çantanızın ağırlaşdığını hiss edəcək, daşımaqda çətinlik çəkəcəksiniz. Bu zaman yoldan zövq ala bilməyəcəksiniz.

Çox paltar götürməyin – biri əyninizdə, digər dəyişəcəyiniz çantanızda olsa, kifayətdir. Alt paltarları, hər ehtimala qarşı uzunqol qalın kofta, trekkinq üçün nəzərdə tutulan gödəkcə və şalvar da götürün. Adətən bu paltarların da çəkisi çox yüngül olur. Yay olmasına baxmayaraq, bəzi yerlərdə soyuq olur. Nəzərə alın ki, yol İspaniyanın şimalından keçir, getdikcə hava da soyumağa başlayır. Yataq kisəsi götürməyi unutmayın. Mən bir ay ərzində yataq kisəsindən hər gün istifadə etdim.

Əgər yenə də ara-sıra çiyinlərinizə istirahət vermək istəsəniz və cibiniz buna imkan versə, A nöqtəsindən B nöqtəsinədək çantanızı xüsusi servis vasitəsi ilə göndərə bilərsiniz. Qiyməti 5 avrodur, məsafə Santiago de Compostelaya yaxınlaşdıqca qiymət 3 avroya qədər düşür.

Digər və demək olar ki, ən vacib məsələ geyinəcəyiniz ayaqqabıdır. Sizi aparan ayaqlarınız olacaq axı ? Gün ərzində orta hesabla 25 km yol gedilməlidir. Lakin vaxtınız çoxdursa, bütün yolu 30-35 günə yox, 45-50 və ya daha artıq müddətə getmək imkanınız varsa, o zaman günə 18-20 km və ya daha az da yol gedə bilərsiniz. Ancaq yenə də ayaqqabı məsələsində çox ehtiyatlı olmalısınız.

10 2 1024x576 - 715 km piyada: El Camino de Santiagoya gedən ilk azərbaycanlı
Ayaqqabı məsələsində çox ehtiyatlı olmalısınız

AYAQQABILAR ÖNƏMLİDİR

Mən getməzdən ay yarım öncə yeni trekkinq ayaqqabıları aldım və səyahətədək 20-25 gün ərzində hər gün bir neçə saat onlarda gəzdim. Düşündüm ki, bu, bəs edər, lakin praktikada tam əksi oldu. Yeni ayaqqabı olduğundan ayaqlarımı çox narahat edirdi. Bir gün, hətta daşlı-çınqıllı 8 km yolu vyetnamkalarda getməli oldum ? Ona görə keçdiyimiz şəhərlərdən birində 38 avroya bir cüt sandal alıb, onlarda gəzməli oldum.

Sandallar sizi bir az ləng yeriməyə məcbur edir. Sport ayaqqabıların yerini heç nə vermir. Ona görə də, sizə tövsiyə edərdim ki, ən azı bir il ərzində tez-tez geyindiyiniz idman ayaqqabısı ilə yol çıxasınız. Ancaq yeridiyiniz yoldan sonra ayaqlarınızın rahat nəfəs ala biləcəyi sandal ya tərlik də çantanızda olmalıdır.

Digər bir diqqətsizliyim ucbatından Camino-dan qayıdandan sonra ayaq baş barmağımın dırnağını itirdim ? Düşündüyünüz kimi qorxulu deyil. Dırnağım ağrımağa başlayanda bilirdim, nəsə bir problem çıxacaq. Ancaq yolu bitirməyimə bir neçə gün qaldığında bu haqda düşünmək istəmədim, gücümü yoxlamaq qərarına gəldim. Mənəvi və fiziki gücüm sınaqdan yaxşı çıxdı, amma barmağım yox ?

Camino-da ən çox qeydinə qalacağınız ayaqlarınız olacaq. Yol boyu keçəcəyiniz bütün şəhərlərdə apteklər var, içəri girən kimi əczaçılar sizin “piliqrim” olduğunuzu uzaqdan görür və sizə lazım olan dərman və ya kremləri anında təklif edirlər. İngilis dilləri zəif olsa da, “Google translate”-lə də olsa, kömək etməyə can atırlar. Apteklərdən əlavə, yolda rastlaşacağınız digər “piliqrim”lər də hər fürsətdə sizə yaxınlaşıb, kömək təklif edəcəklər.

BƏDƏNİM VƏ RUHUMU DA ZÖVQLƏ DİNLƏMƏYİ ÖYRƏNDİM

11 1024x576 - 715 km piyada: El Camino de Santiagoya gedən ilk azərbaycanlı
“Cruz de Ferro” yüksəkliyi. Təxminən 1500 m dəniz səviyyəsindən yüksəklikdə yerləşir. Ondan daha uca yüksəkliklərə də qalxıb düşməli olurduq

Təəssüf ki, mən bütün 799 km-ni piyada gedə bilmədim, üç dəfə avtobusdan istifadə etməli oldum. Səbəbi isə təcrübəsizliyim və addımlarımın istəklərim qədər sürətli olmamağı oldu. Hər gün daha çox gəzmək, yürümək istəsəm də, bədənimə qulaq asmalı olduğumu öyrəndim. Hər dəfə piyada getdiyim kilometrlərin sayı çox olanda, daha dəqiq desəm 37 km-ə çatanda növbəti gün sağ ayağımı ata bilmirdim. Rastlaşdığım yol yoldaşları mənə bəzi dərman və kremlər məsləhət gördülər. Həmin günlərdən sonra hər gün hamı kimi mən də o kremi sürtməmiş yola çıxmırdım. Hər səhər kremin spesifik, gözyaşardıcı qoxusu “albergue”-lərə (hostel tipli məkanlar) dolurdu.

Bundan başqa, hər 4-5 km-dən sonra 20 dəqiqə özümə və ayaqlarıma istirahət verirdim. Ayaqlarım get-gedə gündəlik qət edilən məsafələrə öyrəşirdi. Ancaq yenə də 3 dəfədən sonra 32-35 km-dən çox getməməyə söz verdim, bədənim və ruhumu da zövqlə dinləməyi öyrəndim.

ÇƏKDİYİM ƏZİYYƏTLƏR

09 1024x576 - 715 km piyada: El Camino de Santiagoya gedən ilk azərbaycanlı
Ən sevdiyim “donativo albergue”-lərindən biri. Qranyon şəhərində yerləşir. Mütləq orada gecələyin. Yerdə yatacaqsınız, yeyib-içmək, hamı ilə birgə rəqs edib-mahnı oxumaq da könüllü verəcəyiniz ödənişə daxildir

Onu da etiraf edim ki, bütün yol boyu üzüm ancaq təbbəsümlə dolu olmayıb. Yolda ayaqlarımın ağrısından addım ata bilmədiyim vaxt hönkür-hönkür ağlamışam da. Ancaq dişimi qıcayıb sonuncu 3 kilometri irəliləyib (20-22 km arası gəzmişdim həmin gün) “albergue”-yə çatmışam. “Sürünə-sürünə də olsa, “gedib çıxacağam ora” – demişəm. Özümə acıqlanıb, “axı nə işin var burda?! Ən azı gedib Türkiyədə, dənizdə istirahət edə bilərdin” – dediyim vaxtlar da olub. Sonrakı günlərdə tanış olduğum insanların da eyni sualları özünə verdiyini eşitdim. Yolda gedərkən “piliqrim”lərdən birinin divara “What we are doing here?!” yazısını və daha onlarla motivasiya verən yazıları oxuyarkən daha da ürəklənib, yola davam edirsən. Həm də, yaxşı bir “hiker”-in dediyi kimi “Getdiniz Maldivə. Bir abzasdan o yana nə qədər dəniz və palmalar haqqında yaza biləcəksiniz? Ancaq dağlara, yollara çıxdığınız zaman başınıza gələnləri, gördüklərinizi ən azı bir-iki səhifəyə yaza biləcəksiniz”.

Dediyim kimi, yol sizə bədəninizi dinləməyi öyrədir. Bunu öyrənəndən sonra insan yoldan daha çox zövq alır. İtalyan dostlarım həmişə mənə “yoldan gələndən sonra üzündə rahatlıq ifadəsi olur” – dediklərində, özüm belə təəccüblənmişdim. Amma bir ay boyu gəzdiyim günlərdən sonra ümumən nə qədər rahat olduğumun fərqinə vardım.

BİR AY ƏRZİNDƏ QALACAĞINIZ YERLƏR

08 1024x576 - 715 km piyada: El Camino de Santiagoya gedən ilk azərbaycanlı
Yerdəki dəri matrasın üzərində yatırsınız

İlk gün yola başladığınız şəhərdə “piliqrim”lərə Camino pasportu verilir. Bu yerdə sizə həmçinin, keçəciyiniz şəhər və kəndlərdə olan “albergue”-lərin böyük bir siyahısı da təqdim edilir. Həmin siyahısa əsasən, hər növbəti gün gedəcəyiniz məsafəni də hesablayıb, yolunuza davam edə bilərsiniz. Bəzi “albergue”-lər “Donativo” adlanır. Burada siz özünüz könüllü olaraq verəcəyiniz məbləği qərarlaşdırırsınız. Adətən minimal olaraq 5 avro olur. Digər “albergue”-lər isə 5-13 avro arası dəyişir. Lakin bəzi şəhərlərdə otellər də var ki, istəsəniz və yenə də cibiniz buna imkan verərsə, orada da gecələmək mümkündür.

Onu da deyim ki, sizə verilən “albergue”-lərin siyahısında hansının mətbəxinin olub-olmadığı və ya səhər yeməyi verib-vermədiyi, çarpayıların sayı və s. də qeyd edilir. Mətbəxli yerlərdə “piliqrim”lər yığışıb birgə yemək alıb, bişirir. Bir masanın arxasında oturub yeyib-içir, mahnı oxuyur və rəqs edirlər.

“Donativo”-larda bu şərait daha maraqlı olur. Hamı köməkləşib yemək bişirir, içki hazırlayır, sonra yığışdırır. Gördüyüm ən maraqlı “donativo albergue” Qranyon adlanan şəhərcikdə, kilsənin içində idi. Burada sizi lap köhnə əsrlərə aparırlar. Yerdəki dəri matrasın üzərində yatırsınız.

“Albergue”-lərin mənfi cəhətləri də var. Hamı eyni otaqda yatır. Ancaq bəzən divar arakəsmələr də olur. Lakin bu da sizi yüksək notlarda xoruldayan “piliqrim”lərdən qorumur ? Ona görə ətraf səsləri kəsən qulaqlıq götürməyi unutmayın (apteklərdə satılır). Hətta deyərdim, bu, hazırlıq siyahınızda ilk pillələrdə durmalıdır.

DADLI ABZAS – İSPAN MƏTBƏXİ

06 1024x576 - 715 km piyada: El Camino de Santiagoya gedən ilk azərbaycanlı
Pamplona şəhəri başdan-ayağa Hemenqueyin siması ilə doludur. Deyilənə görə dadlı deserti də onun işlədiyi və istirahət etdiyi sevimli kafesindəndir

Gəzdikcə, regionları dəyişdikcə, mətbəxtlərdə bişən yeməklər də fərqli olur. Bu arada, tortilyanın dadı hələ də damağımdadır ?

Santiagoya yaxınlaşdıqca isə dəniz məhsulları sevənlərin gözəl günləri başlayır. Ağlınza gələn və gəlməyən dəniz məhsullarından dadmaq imkanınız olacaq. Qiymətlər isə kiçik şəhər və kəndlərdə o qədər də baha deyil, cibinizə uyğun menü tapa biləcəksiniz.

Menü demişkən, hər kənd və şəhər kafe-restoranlarında xüsusi “piliqrim” menusu olur. Qiyməti 10-13 avro arası dəyişir. Menüdə isə birinci-ikinci yemək, desert və içki təklif olunur. Desertdə dondurma və yaxud hər hansı bir şirniyyat götürə bilərsiniz. İçkilər arasında isə şərab, “sangria” (adi qırmızı şərabın meyvə və meyvə şirəsi ilə qarışdırılaraq, içinə buz, limon qoyulmuş forması) və ya adi su seçmək imanınız olacaq.

07 1024x576 - 715 km piyada: El Camino de Santiagoya gedən ilk azərbaycanlı
Kənd və şəhər kafe-restoranlarında xüsusi “piliqrim” menusu olur

P.S. Puerto da Lereina eşitidiyimə görə “sangria”nın məkanıdır və şəxsi təcrübəmə görə bu içki, orada daha dadlı idi. Mütləq dadını baxın!

Santiaqoya çatdığınızda isə hansı hissləri keçirdiyinizi bizimlə də paylaşarsınız. Hamı fərqli hisslər yaşayır – kimisi keçirdiyi hisslərdən ağlayır, kimisi çox xoşbəxt olur, kimisi də mənim kimi müəyyən bir boşluq hissi keçirir:

05 1024x768 - 715 km piyada: El Camino de Santiagoya gedən ilk azərbaycanlı
Pamplonada öküz yarışları çox məşhurdur. Maraqlanırsınızsa, daha öncədən oyunun təqvimlərinə baxıb özünüzü ora çatdıra bilərsiniz

“Bu da finiş! Çatdım, yol bitdi!” Dostlarla qucaqlaşıb, bir-birimizi təbrik edib, duyğularımızı bölüşdük. Məlum oldu ki, bu hissləri keçirən tək mən deyiləm…

Daha güclü emosiyaları isə ümumən İspaniyanı tərk edib, istirahət üçün getdiyim Portoda yaşadım. Orada dəqiq anladım ki, ancaq təbiətdə olmaq istəyirəm, müxtəlif peşə sahiblərini, müxtəlif arzuları, planları olan insanları birləşdirən həmin yola geri qayıtmaq istəyirəm.

Metroda artıq nəfəs ala bilmədiyimi görüb, özümü hostelə atmaq üçün piyada getməyi qərara aldım. Elə bu fikirlərlə, gözü dolu şəkildə şəhərdə gəzərkən qarşımda işıq dayağına çəkilmiş sarı ox işarəsi çıxdı.

“CAMİNO?”

Bir az daha irəlilədim və bir neçə metr yenidən bu işarəylə qarşılaşdım. Camino-ya gedən yolu göstərirdi.

Portodan da Camino yoluna çıxmaq mümkündür. İki həftəyə Santiago de Compostelaya çatacaqsınız, yol boyu isə yol yoldaşınız Atlantik Okeanı və gözəl landşaftlar olacaq.

P.S. Santiago-dan sonra keçmişdən bu yana Atlantik Okeanın sahillərində yerləşən “Dünyanın son nöqtəsi” adlanan iki müxtəlif yerlərə də getdim. Oralar haqqında isə növbəti yazıda ?

Bu yazını “Səyahətçi” izləyiciləri üçün müstəqil jurnalist Gülnar Səlimova hazırlayıb.