English (US) Русский Azəricə Türkçe
Faydalı Hər şey daxil Maraqlı

Bodrum türk Riverasının qoynunda – FOTO

Egey dənizinin sahilində, yarımadada yerləşən balaca şəhər – Bodrum. 31 min əhalisi olan bu şəhər Türkiyənin ən elit kurortu adını ciddi cəhdlə qoruyur.

Zəngin tarix, təmiz çimərlikləri, ideal iqlimi və unikal mövqeyi şəhərə əlavə üstünlük verir. Buna görə də dünyanın ən tanınmış hotel şəbəkələri Bodrumda fəaliyyət göstərir.

Bütün bunlara baxmayaraq, Bodrumda qiymətlər hamıya uyğun olduğundan istənilən təbəqənin nümayəndəsi burada rahat şəkildə istirahət edə bilər.

Biz Bodrum turizminin maraqlı cəhətlərini göstərmək üçün həmin şəhərə yollanırıq!

Mavi sahilin neməti

Əvvəlcə qeyd edək ki, Bakıdan Bodruma birbaşa aviareys var. 3 saatlıq uçuşla siz nağıllar aləminə daxil ola bilərsiniz.

Bodrum Türkiyənin Avropaya ən yaxın kurortudur. 4 kilometrlik məsafədə Yunanıstanın Kos adaları yerləşir.

Qədimdə Bodrumun yerində əhalisi, əsasən, yunanlardan ibarət olan Halikarnas şəhəri yerləşib.

Qədim və çiçəklənən Halikarnasın təməli yunanlar tərəfindən qoyulub. Bu səbəbdən Bodruma gələndə, dərhal Türkiyədə olduğunun fərqinə varmırsan. Mavi dəniz  fonunda ağappaq tikililərin olması, ətrafdakı şam meşələri ilə örtülən təpələr və sahilə bağlı yaxtalar. Bu, Yunanıstan, İtaliya, Fransanın Aralıq dənizi kurortlarının tipik görüntüləridir. Təsadüfi deyil ki, “The New York Times” bir vaxtlar Bodrumu “Türkiyənin Sen-Tropesi” adına layiq görüb. Maraqlıdır ki, Bordumun sahillərini Aralıq yox, Egey dənizi sığallayır. Bu da sahil boyu ideal iqlimi müəyyən edir: yay vaxtı havanın orta hərarəti 25-28 dərəcə, suyun temperaturu 21-25 dərəcə təşkil edir. Qonşu kurortlarda insanların 40 dərəcə istidən əziyyət çəkdiyini nəzərə alsaq, fərqi daha aydın hiss etmiş olarıq.

Turistlər Bodrumda rahat çimərlik istirahətindən savayı, asudə vaxtın mənalı keçirilməsi üçün yaxşı imkanlar əldə edirlər. Burada fəal idman növləri ilə məşğul olmaq və ya memarlıq şedevrlərinə vaxt sərf etmək olar.

Halikarnas mavzoleyi qədim zamanların 7 dünya möcüzəsi siyahısına daxil olub. Mavzoleyin özü qorunub saxlanılmasa da, Bodrumda ondan heç də geri qalmayan haqqında bəhs edəcəyimiz unikal tarixi abidələr var.

Lakin macəra ardınca getməzdən əvvəl buradakı istirahətdən alacağınız xoş təəsuratın böyük hissəsini təşkil edəcək mehmanxananın seçimi ilə məşğul olmaq lazımdır. Bizim Bodrumda qaldığımız ilk məkan – “Mandarin Oriental” diqqətəlayiq məşhur mehmanxana şəbəkəsinin dəbdəbəli bəndlərindən biridir.

“Mandarin Oriental” mehmanxanalarına dünyanın ən məhşur turizm məkanlarında rast gəlmək olar: Barselona, London, Paris, Milan, Nyu-York və əlbəttə, Bodrumda. İki fərdi çimərliyi və istirahət üçün müxtəlif rahatlıqları olan dəbdəbəli 5 ulduzlu mehmanxana Bodrumda ideal bir məkanda – Cənnət körfəzində yerləşib. Bu, mənzərəli təpələr və şam ağacları ilə əhatə olunan dənizdən sonrakı ilk xətdir.

Həzzin formulu

Biz “Mandarin” hotelin üçüncü mərtəbəsində yerləşən ikinəfərlik nömrədə yerləşirik. Buradan  Egey dənizinə möhtəşəm mənzərə açılır.

Rahat və işıqlı nömrədə istirahət üçün böyük vanna otağından tutmuş qəhvəbişirənə qədər bütün detallar nəzərə alınıb.

Maraqlıdır ki, 129 nömrədə yüksək səs texnologiyası ilə tanınan Bang & Olufsen şirkətinin  avadanlığı quraşdırılıb.

Hotelin ətrafı yaşıllığa bürünüb, ətrafda çoxlu görünməyən  hovuzlar, çardaqlar, qəlyanaltı üçün məkanlar və restoranlar fəaliyyət göstərir. Hotelin interyeri təbiətlə harmoniya təşkil edən ağaclardan qurulub.

Qeyd etmək yerinə düşər ki, hotelin interyeri ilə məşhur dizayner Antonio Çitterio məşğul olub.

Yüngül qəlyanaltı üçün məşhur “IOKI” brendinə məxsus olan “Kurochan” hotelinə üz tuturuq. Bu şəbəkənin İstanbulda bir neçə restoranı var.

Bu restoranda yaponiyalı aşbazın hazırladığı Asiya mətbəxinin ən ləzzətli təamlarını dadmaq olar.

Burada balıqdan hazırlanmış tempura və dəniz məhsullarını, tərəvəzdən hazırlanaraq qızardılmış klyareni dadmağınız məsləhətdir.

Təbii ki, hotel bütün kulinar ləzzətləri dadmaq üçün yeganə məkan deyil. Burada 8 restoran və bar fəaliyyət göstərir. Növbəti günlərdə biz çimərlik klubu olan “The Sands”da Aralıq dənizinin məhsullarını və türk mətbəxinin təamlarını dadırıq, “ La Suite Bodrum Lounge”da caz musiqisinin sədaları altında kokteylər, çərəzlər və sprinq-rollardan ləzzət alırıq.
Egey dənizinə möhtəşəm mənzərəsi olan “Bodrum Balıkçısı” restoranında təklif olunan yerli balıq növləri və dəniz məhsullarını da diqqətdən kənar saxlamaq olmaz.

Bu arada, italyan restoranını da yaddan çıxarmaq olmaz. “Mandarin Oriental” hoteldə yerləşən “Assaggio”  restoranında italyan mətbəxini ləzzətini dadmaq mümkündür. Burada əla italyan pastası, raviolli və ənənəvi lazaninidən həzz almaq olar.

Artıq tropik adaya xas çimərlikdə qumdan həzz almaq və şezlonqlarda istirahət etmək üçün səbirsizlənirik. Buradan dənizə uzanan estakadaları seyr etmək insana xüsusi zövq verir. Dənizin təmizliyi dibindəki bütün daşları, qum dənələrini görməyə imkan verir.

Hoteldən xüsusi avadanlıq götürərək təlimatçının yardımı ilə suyun dibinə enib, batmış gəmiləri, mağaraları və rifləri canlı görmək olar. Hoteldə yelkənli qayıq, dvindsörfinq və veykbordinq həvəskarlarının da marağı nəzərə alınıb.

Daha rahat gəzinti tərəfdarları katerlərlə buxta və körfəzlərə baxa və ya ənənəvi türk qayığı olan “gülete”lərdə sahil boyu gəzə bilərlər.

“Mandarin” hotelində istirahətin xüsusi bir hissəsini şam meşələrinə və dənizə açılan cəlbedici mənzərəli təpənin yamacında yerləşən valehedici spa təşkil edir. “The Spa at Mandarin Oriental” kompleksi qonaqları öz əl işləri olan inqrediyentlərdən istifadə olunmuş proseduralara dəvət edir. 2700 kvadrat metrlik spa-salonda 26 metrlik üstüörtülü çarhovuz, 12 prosedur kabineti,  həmçinin cütlüklər üçün xüsusi salonlar və möhtəşəm hamam var. Salonun fəxri yüksək dərəcəli mütəxəssislərdir ki, onlardan biri də Bastyen Qonsalesdir. Onun əl, ayaq və dırnaqlara unikal kompleks xidməti Qonsalesə dünya şöhrəti gətirib. Salonun daha bir fəxri Ruben Tabaresdir.  Tanınmış məşqçi qonaqlara individual şəkildə seçilmiş yemək və məşq proqramlarının köməyi ilə bədən formalarını  təkmilləşdirməyə kömək edir.

Qeyd edək ki, bu proqramlar “London Mandarin Oriental” hotelində uğurla sınaqdan keçirilib. Hoteldə gənc qonaqlar da darıxmayacaqlar. Belə ki, burada onları “Kids Club” gözləyir. Bu uşaq klubunda balacalar şəkil çəkmək, müxtəlif oyunlar oynamaq və ya idmanla məşğul olmaqla vaxt keçirə bilərlər.

“Mandarin Oriental” kimi mehmanxanaların yeganə çatışmazlığı ondan ibarətdir ki, oranı tərk etmək istəmirsən! Çünki burada istirahət üçün lazım olan hər şey var. Əgər nəsə yoxdursa, o zaman onu mehmanxananın içindəki Brandroom ticarət pasajından almaq olar. Burada “Dior”, “Valentino”, “Dolce & Gabbana”, “Balenciaga” və s. dünyaca məhşur dəbdəbəli ticarət brendləri təqdim olunub.

Bütün gücümüzü toplayaraq mehmanxananı tərk edirik və Bodrumla tanış olmaq üçün yola düşürük.

Bodrumun görməli yerləri kompakt şəkildə yerləşir və yarımadanın istənilən yerindən bu yerlərə getmək rahatdır. Avtomobillə yarım saatlıq yoldan sonra biz Kariy vilayətinin hökmdarı Mavsol üçün e.ə. 353-cü ildə tikilən Halikarnas Mavzoleyiinn yerləşdiyi yerə gəlirik. Bir vaxtlar bu mavzoley qədim dünyanın  yeddi möcüzəsindən biri olub.

Məhz Mavsolun məqbərəsi “mavzoley” sözünün özülünü təşkil edir. Bir vaxtlar möhtəşəm tikili olan bu məqbərə Hematomnidlərin hücumlarının qarşısını almaq üçün fəaliyyət göstərirdi. Məqbərəyə sülalə nümayəndələrinin nəhəng heykəlləri və piramidanın üstündəki cəng arabası daxil idi. Mavzoley 19 əsrə tab gətirib və XIII əsrdə baş vermiş zəlzələ nəticəsində dağılıb. Onun cilalanmış ağ mərmərdən olan daşları isə 1522-ci ildə Müqəddəs İoann Ordeninin səlibçi cəngavərləri tərəfindən oğurlanıb və Bodrumun digər məşhur  görməli yeri olan Müqəddəs Pyotr qəsrinin tikilməsi üçün istifadə olunub.

Beləliklə, mərmər kolonların fraqmetləri və səpələnmiş daşların olduğu  məqbərənin xarabalıqları yanında bir az gəzişən turistlər birbaşa mavzoleydən bir kilometr məsafədə olan müqəddəs Pyotr qəsrinə baxmağa gedir.

XV əsrdə cəngavərlər tərəfindən Rodos adasında inşa edilən Müqəddəs Pyotr qəsri dövrün bütün çətinliklərinə baxmayaraq, yaxşı saxlanılıb. Qala bir neçə dəfə mühasirəyə alınıb, sonda Osmanlı imperiyasının sultanı Süleyman Qanuninin ordusu tərəfindən ələ keçirilib. Hazırda bu qotik sənət nümunəsi sualtı arxeologiya Muzeyi kimi istifadə olunur. Muzeyin ekspozisiyasının əsasını Uluburun xəzinəsi təşkil edir. Xəzinə 1982-ci ildə Türkiyənin Kaş şəhəri yaxınlığındakə Uluburun burnunda batmış Finikiya gəmisində aşkarlanıb. Bodrum qalası muzeyində bu gəmini əsl ölçüsündə – 15 metr uzunluğunda görmək olar. Burada daş lövbərlər və orijinal avarlar sərgilənib. Maraqlısı odur ki, alimlərin araşdırmalarına əsasən, gəmi eramızdan əvvəl 1300-cü ildə Kiprdən Misirə gedərkən batıb. Yəni o, dənizin dibində 3000 ildən çox qalıb.

Gəminin qalıqları ilə birlikdə 18 min müxtəlif əşya da tapılıb, o cümlədən, qədim silahlar, qablar, bəzək əşyları və hətta qida məhsulları aşkarlanıb. Onların hamısı Sualtı Arxeologiya Muzeyinin zallarında yerləşdirilib. Sözsüz ki, bu muzey sizin diqqətinizə layiqdir.

Ardı var…

Bodrum öz gözəlliyi və qonaqpərvərliyi ilə əsrarəngizdir. Biz yalnız türk rivieriasının bir hissəsini araşdırdıq. Gələn yazımızda bu kurort zonasının gecə həyatından, ənənəvi bazardan, ad çıxarmış tekstilindən, xalçasından və antik abidələri ilə məşhur olan Efesdən bəhs edəcəyik.

Bizimlə qalın, əziz OXUcular!

www.oxu.az

About the author

Aile Travel

Add Comment

Click here to post a comment

Your email address will not be published. Required fields are marked *