English (US) Русский Azəricə Türkçe
Faydalı Hər şey daxil Maraqlı

Kitab çapının ixtirası

Kitab çapı, yəni kitabların üzünün əllə köçürməklə deyil, mexaniki üsulla çoxaldılması insanları uzun müddət düşündürən bir məsələ olmuşdur. Aydındır ki, nəyi isə kütləvi şəkildə çoxaltmaq üçün əvvəlcə onun qəlibini hazırlamaq lazımdır. Kitab çapında atılan ilk addımlar da bu sadə ideyanın dərk olunması ilə başlandı.

İlk çap kitablarını ksiloqrafik kitablar (yun. ksilo – ağac, qrafo – yazıram) adlandırırlar. Onları belə düzəldirdilər: taxta lövhənin hamar səthi üzərində mətnin güzgüdəki kimi əksinə çevrilmiş təsvirini yazırdılar. Usta taxtanın üzərində yazılan hərfləri saxlamaqla qalan hissəni bıçaqla kəsib çıxarırdı. Beləliklə, mətnin relyefli, qabarıq təsviri alınırdı. Bu taxta lövhə çap forması – mətn üçün qəlib rolunu oynayırdı. Sonra boyaqla qabarıq şriftləri rəngləyir, üstünə kağız vərəq qoyurdular. Taxtadakı rəng vərəqlərə hopurdu və onda yazılan mətnin düz əksi alınırdı.

Ksiloqrafik çap üsulu çox çətin başa gəlirdi. Mətn dəyişdikcə hər dəfə taxta lövhədə minlərlə hərf, heroqlif kəsmək lazım idi.
XI əsrdə Çin imperator ailəsindən çıxmış Bi Şen ayrı-ayrı literlər (lat. littera – hərf) – heroqlif qəlibləri hazırlamaqla çap üsulunu bir qədər təkmilləşdirdi. Bunun üçün o, gildən çoxlu miqdarda heroqlif düzəldib bişirir, sonra isə onları qatranla metal lövhələrə bərkidirdi. Artıq hər bir mətn üçün ayrıca qəlib hazırlamaq lazım gəlmirdi, hazır literləri düzgün ardıcıllıqla lövhəyə bərkitmək kifayət idi. Lakin bu üsul da kamil deyildi, çünki külli miqdarda şrift qəlibləri tələb olunurdu, onların bir-bir hazırlanması isə çox vaxt aparırdı.

Bir müddət də keçdi. Nəhayət, XV əsrdə alman ixtiraçısı İohann Qutenberq (1400-1468) literlər hazırlamaq üçün metal matrislər (lat. matrix – mənbə, başlanğıc) yaratmağa nail oldu. Matrisin üzərində hər bir literin formasına uyğun dərinliklər var idi. Qurğuşunla qalayın qarışığından olan ərintini matrisin üzərinə tökərək tez bir zamanda külli miqdarda liter düzəltmək mümkün idi. Qutenberq müxtəlif kitab ölçülərinə uyğun standart taxta lövhələr düzəltdi. Onların üzərində literlərdən sözlər, sözlərdən cümlələr, cümlələrdən mətn yığaraq çap forması ixtira etdi. Buradakı literlər metaldan olduğuna görə daha davamlı idi və külli miqdarda surət almağa imkan verirdi. Qutenberq mətbəədə istifadə etmək üçün boyaların reseptini də hazırlamışdı. Çap vaxtı çap formasındakı literlər rənglənir və üzərinə kağız vərəq qoyulurdu.

Çap üsulunun təkmilləşdirilməsi üçün Qutenberqin digər ixtirası çap prosesinin avtomatlaşdırılması idi. Bu məqsədlə o, bitkilərdən yağ çıxarmaq üçün istifadə olunan adi presi mətbəə dəzgahına çevirdi və onu çap prosesinə uyğunlaşdırdı. Pres kağızı çap formasına möhkəm sıxdığından səhifələrin surətləri çox dəqiq və səliqəli alınırdı. Artıq kağız vərəqin çap formasının üzərinə qoyulub götürülməsi də mexaniki üsulla baş verirdi. Bir səhifənin minlərlə surəti çıxarıldıqdan sonra digər səhifənin çap olunmasına keçilirdi.

Qutenberqin 1445-ci ildə öz mətbəəsində buraxdığı“Bibliya”dan 42 sətirlik bir hissə dünya tarixində ilk çap nümunəsi sayılır.
Qutenberqin ixtirası İohann Faust adlı varlı bir tacirin marağına səbəb olmuşdu. O, Qutenberqə kitab istehsalını genişləndirmək üçün borc vermişdi. Lakin ixtiraçı mühəndis bu borcu vaxtında qaytara bilməmişdi. Buna görə də tacir ona qarşı məhkəmə iddiası qaldırmışdı. Prosesi udan Faust Qutenberqin bütün çap dəzgahlarını müsadirə etdirmişdi. Sonra isə özü mətbəə təşkil etmişdi. Qutenberq öz ixtirasının Avropada necə sürətləyayıldığını, başqalarının bu işdən necə varlandığını kədərlə seyr etməli olmuş, maddi ehtiyaclar içərisində vəfat etmişdi.

Artıq 1500-cü ildə İtaliyada 100, İspaniyada isə 30 çap dəzgahı işləyirdi.
XVIII əsrin sonlarında qəzet və kitablara olan tələbat o qədər artmışdı ki, əllə hərəkətə gətirilənçap maşınları artıq bu tələbatı ödəyə bilmirdi. Saksoniyalı mühəndis-çapçı Fridrix Köniq 1814-cü ildə buxarla işləyən ilk çap dəzgahını işə saldı. Buxar mühərrikli maşınla saatda 1000 səhifə çap olunurdu ki, bu da əvvəlki dəzgahla müqayisədə dörd dəfə çox idi.

1866-cı ildə avtomatik yığım dəzgahı – linotip ixtira edildi. Çap olunacaq mətn çap makinasında olduğu kimi, klaviatura ilə yığılırdı. Burada sözlər və sətirlər səliqəli intervallarda yerləşdirilirdi. Linotipdə şriftlərin yığılması çap işini xeyli sürətləndirdi.
Müasir dövrdə çap işi görünməmiş səviyyədə təkmilləşdirilmiş və poliqrafiya adlanan sənaye sahəsinə çevrilmişdir.