English (US) Русский Azəricə Türkçe
Dünya Maraqlı

İki tələbə üç həftə cəngəllikdə sağ qalmağa çalışdı

Böyük Britaniyadan olan iki tələbə həyatına adrenalin qatmaq fikrinə düşüb. Onlar bir müddət cəngəllikdə yaşamaq qərarına gəlib. Deniel Olifi və Ceyms Moynihen Malayziyanın sıx meşələrindən birində üç həftə ac və çılpaq yaşayıb.

Bizimyol.info xəbər verir ki, onlar çox əziyyət çəkib, amma sağ qalıblar. Bu haqda məşhur “The Mirror” nəşri də yazıb.

Olifi və Moynihen özü ilə meşəyə xəncər, daş bıçaq, həşəratlardan qorunmaq üçün kiçik tor, metal su qabı və ilk tibbi yardım üçün ləvazimat götürüblər. Su çox tez qurtarıb. Bir neçə saat sonra içməli su mənbəyi axtarmaq lazım gəlib. Ceyms məsuliyyəti üzərinə götürüb. Deniel isə yataq yeri düzəltməyə çalışıb. Bu zaman xəncər onun əlini kəsib. Avantüristlər ilk saatlardan ciddi problemlə üzləşib. Qanı saxlaya bilmədiklərindən, təcili xəstəxanaya gediblər. Həkim köməyindən sonra dostlar yenidən cəngəlliyə qayıdıblar.

Olifi danışır: “Yatmaq üçün uzanmaq qorxulu idi. İlanlar bizə hücum edə bilərdi. Ümumiyyətlə, istənilən vaxt ilan tapdalamaq mümkün idi. Orada başa düşdüm ki, axmaq adamlar meşədə necə ölürlər”.

Üç həftə ərzində dostlar birlikdə 20 kiloqram çəki itirib. Onlar əsasən giləmeyvə və həşərat yeyirmiş. Dostlar hərdən aclıqdan huşunu da itirirmiş. Ağcaqanadlar elə pis sancırmış ki, uzun müddət yara yerini qaşımaq lazım gəlirmiş. Gecələr yağış altında soyuqdan donurlarmış.

Olifi ikinci dəfədir avantüraya əl atır. Deniel 2015-ci ildə bütün Saxara səhrasını velosipedlə keçməyə çalışmışdı. Onda hətta öz sidiyini içməyə də məcbur olmuşdu.