English (US) Русский Azəricə Türkçe
Faydalı Maraqlı

Bakı zooparkından bir gün – heyvanat bağçasından qeydlər

Paytaxta gələn turistlərin də tez-tez baş çəkdiyi heyvanat bağçasının “sakinləri” pis yaşamır:  dəvə gündə 10 kq ot, şir 8 kq ət yeyir…

Hazırda yay mövsümünün ən qızğın çağını yaşayırıq. Təbii ki, insanlar üçün isti havada qalmaq, gəzmək çox çətindir. Bəs maraqlıdır, Bakı zooparkında heyvanlar bu cür istidə necə yaşayır, necə bəslənilir?

“Yeni Müsavat”ın əməkdaşları kimi bu suala cavab tapmaq üçün Bakı Zooloji Parkında olduq. İlk öncə məlumat verək ki, bu zooparkın əsası 1942-ci ildə, Bayıl qəsəbəsində kiçik bir canlı guşədə yaradılıb. Daha sonra isə ötən əsrin 80-ci illərində 1 hektar ərazidə fəaliyyət göstərib. Bu gün zooparkın ərazisi 4,25 hektardır. Zooparka giriş 2 yaşına qədər olan uşaqlar üçün pulsuz, 10 yaşa qədər 1 manat, böyüklər üçün isə 2 manat dəyərindədir. Təxminən saat 11 radələrində parka girib, burada olan şərait və durumla maraqlandıq. Səhər saatlarına baxmayaraq zooparkda artıq çoxlu sayda ziyarətçilər var idi. Onların arasında xarici turistlər, xüsusən də müxtəlif ərəb ölkələrindən gələnlər daha çox üstünlük təşkil edirdi.

Qeyd edək ki, ümumilikdə zooparkda 168 növə aid olan 1193 başdan çox heyvan, quş, sürünən və balıqlar daxildir, o cümlədən 47 növə aid 193 baş məməli heyvan, 70 növə aid 400 baş quş, 11 növə aid 34 baş sürünən, 2 növə aid 4 baş suda-quruda yaşayan, 38 növə aid 562 balıq saxlanılır. Həmçinin burada Afrika aslanı, Amur pələngi, yaquar, bəbir, qırmızı canavar, Arktika canavarı, Şotland ponisi, yallı qoyun, Avropa cüyürü, pavian qamadril, tirəndaz, adi iriburun yenot, uçan Misir iti, Nil timsahı, Afrika dəvəquşu, ara tutuquşuları, həmçinin Azərbaycan faunasına aid bütün növdə quşlar, adları “Qırımızı Kitaba”a düşümüş ceyran, Dağıstan turu, nəcib maral, qırımızı canavar görmək olar.

Zooparkı gəzdikcə insana elə gəlir ki, heyvanlar darısqal qəfəsdə çox sıxılır, insanlardan küskündürlər. Bəzi heyvanlar istidən yuvalarından çıxmaq istəmirdilər. Doğrudur, ciddi bir natəmizliyə rast gəlməsək də, bir çox heyvanların, o cümlədən dəvə, ayıların qəfəsinə iy-qoxudan yaxınlaşmaq mümkün deyildi. Əksəriyyət qəfəslərin üzərində “yemləmək qadağandır” sözləri yazılmış lövhələr asılsa da, ziyarətçilər və uşaqlar bu qaydanı pozaraq əlindəki “çips” və ya şirniyyatları heyvanlara atır, onları yemləməyə cəhd göstərirdilər. 13 yaşlı Türkiyə vətəndaşı Kəbil bunu heyvanları sevdiyi üçün etdiyini dedi:

“Bunu pis niyyətlə deyil, heyvanlara yazığım gəldiyi üçün və maraq xatirinə edirəm”. Kəbil onu da qeyd etdi ki, bundan əvvəl Amerikada zooparkda olub və oradakı Bakının Zooloji Parkı ilə müqayisədə xeyli fərqlidir:

“Orada heyvanlara daha yaxşı baxırlar, yemləyirlər, qaldıqları ərazi xeyli genişdir. Burada isə sanki heyvanlara az diqqət edilir. Bakı zooparkının müsbət tərəfi ondan ibarətdir ki, şəhərin mərkəzində yerləşir, bu səbəbdən hər kəs tez-tez bura ziyarətə gələ bilir. Ən maraqlısı isə burada tapılmayan heyvanlar, quşlar var. Məsələn, şahinlər, çaqqallar, tülkülər var”.

Ləman adlı ziyarətçi də kələm soyaraq azyaşlı övladı ilə birgə keçi və dovşanları yemləyirdilər. Gənc qadın övladının dünya görüşünün artması, heyvanları canlı görərək, onları sevməsi üçün tətillərdə bura gəldiyini dedi:

“Ümumilikdə bura gözəldir. Daha çox quşları bəyənirəm. Uşaq isə daha çox tısbağaya, keçiyə maraq göstərir”.

Ziyarətçi zooparkla bağlı gileylərini də gizlətmədi:

“Çox istərdik ki, ərazi daha geniş olsun, heyvanlar da yazıqdır, onlar da rahat yerdə qalardı. Həmçinin görürük ki, heyvanlar quru torpağın üstündədir. Onu yaşıllıqla əvəzləsələr daha yaxşı olardı”.

Küveytdən olan Amin adlı turist ilk dəfədir ki, Bakı zooparkında olduğunu, buradakı heyvanların, quşların çox böyük maraq kəsb etdiyini bildirdi.

Bakı sakini, Altay adlı ziyarətçi də ailəsi ilə birgə tez-tez zooparka gəldiyini dedi:

“Bura uşaqlar üçün çox maraqlıdır. Yalnız heyvanlardan gələn iy uşaqlara pis təsir edir. Ümumilikdə isə hər şey yaxşıdır”.

Ziyarətçilərdən heyvanları qıcıqlandırmağa çalışanlar da var idi. Bir gənc oğlan əlinə ağac çubuğu alaraq gah ayını, şiri, gah da digər heyvan və quşları vurur, onları qıcıqlandırırdı. Hətta zoopark işçisi “Əlindəki ağacı at, bu həm sənə, həm də bizə problem yarada bilər” desə də, gənc öz əməlinə davam etdirir, sanki bundan həzz alırdı.

“Bu insana layiq olmayan, yaraşmayan bir hərəkətdir. Hətta kənar adamlar da bunu görəndə deməlidir ki, heyvanları vurmayın, onları qıcıqlandırmayın. Onlar dil bilmir, şüurlu deyil”. Bu sözləri zooparkın direktoru Azər Hüseynov “Yeni Müsavat”a danışarkən bildirdi. Direktor heyvanların kənardan yemlənməsinin də doğru olmadığını dedi: “Əslində heyvanların kənardan yemlənməsinin qadağan olunması ilə bağlı lövhələr var. Bəlkə də dovşana kələm vermək olar. Lakin bəzən görürük ki, şir, pələngə konfet, şirniyyat atırlar. Axı həmin heyvanlar bu cür qidalar yemir. Əvvəllər bu cür hallar çox olurdu. Lakin mətbuatda, mediada maarifləndirici işlər aparıldıqdan sonra bu cür hallar azalıb”.

Fürsətdən istifadə edib zooparkın hazırkı durumu, heyvanların yaşayış şəraiti ilə maraqlandıq. Direktor ilk əvvəl zooparkdakı natəmizlik və xoşagəlməz qoxu ilə bağlı narazılıqlara cavab verdi:“Mən bununla razılaşmıram. Gəlin mənə natəmiz qəfəs göstərin, sizinlə razılaşım. Hər gün bütün qəfəslər təmizlənir. Əvvəlcə heyvan volyerə çıxarılır, qaldığı yuva təmizlənir, daha sonra heyvan yuvaya salınır, volyer təmizlənir.

Qoxuya gəldikdə isə, bildiyiniz kimi, bir çox heyvanların, ələlxüsus da şirin, ayının, canavarın özünəməxsus qoxusu olur. İsti havada onlara bir qədər yaxın olduqda külək onların qoxusunu ətrafa yayır.

Bir dəfə bir jurnalist buradan reportaj hazırlayarkən yazmışdı ki, zooparkda ayını, şiri çimizdirmirlər, qoxusu var. Bildirim ki, bütün heyvanların volyerində mini də olsa hovuz var. Heyvanlar yuyunmaq üçün və yaxud isti havada sərinlənmək üçün həmin hovuza girirlər. Eyni zamanda onu da qeyd edim ki, pişikkimilər nəslindən olanlar özləri özlərini təmizləyir. Yəni onları yuyundurmağa ehtiyac qalmır”.

Bəs görəsən, heyvanların yuvasını təmizləyən əməkdaşlar hansısa təhlükə ilə rastlaşıbmı?

Azər Hüseynovun sözlərinə görə, zooparkın bu günə qədər olan fəaliyyəti dövründə hələ ki bu cür xoşagəlməz olay yaşanmayıb, nə də ki, hansısa heyvan qəfəsdən qaçmayıb: “Şükürlər olsun ki, 20 ildən çoxdur burada çalışıram, lakin burada heyvanlar qaçmayıb. İlk növbədə ciddi surətdə təhlükəsizlik qaydalarına riayət edirik. Hər 3 aydan bir işçilərimizə təhlükəsizlik qaydalarını yenidən xatırladır, təlimatlandırırıq. Əgər kimsə işə yuxusuz gəlsə və yaxud işinə biganə yanaşsa, ani bir saniyədə faciə yaşana bilər. Bu zaman işçini həmin an ayının və yaxud pələngin pəncəsindən qurtarmaq mümkün olmaya da bilər. Çox sevindiricidir ki, hələ ki bu cür faciə yaşamamışıq. Əgər elə bir təhlükə olarsa həmin an tədbir görülər. Burada hər bir anın, dəqiqənin öz hökmü var. Ona görə də təhlükəsizlik qaydalarına riayət etmək lazımdır”.

Azər Hüseynov bildirdi ki, bəzən valideynlər öz övladlarının həyatını təhlükəyə qoyaraq, onları heyvanlara çox yaxın buraxmağa çalışır: “Artıq bu cür hadisələr sıfıra enib. Əvvəllər meymunların uşaqların əllərini dişləməsi olayı yaşanırdı. Gördüyünüz kimi, indi hər bir meymunun qəfəsinin önündə barel var. Təsəvvür edin ki, əvvəllər valideynlər o bareli keçib uşaqları önə keçirirdi və nəticədə uşaqlar meymuna konfet və yaxud başqa qida vermək istəyəndə meymun uşağın barmağını üzürdü. Bu cür hadisələr dəfələrlə olub. Lakin qeyd etdiyim kimi, son 5-6 ildə demək olar ki, belə hadisələrin sayı sıfıra enib”.

A.Hüseynov onu da bildirdi ki, zoopark 1995-ci ildən “Avrasiya Regional Zooparklar və Akvariumlar Assosiasiyası”ın üzvüdür. Beləliklə, xarici zooparklarla əməkdaşlıq edilir, heyvan növlərinin artırılması üçün mübadilələr aparılır: “Məsələn, ötən ilin sentyabr-oktyabr ayında Daşkənd zooparkından bizə erkək yallı qoyun gətirilib, hansı ki, bizdə bir dişi yallı qoyun var idi və tək idi. Həmçinin bizdə bir tək erkək lama var idi, Gürcüstandan bu yaxınlarda iki baş dişi lama gətirdik. Lama var idi, erkək idi. Dağıstan turu da bizdə bir tək dişisi idi, Moskvadan bir erkək və bir dişi Dağıstan turu gətirdik. Artıq qəfəsdə iki baş bala da almışıq. Eyni zamanda Moskva zooparkından xalçaya bənzər ilan gətirmişik və sairə”.

Bakı zooparkı ile ilgili görsel sonucu

Direktor onu da əlavə etdi ki, bu il zooparkda doğulan heyvanlar da var. Bunlar dəvəquşu balası, uzunquyruq meymun balaları, iki baş nəcib maral balası, bir baş ponin və dekorativ cırtdan keçisi balalarıdır. Dekorativ cırtdan keçinin əkiz balaları bir həftə bundan əvvəl doğulub və zooparkın ən gənc sakini hesab olunur. Ən qoca sakin isə 35 yaşlı dəvə və 30 yaşlı Amerika ayısıdır. Ən az yeyən canlı dalğavari tutuquşudur, o, gündə təxminən 5-10 qram qida qəbul edir. Ən çox yeyən isə dəvədir, gündə 10 kq ot yeyir. Şir isə gündə 8 kq-a qədər ət qəbul edir.

İsti havada heyvanların qida menyusuna gəldikdə isə direktor bildirdi ki, adətən yay mövsümündə heyvanlara daha çox meyvə-tərəvəz verilir: “Bildiyiniz kimi, qış mövsümündə meyvə-tərəvəz bol olmadığı üçün, həmçinin havaların soyuq keçməsi və digər məsələlərlə bağlı heyvanlara əlavə vitamin verməli oluruq. Yayda isə bolluca meyvə-tərəvəz verilir”.

Ä°lgili resim

Direktorla söhbətimizdən məlum oldu ki, orta hesabla gün ərzində zooparka 100, şənbə-bazar günlərində isə 300-ə yaxın ziyarətçi gəlir. Son vaxtlarda isə ərəb ölkələrindən, Rusiyadan və digər ölkələrdən çoxsaylı turistlər də zooparka gəlib, heyvanlarla maraqlanır:

“Hazırda gördüyünüz kimi, zooparkın ətrafında tikinti işləri aparılır. Gələcəkdə zooparkın ərazisi genişləndiriləcək. Bununla da heyvanlar darısqal deyil, daha geniş qəfəslərdə yaşaya biləcək. Bundan sonra gələn ziyarətçilərin də sayının 2-3 dəfə artacağını düşünürük”.

Direktor sonda bəzi ziyarətçilərdən gileyləndi:

“Gördüyünüz kimi, ətrafda zibillər var. Bunu ziyarətçilər edib. Halbuki zooparkda çoxlu sayda zibil qutuları var. Ziyarətçilər əlindəki zibilləri həmin qutulara atmaqdansa, zooparkı çirkləndirirlər. Bu isə yolverilməzdir”.

Xalidə GƏRAY,
Elçin ƏKBƏROV,
“Yeni Müsavat”