English (US) Русский Azəricə Türkçe
Avropa Faydalı Hər şey daxil

Estoniyanın modernizm və qloballaşma prosesindəki rolu – Nihal Ağazadənin yazısı

Estoniya – Baltiklərdə yerləşən, istər sahəsi, istərsə də əhalisinin sayı etibarilə balaca bir ölkədir. İlk dəfə olaraq Roma tarixçisi Tasitus eramızın birinci əsrində eston xalqının adını “Germania” kitabında çəkmişdi. Zaman-zaman Danimarka, Almaniya, İsveçrə və Rusiya işğallarına məruz qalmış Estoniya və eston xalqı bu günümüzü inşa edən modernizmin və qlobalizmin mücərrədliyini reallığa çevirən kiçik, lakin böyük elmi-praktik potensiala malik bir xalq və dövlətdir ki, bunun da əsasını insan azadlığı təşkil edir. Wired tərəfindən düyanın “ən inkişaf etmiş digital cəmiyyəti” adlandırılan Estoniya, texnologiya sahəsində ilklərdən olmaqla, qurduğu elektron-ölkə praktikasını dünyada model olaraq qəbul etdirməyə nail olub.

Estoniyanın dövlət idarəetmə və müdafiə sektoru sırf elektron sistem üzərində qurulub ki, bu da bütün daxili və xarici prosesləri bir neçə dəqiqədə həll etmək imkanı yaradır. Bütün seçkilərdə səsvermə və hesablanma, nəticələr, bank tranzaksiyaları və bu kimi digər mühüm məsələlər internet üzərindən həll edilir. Buna görədir ki, Estoniya hazırda istər texnologiya, istərsə də demokratiyanın təşəkkülü baxımından dünyanın lider ölkələrindəndir. Təsadüfi deyil ki, bu gün milyardlarla istifadəçisi olan “Skype”, “Taxify”, “Transferwise” kimi öz sözünü demiş qlobal şirkətlər məhz Estoniya mənşəlidir. Bu şirkətlərin qurucuları olan gənclər, əsas uğuru dünyanın ehtiyacı olan sahələrə yatırım qoymalarıdır. Bu yatırımdan qazanılan uğurlar daimi olaraq artmaqdadır ki, bu da Estoniyanın nəinki inkişaf etməkdə olan, eyni zamanda inkişaf etmiş ölkələr üçün də model kimi qəbul olunmasına gətirib çıxarır.

Məsələn, dövlət üçün nümunəvi, zəruri fəaliyyəti ilə seçilən eston gənci Markus Villig qurduğu “Taxify” şirkəti ilə bütün Tallin və Riqa taksi platformasını birləşdirməklə, onların elektron idarəçiliyini təmin etdi. Uğurlu nəticə əldə etdikdən sonra, bu ağıllı sistemin dünyanın 18 ölkəsi və 25 şəhərində bir mərkəzdən internet üzərindən mükəmməl şəkildə idarəçiliyinə nail ola bildi və bu proses daha da mükəmməlliyə doğru istiqamətlənib. Bəs “Taxify”ı bu qədər uğurlu edən nə idi?

Haşiyə: “Taxify” elektron (app) taksi xidməti formasıdır. İş prinsipi sırf Whasapp və Messenger kimidir, smartfonlara yüklənilir və istənilən yerdən elektron formada taksi sifarişi vermək olur. Azərbaycanda Bakı şəhərində fəaliyyəti mövcuddur.

Ümumiyyətlə, uğur qazanmaq istəyən hər kəs bir neçə mühüm məqamı mütləq nəzərə almalıdır:

Uğur sadəcə çox çalışmaqla yox, keyfiyyətli çalışmaqla gəlir və bunun da əsasında ətrafına topladığın beyinlərlə müzakirə və son qərarın birgə qəbulu durur;

Risk faktoru. Əgər uğurdan söhbət gedirsə, risk mütləqdir.

İşlərin çətinləşdiyi zaman, bütün qarşına qoyduğun məqsədlərdən əlini çəkmək sırf zəiflik əlaməti və uğursuzluğun təməlidir;

Yeniliyə can atmaq, onun başlanğıc və son nöqtələrini bilməklə, nəticənin proqnozlaşdırılmasıdır.

Bütün bunları uğurla tətbiq etdiyinə görədir ki, 4 yaşı olan “Taxify” bu gün dünyanın diqqətini cəlb edə bilib. Dünyanın müxtəlif ölkələrindən olan investorlar “Taxify”a yatırım qoymaq üçün məqsədli planlar tərtib edib, bazar iqtisadiyyatı şəraitində öz uğurlarının da əsaslarını möhkəmləndirirlər.

Nəticə olaraq vurğulamaq lazımdır ki, uğurlu gələcək məqsədli və planlı yatırımdan keçir. Hər kəsin tanıdığı, məşhur “Apple” şirkətinin qurucusu Steve Jobsun dəyərli iki fikri bizlər üçün nümunə olaraq qəbul edilməlidir:

Bizlər bəşəriyyətə cığır açmaq üçün gəlmişik, yoxsa niyə yaşayırıq ki?!

Sadəcə düşünən, düşünmək istəyən insanlar dünyanı dəyişə bilirlər!

Nihal Ağazadə,
Charles Universiteti,
Tallin Universiteti: Beynəlxalq münasibətlər və Dövlət İdarəçiliyi.