English (US) Русский Azəricə Türkçe
Faydalı Maraqlı

ART TİME: Dünyanın əbədi “Kino əfsanəsi” – Miloş Forman

Leyla Əsədullayeva

Modern.az saytı “Art Time” adlı yeni rubrikaya start verir. Bu rubrika mədəniyyət və incəsənət sahəsini əhatə edəcək. Beləliklə…

Haqqında danışacağım kino əfsanəsi Avropada doğulmasına baxmayaraq, Amerika və dünya kino tarixinə düşməyi bacarmış, çəkdiyi filmləri ilə hələ sağlığında “Kino əfsanəsi” adını almışdı…

14 aprel 2018-ci ildə gözlərini dünyaya əbədi yuman, bu kino dahisi haqqında Amerikanın ən nüfuzlu jurnallarından biri olan “Forbes” belə bir başlıqlı məqalə dərc etmişdi: “Miloş Forman haqqında dünəndə danışmaq xətadır… O hər zaman xatırlanır…”.

Miloş Forman – bu ad dünya kino sevərlərinə yaxşı tanışdır. 1932-ci il fevralın 18-də Çexoslovakiyada yəhudi ailəsində doğulan Miloş, kiçik yaşlarında İkinci Dünya Müharibəsində valideyinlərini itirmişdi. Böyük çətinliklərlə qarşılaşsa da, məhz yaratmaq istəyi onun yaşamaq həvəsini heç zaman qıra bilməmişdi. Məhz bu istək və təkbaşına həyatda apardığı mübarizə, ona rejissor kimi iki dəfə “Oscar” mükafatını qazandırmışdı.

Yaşamaq uğrunda mübarizəsini təkbaşına davam etdirən Miloş Forman Praqa İncəsənət Akademiyasının Kino rejissorluğu fakültəsini əla qiymətlərlə bitirir. Maddi durumu aşağı olduğu üçün Miloş Forman ilk iş fəaliyyətinə ssenarist kimi başlayır. Çexoslovakiyanın müxtəlif televiziyalarında ssenarist kimi çalışan Miloş Formanın öz filmini çəkmək arzusu hər keçən gün daha da artırdı. 1963-cü ildə o, “Müsabiqə” adlı ilk sənədli filmini çəkir. Film gənc musiqiçilərin acınacaqlı həyatından, qarşılaşdıqları maneələrdən və sənət mübarizəsindən bəhs edirdi. Gənc musiqiçilər nə qədər çətinliklə qarşılaşsalar da, heç zaman sənətlərini yaşatmaq arzularından əl çəkmirdilər. Mən filmdəki gənclərin bu yaşam və sənət mübarizəsini bilavasitə, Miloş Formanın öz həyatı ilə əlaqələndirirəm. Çünkü o, qarşılaşdığı bütün çətinliklərə məhz sənət sevdası, sənət arzuları ilə sinə gəlirdi. Bu arzular onu keçmişdən gələcəyə usanmadan daşıdı.. Bu arzular onu, sənət dahisi, hələ sağlığında “Kino əfsanəsi” etdi…


Çex dalğaları…

1965-ci ildə Miloş Formanın çəkdiyi “Çex dalğaları” filmi Çexoslovakiya kinosu ilə bərabər müəllifinin də həyatını kökündən dəyişdi. Film qısa zaman ərzində xeyli izləyici kütləsi topladı. Məhz bu film Çexslovakiya kinosunda inqilabi bir hadisə, rejissoru Miloş Forman isə “Yeni film” cərəyanının lideri olmuşdu. Filmdə Çexoslovakiyanın sosial və siyasi həyatından bəhs olunurdu. Filmdə sosialist estetikası və Çex ədəbiyyatı, Çex adət-ənənələri qarşılaşdırılırdı.

 

Avropadan Amerikaya Gedən Yol

Gənc rejissorların bir çoxunun ən böyük xəyalı Amerikada çalışmaqdır. Miloş Formanın isə ağır və keşməkeşli həyatında Amerikaya gedən yaradıcılıq yolu tam fərqli xarakter daşıyır. Sənətini inkişaf etdirmək onun ən böyük arzusu olsa da, qəfildən Amerikaya getməyə məcbur olur. 1968-ci ildə, Miloş Forman yeni bir film üzərində işləməyi düşünür. Filmin layihəsini yazıb, Fransa Film Fonduna yollayır və ideya fond tərəfindən bəyənilir. Danışıqlar üçün Fransaya yollanan Miloş, qəfildən Sovet Ordusunun Çexoslovakiyaya daxil olması xəbərini alır, Fransadan vətəninə qayıtmadan, birbaşa Amerikaya yollanır və kino karyerasını Amerikada davam etdirir..


Qu quşu yuvası üzərindən uçarkən

Dünya kinosunun dahi rejissoru Miloş Formanla tanışlığım məhz bu filmə təsadüf edir. Bir gün “Oskar” alan filmləri incələyərkən, təsadüfən bu filmlə qarşılaşdım. Öncə filmin adı məni cəlb etdi. Daha sonra isə izləməyə başladım.

Düşünürəm ki, əbədi bir sənət əsəri yaratmaq, əbədiyyətə qovuşmağın özüdür. Film həqiqətən böyük bir sənət əsəridir. Təsadüfü deyil ki, ekran əsəri yayımlandıqdan sonra, beş nominatsiya üzrə “Oskar” və “Qızıl” qlobus mükafatlarına layiq görülür. Film Ken Kizinin eyni adlı romanı və Delya Uasserminin eyni adlı povesti əsasında ekranlaşdırılıb. Povest eksiztensialist məzmunda yazılmışdı. Ekran işi Amerika kino inciləri konteksində olmasına baxmayaraq, həmçinin eksiztensialist məzmunlu film incilərindən biri kimi də qəbul olunmuşdu.

Filmdəki hadisələr psixiatrik xəstəxanada baş verir. Cinayətkar Mak Merfnin ruhi xəstə olduğundan şübhə edən polislər, onu ruhi xəstəxanaya gətirirlər və bununla da psixiatrik xəstələrin həyatı dəyişməyə başlayır. Merfi filmdə azadlığın simvolu idi. O, işçilərin zülmünə dözən xəstələrə, yeni həyat bəxş edir, onlara basketbol oynamağı, televizora baxmağı öyrədir. Hətta xəstələri oradan qaçırıb, özü ilə balıq tutmağa aparır. Xəstələr hər gün qəbul etdikləri çoxlu sayda olan dərmanlardan imtina edirlər. Filmdə olan digər baş obraz tibb bacısı Retçid isə zorakılığın və zülmün simvolu kimi təsvir olunur. Filmin əsas mövzusu bilavasitə Miloş Formanın həyatı ilə bağlı idi. Həyatının devizi olan azadlığı, zülmə, ədalətsizliyə qarşı mübarizəni heç kim onun qədər gözəl təsvir edə bilməzdi. Çünkü Miloş faşit düşərgəsində ailəsini itirdikdən sonra həyatda təkbaşına mübarizə aparmışdı. Bəlkə də elə bu səbəbdən rejissor bu cür dahiyanə bir film ekranlaşdırmağı bacarmışdı. Ekran əsəri ilk dəfə 1975-ci ildə Çikaqo Film Festivalında nümayiş olunub.


“Bir zamanlar…”

Miloş Forman mənəvi və fiziki azadlığın tərəfdarı idi. İnsanın aliliyi, ideallığı təkcə bir cəmiyyətlə mübarizədə qalib gəlməsi, onun filmlərində mütləq olaraq əks olunub. “Bir zamanlar” (“Ragtime”) filmi 1981-ci ildə ekranlaşdırılmışdı.Əsər qaradərili pianistin sinfi cəmiyyətlə mübarizəsini əks etdirir. Filmdəki hadisələr ecazkar bir musiqi növünün fonunda baş verir. “Ragtime” 1895-1918-ci illərdə məşhur olmuş, daha sonra məşhurluğunu itirmiş, pianoda ifa olunan musiqi növüdür. Filmdə musiqiyə geniş yer vermək Miloş Formanın bir rejissor kimi yüksək həssaslıqla musiqi duyumunun da olduğunun göstəricisidir. Ekran işi Edqar Laurens Doktoronun 1975-ci ildə yazdığı eyni adlı novellası əsasında lentə alınmışdı.

“Amadeus”

“Amadeus” filminə görə Miloş Forman rejissor kimi ikinci dəfə “Oskar” mükafatına layiq görülüb. Film ümumilikdə səkkiz nominatsiya üzrə “Oskar” mükafatı qazanıb. Əsər Avropanın yetişdirdiyi dünya şöhrətli bəstəkar Volqanq Amadeus Motsart haqqında çəkilib. Film digər avstriyalı bəstəkar Antonio Solorinin Motsarta qarşı riyakarlığından bəhs edir. Antonio Solori dövrünün məşhur bəstəkarı olsa da, Motsartın istedadı və heyrətamiz bəstələri qarşısında öz məşhurluğunu itirməyə başlayır. Bu da öz növbəsində şəxsi mübahisəyə səbəb olur. Filmdəki hadisələr Antonio Salarinin dilindən cərəyan etməyə başlayır. Həyatda Motsartın ölümü müəmmalı olsa da, film başladığı andan etibarən, bu bəstəkar peşman halda Mozartı öldürdüyünü etiraf edir.

Ölüm Miloş Forman üçün cismani əhəmiyyət daşımırdı. O, istedadlı bir insanın ölümünü etinasız bir cəmiyyətdə və paxıl, riyakar insanlarda görürdü. Günəşə hansı tərəfdən baxsan da, günəşdir. O, öz təbiiliyini və nurunu itirmir. Motsart da dünya musiqisinə Avstriyadan bir günəş kimi doğmuşdu. Bu günəşi söndürən isə onun yaxın dostu, sənət yoldaşı, bəstəkar Antoni Salari idi. Salari Motsartı cəmiyyətdən uzaqlaşdırmaqla, ona açılan bütün qapıları bağlamaqla, səfil həyata düçar etməklə öldürmüşdü. Filmdə Motsartın bəstələrinə geniş yer verilib. Bu dahi bəstəkarın sənətdəki uğurlarıyla yanaşı, şəxsi həyatındakı uğursuzluğunun təsviri filmə rəng qatan detallardan biridir.


“Qoyanın kabusları”

Həyatın amansız oyunu, ağır sınaqları bəzi insanları tamamilə sıradan çıxarır. Bəzi insanları isə daha güclü, daha qətiyyətli edir. Miloş Forman da belə qətiyyətli və güclü insanlardan idi. O hələ uşaqlığından həyatda təkbaşına mübarizə aparmağı öyrənmişdi. Uşaqlığından onu narahat edən bir mühüm problem var idi. O problem ki, onun valideyinlərini əlindən almışdı. O problem ki, məhz ona görə hələ uşaqkən faşist düşərgəsində ağır işgəncələrə məruz qalmışdı… Miloş bu problemi sözügedən ekran əsərində qətiyyətlə ortaya qoymuşdu. Filmin əsas mövzusu Miloşu uşaqlıqdan narahat edən,- yəhudilik problemi idi. Yəhudilik təriqətinə etiqat etdiyi üçün əzilən insanları, məhz bu filmində dahi rejissor ustalıqla canlandırıb. O göstərib ki, bu problem uzaq keçmişdən bugünə kimi gəlib çatan bir problemdir.

Filmdəki tarixi hadisələr 1746-1828-ci illərdə yaşamış məşhur ispan rəssamı Fransisco Qoyanın ətrafında baş verir. Qoyanın özəlliyi onun qeyri-adi bir rəssam olmasında idi. O, insan portretini yaradarkən, onun mənəvi keyfiyyətlərini də insanın üzündə əks etdirirdi. Bu isə dövrünün insanları tərəfindən təəccübə səbəb olurdu. Qəhrəmanının timsalında dahi rejissor insanları saflığa və mənəvi yüksəkliyə səsləyirdi.

İspaniyada yaşayan bir tacirin gözəl qızı -İnes, qəfildən kilsə tərəfindən həbs olunur. Buna səbəb kimi kilsə İnesin bayram şənliklərinin birində donuz əti yeməməyini göstərir. İnesi gizli olaraq Yəhudi təriqətinə etiqad etməkdə günahlandırır. Bununla da gənc qız Napoleonun İspaniyaya hücumuna qədər – 20 il müddətində həbsxanada qalır. Bütün bu ədalətsizliklər məhz Qoyanın gözü önündə baş verir. Məzlumların ahı, günahkarların günahı, rəssamın qulaqlarında uğultuya çevrilir və o, əbədi olaraq heç nə eşitmir. Filmdə baş rollarda Natali Portman, Xavier Bardem kimi məşhur aktyorlar çəkiliblər.

Miloş Forman yaratdığı filmlər, yazdığı ssenarilər, bədii-esttetik zövqü, filmlərində ortaya qoyduğu ümumbəşəri ideyalar, fərqli mövqeyi ilə, əbədi olaraq dünya kinosunda, kinosevərlərin yaddaşında, dünya incəsənətində yaşayacaqdır. Onun dünya kinosundakı xidmətləri danılmazdır…

About the author

Aile Travel

Add Comment

Click here to post a comment

Your email address will not be published. Required fields are marked *