English (US) Русский Azəricə Türkçe
Hər şey daxil Maraqlı

Ankaranın “dənizi” – Gölbaşı ərazisindən REPORTAJ, FOTOLAR

Ankaranın dənizdən kənarda yerləşməsi, buranı  turistlik ərazi baxımından qoca İstanbuldan geri salan arqumentlərdən biri kimi xarakterizə olunur. Lakin dənizi olmasa da Türkiyənin paytaxtında dənizi haradasa əvəzləyən böyük göl var. Türkiyədə Gölbaşı kimi də adlandırılan Mogan gölü sahilinə gedib, buradakı ümumi vəziyyətlə tanış olduq.

Mogan gölü Ankaranın 25 kilometr cənubunda olan Gölbaşı mahalında yerləşir. Məlumatlara görə, gölün orta dərinliyi 2.80-5 metr, uzunluğu 4 km, eni isə 1250 m-dən çoxdur. Gölün ətrafında park salınıb ki, burada da uşaqların əylənməsi üçün müxtəlif qurğular, böyüklərin istirahət etmələri üçün skamyalar, oyun əraziləri və eyni zamanda  kafelər yerləşir. Parka giriş isə pulludur və qiymətlər nəqliyyat vasitəsinin növündən asılı olaraq 3-9 manat arasında dəyişir.

Göl ətrafında yerləşən kafelərin sahibləri əksər hallarda obyektlərinin qarşısında dayanıb, müştəriləri çağırmaqla məşğuldurlar. Onlar kafedə bişirilən yeməklərin adlarını sadalayıb, qiymətlərdə endirim edəcəklərini vurğulayırlar. Bir-birilərinə yaxın yerləşdikləri üçün burada ilk olaraq ən aktiv olan, dayanmadan səsli reklamını edən kafe sahibi müştərinin diqqətini çəkə bilir. Qiymətlərə gəlincə isə Ankaranın digər yerləri ilə müqayisədə burada hər şey bahadır. Məsələn, insanların ən çox sifariş verdikləri somavar çayı, burada 10 manatadır. Yanında əlavə nə isə istədikdə isə qiymət təxminən 2 dəfə bahalaşır.

Gölbaşına xüsusilə həftə sonları xeyli sayda insan gəlir. Onların arasında turistlər çox olsa da, bura əsasən elə ankaralıların istirahət məkanı kimi xarakterizə olunur. Kafe sahibləri ilə söhbətimiz zamanı öyrəndik ki, Mogan gölündə ötən ildən etibarən ciddi təmizləmə işləri başlanılıb. Göldə xüsusi gəmi gəzərək, palçığı, çirklənmiş əraziləri, yabanı otları təmizləyir. Eyni zamanda göl ətrafında yerləşən parkda da yenidənqurma işləri davam etdirilir. Düşünülür ki, bütün bunların nəticəsində qısa müddət sonra bura gələn turistlərin sayı daha da artacaq.

Onu da qeyd edək ki, ərazi təkcə turistlik baxımından əlverişli deyil. Eyni zamanda Mogan gölü bir çox balıq və quş növünə də ev sahibliyi edir. Bildirildi ki, burada təxminən 160 quş növü var. Ona görə də gölün son zamanlar təmizlənməsi, həm də balıqların çoxalması baxımıdan əlverişli şərait yaradıb.

Ankaranın dalğalı gölünün suyu bir qədər duzludur. Mogan gölü Eymir gölü ilə də əlaqəlidir. Belə ki, Sukəsən, Başpınar, Gölova, Yavrucak ve Çolakpınar kimi toplam 11 dərə ilə qidalanan Mogan gölü, Eymir gölü  ilə Ankara və Konya yolunun altından da keçməkdə olan bir kanalla  bağlıdır.

Gölün ərazisi kifayət qədər geniş olsa da, burada çimməyə icazə verilmir. Bunun üçün ərazidə xüsusi xəbərdarlıq lövhələri də vurulub. Eyni zamanda göl ətrafında mühafizəçilər gəzərək, ətrafa nəzarət edirlər. Lakin göldə gəzinti üçün gəmi və su velosipedləri var. Bunlar da təbii olaraq pulludur. Məsələn, 4 nəfərlik su velosipedinin 30 dəqiqəsi 10 manatadır. Müştəri olmayan ərəfədə məcbur qalıb 1 saatını da 10 manata verirlər.

Əli Rais,
Musavat.com,

 

About the author

Aile Travel

Add Comment

Click here to post a comment

Your email address will not be published. Required fields are marked *