English (US) Русский Azəricə Türkçe
Faydalı Hər şey daxil

Bakı-Gəncə sürət qatarı yolda qaldı – Sərnişinlərlə kobud davranış…

Bakı-Gəncə sürət qatarı yolda dayanıb.

Minval.info xəbər verir ki, hadisə qatar Bakı istiqamətində hərəkət edərkən Kürdəmir rayonu ərazisində səhər saatlarında baş verib. 20 dəqiqə dayanan qatar sonradan hərəkətini davam etdirib.

Saytımıza bu barədə məlumat verən və hazırda qatarda olan sərnişinlər deyiblər ki, vaqonlarda isitmə sistemi normal işləmir: “Qatar yolda qaldı. 20 dəqiqə yolda qaldıqdan sonra enerji gəldi qatar hərəkətə başladı. Vaqonların içərisi buz kimi oldu. Hamı kurtkada, papaqda oturub.

Bu azmış kimi kondisioner sistemini tənzimləyə bilmirlər, yuxarıdan buz kimi hava üfürür. Bir neçə dəfə sərnişin olaraq irad bildirdik, amma ciddiyə almadılar. Ən sonda qatarın maşinisti gəldi və kobud səslə dedi ki, “Kimin xoşu gəlmir yerini dəyişsin”. Kobud danışa-danışa getdi yerinə. Bələdçi xanımlardan ad və soyadını soruşsaq da cavab verməkdən imtina elədilər.

“Azərbaycan Dəmir Yolları İdarəsi”nin mətbuat katibi Sevinc Qədirova “minval.info”ya bildirib ki, belə halın baş verməsi mümkün deyil: “Qatarların işçi heyətinin sərnişinlərlə davranışına Cavid müəllim ciddi nəzartə edir. Əminliklə deyə bilərəm ki, belə halın baş verməsi mümkün deyil. Hər kəsdən sərnişinlərlə maksimum dərəcədə nəzakətlə davranmaqları tələb olunur. Hələ ki, bu yeni xəttə buraxılmış qatarlardır və orada da tam təlim keçmiş işçi heyəti cəlb olunub.

Ötən gün küləkli hava ilə bağlı elektrik xətlərində problem yaşanıb. Yeni sürət qatarlarının az müddətdə də olsa dayanmasına səbəb budur. Problem qısa müddət ərzində aradan qaldırılıb. Qatar 8 dəqiqə gecikmə ilə Bakıya çatıb”.