English (US) Русский Azəricə Türkçe
Asiya Maraqlı

Gələcəyin şəhəri – Sinqapur

Sinqapur şəhərinin adı “sinqa” – “şir”  və “pur” – “şəhər” sözlərindən yaranıb.

Sinqapur dünyanın ərazi baxımından ən kiçik 20 ölkəsindən biridir. Onun sahəsi 715 kvadrat kilometrdir. Sinqapurun 4,5 milyona yaxın sakini var. Onlardan 78 faizini çinli, 14 faizini malayziyalı və 7 faizini Hind-Avropa əhalisi təşkil edir. Əhalinin sıxlığına görə Sinqapur dünyada ikinci yeri tutur.

Şəhərin rəmzi şir başlı balıq – Merliondur. Hər il sentyabr ayında mifik heyvana bayram mərasimi həsr olunur.

Ekvatorial iqlimə malik Sinqapurda hava həmişə isti və rütubətlidir. Belə ki, ilboyu havanın orta temperaturu 25-30 °C, rütubət isə 82-86 faiz təşkil edir. Sinqapur ekvatora yaxın en dairəsində yerləşdiyi üçün burada günəş şüaları çox güclü olur. Hətta buludlu hava belə dəri yanıqları almaq mümkündür. Əhali arasında açıq dəri rənginə böyük rəğbət bəslənilir. Buna görə də Sinqapurda ən çox satılan kosmetik məmulatlar – dərini ağardan vasitələrdir.

 

Olduqca yüksək cərimələrə və sərt qaydalara görə Sinqapuru “Fine city” (Cərimələr şəhəri) adlandırırlar. Cərimələrə aid bəzi nümunələr: küçələri zibilləməyə və küçədə tüpürməyə görə 400 dollar cərimə tətbiq edilir. Qeyri-adi cərimələrdən biri də gülləri suvardıqdan sonra dibçəkdə artıq su qalmasına görədir. Belə ki, şəhərdə olan ağcaqanadlar malyariya və digər epidemiyaların yayıcılarıdır və sanitariya-epidemioloji xidmət ağcaqanadların yayılmasının qarşısını almaq məqsədilə sərt tədbirlər görür. Cərimələrdən başqa, cəza kimi fiziki zərbələr də nəzərdə tutulur (həbs cəzasına əlavə). Sinqapurda uşaqlara tətbiq olunan fiziki cəzalar qanuniləşdirilib və hətta şəhər mağazalarında yüngül bədən cəzalarını tətbiq etmək üçün xüsusi vasitələr satılır. Ölkədə, həmçinin ölüm cəzası tətbiq olunur. Bu cəza xüsusi qəddarlıqla cinayət törədənlər üçündür. Bu sıraya qəddar qətl hadisəsi, narkotik maddələrin satışı, korrupsiya, dövlətə xəyanət və prezidentin həyatına qəsd kimi cinayət edənlər daxildir. Ölüm hökmünün sayına görə Sinqapur dövlətlərin çoxundan irəlidədir və bu hökm əsasən narkotik alverçilərinə tətbiq olunur.

Şəhərdə polis tapmaq qeyri-mümkün olsa da, hər tərəfdə gizli və aşkar kameralar quraşdırılıb. Sinqapur heç bir təbii sərvətə malik deyil və hətta içməli suyu belə Malayziyadan idxal edir. 1959-1990-cı illərdə Sinqapurun baş naziri olmuş Li Kuan Yu korrupsiyaya qarşı mübarizə tədbirlərində xüsusi sərtliyi ilə seçilib. Nəticədə ölkədə korrupsiya halları sıfıra enib və iqtisadi artım baş verib. Li Kuan Yu korrupsiyaya görə ilk olaraq öz yaxın adamları və dostlarını sərt cəzalandırıb. Sinqapurda hüquqi şəxslərin kompüter qeydiyyatı cəmi 10 dəqiqə vaxt aparır.

About the author

Aile Travel

Add Comment

Click here to post a comment

Your email address will not be published. Required fields are marked *