English (US) Русский Azəricə Türkçe
Avropa Faydalı Hər şey daxil Maraqlı

Dirijor orkestrə nə üçün lazımdır?

Opera teatrına yəqin ki getmisiz. Tamaşa hələ başlamayıb, amma artıq aşağıda, səhnənin qarşısında musiqiçilər öz yerlərini tutub alətlərini kökləyirlər. Siz bu zaman alətlərdən çıxan qarışıq səsləri eşidir və elə düşünürsüz ki, bu səslərdən heç zaman gözəl bir musiqi yarana bilməz.
Budur pərdələr qalxır və … ətrafa gözəl musiqi səsi yayılır. Musiqi alətlərinin dəqiq və yerində səslənməsində nəhəng orkestrə rəhbərlik edən dirijorun əməyi böyükdür. Bütün orkestr kiçik taxta çubuq vasitəsi ilə idarə olunur. Onun bir tərpənişi litavrların gurultusunu, skripkaların nəğməsini və fleytanın incə səsini oyada bilir.
Yalnız dirijorun əlində sehrli çubuğa çevrilən bu alət opera və simfonik orkestrlərdə, xor və ansambllarda – bir sözlə musiqinin kollektiv şəkildə ifa olunduğu hər yerdə lazım olur.
Vaxtilə qədim yunan teatrlarında əsas fiqur korifey adlanırdı. O, xora dirijorluq edirdi və bütün musiqiçilər ona tabe idi. Korifeylər ritmi dabanlarına dəmir nal vurulmuş ayaqqabılarını yerə döyəcləməklə tutar, əlləri ilə dirijorluq edərdilər.
XVIII əsr operalarında dirijoru “odunçu” adlandırırdılar. Belə ki onlar 1 metr 80 santimetr uzunluğunda olan çubuqlar vasitəsi ilə dirijorluq edirdilər. Tamaşa zamanı dirijorun ritm tutduğu bu çubuq italyan dilində “battuta” adlanırdı.
İtaliya operalarında iki dirijor olurdu: biri, skripkaçı olub orkestri, digəri isə, klavesinçi olub müğənniləri idarə edərdi. Klavesinin arxasındakı yer təhlükəli sayılırdı. Orada adətən operanın müəllifi oturar və tez-tez öz üzərində tamaşaçıların onun yazdığı əsərə münasibətini hiss edərdi. Çılğın italyanlara əsər xoş gəlməsəydi, yazıq müəllif özünü ona tərəf atılan çürük pomidorlardan və lax yumurtalardan çətinliklə qoruya bilirdi.
XIX əsrdən simfonik orkestrin heyəti artdığından, eyni zamanda həm ifaçılıq, həm də dirijorluq etmək mümkün olmur. Buna görə də orkestrin birinci skripkaçısı (onu konsertmeyster adlandırırdılar) skripkasını atıb sadəcə dirijorluq etməyə başlayır.