Kor-kar,lal olan yazıçı, müəllimə və ictimai xadim Helen Adams Kellerin – İNANILMAZ HƏYAT HEKAYƏSİ – FOTO

    0
    180

    Helen Adams Keller Amerikanın eşitmə və görmə qüsurlu ilk yazıçısı, ictimai xadimi və müəllimi olub. Bu xanım öz cəsarəti, əzmi sayəsində adını nəinki ABŞ, eləcə də dünya tarixinə qızıl hərflərlə yazdırıb.

    Ailetravel.net Helen Adams Keller haqda olan yazını təqdim edir.

    Qaranlıq uşaqlıq

    Helen 1880-ci il iyunun 27-də kapitan Artur Keller və Keyt Adamsın ailəsində dünyaya göz açır. Həyatının ilk aylarında tam sağlam olan körpə 19 aylığında amansız xəstəliyə yaxalanır. Həkimlər qızcığaza mədə və beyin damarlarının kəskin tutulması diaqnozu qoyurlar. Görünür bu meningitə bənzər bir xəstəlik idi. Qısa müddət davam edən xəstəlik Heleni görmə və eşitmə qabiliyyətindən məhrum edir. 7 yaşınadək Helen ailəsi və yaxınları ilə ünsiyyət qurmaq üçün artıq 60-a qədər fərqli işarədən istifadə edirdi. Anası Keyt Çarlz Dikkensin “Amerika qeydləri” əsərində təsvir etdiyi kar və kor olan Lora Bricman obrazından ilhamlanıb, qızını Baltimor şəhərində yaşayan mütəxəssisin yanına aparır. Burada Keyti eşitmə və görmə qüsurlu uşaqlarla çalışan Aleksandr Bell ilə tanış edirlər. Bell çarəsiz anaya qızını Bostonda kor uşaqlar üçün olan Perkins məktəbinə aparmağı tövsiyə edir. Məktəb rəhbərliyi Helenlə məşğul olmağı görmə qabiliyyəti zəif Eni Sallivan adlı müəllimə tapşırır. Eninin o zaman cəmi 20 yaşı vardı. Müəllim və şagird arasında iş birliyi və isti münasibət düz 46 il davam edəcəkdi.

    Mənəvi ana, yoxsa sadiq müəllim

    Helen çox əsəbi, bəzən isə dözülməz uşaq idi. Odur ki, Eni onun valideynlərinə qızı ailəsindən ayrı, tək yaşaya biləcəyi bir evə köçürməyi məsləhət görür. Müəllim öncə ərköyün qızı öz üsulları ilə tərbiyə etmək niyyətində idi. Bir gün Eni Helenə “su” anlayışını izah etmək üçün onun əlini soyuq su ilə yuyur. Helenin qavrama qabiliyyəti getdikcə güclənməyə başlayır. O, hər gün müəllimini yeni nələrsə öyrətməyə məcbur edirdi. Ən bəsit məişət əşyasından tutmuş, oyuncaqlarına qədər hər biri haqda geniş məlumat toplamağa can atırdı. 1890-cı ildə Helenin 10 yaşı tamam olur. Müəllimi ona norveçli bir qızın hekayəsini izah edir. Raqnild Kaata adlı bu qız kar olmağına rəğmən xüsusi üsulla ünsiyyət qura bilirdi. Bu ünsiyyət üsulu “Tadoma” adlanır. Tadoma vasitəsilə ünsiyyət quran qüsurlu şəxs əlini qarşısındakı şəxsin dodağına, çiyninə, boğazına toxunduraraq nə dediyini anlaya bilir. Ünsiyyət zamanı qarşısındakı şəxsə toxunaraq hiss etdiyi titrəyişdən mövzunu anlayır. Çox keçmir ki, Helen bu üsulla danışmağa başlayır. Müəllimi həmçinin onun ovcunun içərisinə hərfləri əli ilə yazaraq da Helenlə ünsiyyət qururdu. Helen latın əlifbasını Brayl əlifbasının köməyi ilə öyrənir.

    Brayl əlifbası iki əsr bundan əvvəl Lui Brayl adlı şəxs tərəfindən icad olunub. Lui “gecə məktubları” adlandırdığı bu üsulu qaranlıqda icad edib. Braylın əlifbası müasir dövrdə də görmə əngəlli insanların kompyüter və telefonlarının klaviaturasına həkk edilib. Belə ki, görmə əngəlli şəxsər barmaqlarının ucu ilə bu işarələrə toxunaraq hərfləri oxuya bilirlər.

    Mark Tvenin istedadına vurulduğu “möcüzə qız”

    1896-cı ildə Mark Tven Helenlə tanış olur. Onun istedadına aşıq olan Tven yeniyetmə qızı dostu xeyriyyəçi Henri Rocerslə tanış edir. Rocers və xanımı Helenin gələcək illərdəki bütün təhsil haqqını ödəyir, hətta müstəqil həyata atılanda belə onu yalnız qoymurlar. 1898-ci ildən başlayaraq Helen korlar üçün məktəblərdə xüsusi dərslər almağa başlayır. Çox keçmir ki, müəllimi və mənəvi anası Eni ilə Nyu-Yorka köçürlər. Burda yaşadıqları müddətdə o, karlar üçün xüsusi məktəbə getməyə başlayır. 1900-cü ildən etibarən kollecə qəbul edilir. Rocerslər ailəsinə sədaqət nümayiş etdirərək, “Yaşadığım dünya və optimizm””(The world I live in and optimism),” Dostum Henri Rocersə” (To my friend Rogers) və bir neçə digər əsərlərini həsr edir.

    Yazıçı və ya siyası xadim

    1904-cü ildə Helen kolleci fərqlənmə diplomu ilə bitirir. İlk ali savadlı kor-kar insan kimi tarixə düşür.

    1937-ci ildə Helen artıq çox məşhur yazıçı və siyasi xadim idi. O, 1935-ci ildə sahibinin qəbri üstündə xiffətdən ölən Xatiko adlı it haqda məlumat toplamağa başlayır. Bu cinsdən it götürüb saxlamaq istəyini dilə gətirəndə xanım Kellerə akita cinsindən olan it hədiyyə edirlər. Kamikadze adını verdiyi it tezliklə ölür. Helen sevimli iti haqda yazırdı:”Mən artıq heç bir heyvana Kamikadzeyə verdiyim məhəbbəti verə bilməyəcəm. Ona güvəndiyim kimi də kimsəyə güvənə bilməyəcəm. O məni qoruyan mələk idi”.

    Keller sərbəst şəkildə yazi yaza bilmirdi. Buna baxmayaraq onun 7 kitabı işıq üzü görüb. Ən məşhur kitabı isə “Həyatımın hekayəsi” (“Story of my life”) adlanır. 1964-cü ildə ABŞ prezidenti Lindon Conson Helen Kelleri Azadlıq Medalı ilə təltif edir.

    Helen həmçinin, siyasi xadim kimi də tarixdə iz qoyub. O, daim rasizmi ifşa edərək, cəmiyyətin diqqətini fiziki qüsurlu insanların təhsilinə yönəldib.

    Dünyanı qəlbi ilə görən qadın

    Helen Keller 1968-ci il iyun ayının 1-də 88 yaşına 26 gün qalmış yuxuda dünyasını dəyişib. Xanım Kellerin həyatından bəhs edən onlarla film çəkilib, tamaşalar səhnələşdirilib.Helen Kellerin ölümündən sonra İspaniyanın Xetafe, İsrailin Lod, Portuqaliyanın Lissabon şəhərlərində yerləşən küçələrə onun adı verilmişdir.

    Dünyada “möcüzə qadın” təxəllüsü ilə tanınan Helen Kellerin məşhur bir sitatı var: “Dünyanın gözəlliklərini gözlə görmək mümkün deyil, onlara toxunmaq da olmaz. Bu həyatda bizi əhatə edən möhtəşəm nə varsa, onları yalnız və yalnız hiss edə bilərik”!

     

    (publika.az)




    https://kinosave.online/dramy/16187-sotvorivshaya-chudo.html