English (US) Русский Azəricə Türkçe
Faydalı Hər şey daxil

Bu həftə Musiqili Teatrda 8 tamaşa nümayiş olunacaq

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında bu həftə ərzində 8 tamaşa nümayiş olunacaq.

Teatrın mətbuat xidmətindən  bildirilib ki, aprelin 17-də saat 19:00-da “999-cu gecə” (F. Əmirovun musiqiləri və “Min bir gecə” nağıllarının motivləri əsasında), aprelin 19-da saat 19:00-da Toya bir gün qalmış (Ə.Səmədli), aprelin 20-də saat 19:00-da “Amerikalı Kürəkən” (R.Mirişli, M.Haqverdiyev), aprelin 21-də saat 19:00-da “Baladadaşın toy hamamı” (Elçin, F.Allahverdi) səhnə əsərləri təqdim olunacaq.

Balaca teatr həvəskarları aprelin 20-də saat 12:00-da “Qırmızı papaq” (E.Sabitoğlu, Y.Şvarts) musiqili nağıl-tamaşasına baxa biləcəklər.

Qeyd edək ki, Musiqili Teatr bu həftə də rusdilli tamaşaçılarını unutmayıb. Belə ki, 18 aprel saat 19:00-da “Silva” (İ.Kalman) əsəri böyüklər üçün, aprelin 19-da və 21-də saat 12:00-da “Qızıl cücə” (V.Ulanovski, V.Orlov) tamaşası uşaqlar üçün rus dilində nümayiş olunacaq.

Bu həftə nümayiş olunacaq tamaşalarda teatrın sevimli aktyorları – Xalq artistlərimiz – Afaq Bəşirqızı, İlham Namiq Kamal, Fatma Mahmudova başda olmaqla, sənət ocağının bütün aktyorları iştirak edəcək.

Həftəni maraqlı və yaddaqalan keçirmək istəyənlər 6 manatdan başlayan biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən, eləcə də iticket.az saytından əldə edə bilərlər.