English (US) Русский Azəricə Türkçe
Faydalı Hər şey daxil

Azərbaycana gələn turistlərin ən çox narazı olduğu hallar – SORĞUnun nəticələri

“Xarici ölkələrdən Azərbaycana gələn turistlərin böyük əksəriyyəti ümumən buradan razı gedirlər, yəni ümumən neqativ fikirdə deyillər. Amma onların arasında bəzi şeylərdən narazı qalanlar da var”.

Bu barədə Milli.Az-a açıqlamasında Milli Turizm Təbliğatı Bürosunun mətbuat katibi Kənan Quluzadə deyib.

Büronun sözçüsü turistlərin əsasən narazı qaldığı həmin məqamları da açıqlayıb: “Biz ölkəmizə gələn turistlərin bir qisminin arasında sorğu keçirmişik. Birincisi, turistlər deyiblər ki, yerli əhalinin ingilis dilini zəif bilməsi onlar üçün sıxıntı yaradıb. İkinci əsas narazılıq nəqliyyatda, xüsusən taksi sürücülərinin yalanları və fırıldaqçılığıdır.

Onlar həmçinin animatorların sayının azlığından şikayət ediblər. Yəni turistlərin fikrincə, burda onlar üçün əyləncələr azdır. Bundan əlavə, problemlərdən biri bələdçilərin azlığı və keyfiyyəti məsələsidir. Eləcə də “rent a car”, yəni turistlərin avtomobillərin icarəyə götürməsi, belə xidmətin göstərilməsi ilə bağlı problem var. Turistləri narahat edən digər məsələlərdən biri isə ictimai tualetlərin, ayaqyoluların az olması, bəzi yerlərdə isə ümumiyyətlə olmamasıdır. Lakin bu problemin aradan qaldırılması üçün artıq konkret təklif verilib və yəqin ki, onun köklü həlli üçün işlər görüləcək”.

Mətbuat katibi qeyd edib ki, əslində bunların heç biri sistemli, ciddi problem deyil: “Bütün bu problemlər, çatışmazlıqların hamısı əslində düzələn şeylərdir. Ümid edirik və biz çalışırıq ki, bütün bunlar yaxın zamanlarda həllini tapsın”.