“Mən dəyərəm min cavana” 70-ci dəfə oynanılacaq

0
77

İyulun 6-da saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrında tanınmış bəstəkar, Xalq artisti Faiq Sücəddinov və yazıçı-dramaturq Tamara Vəliyevanın “Mən dəyərəm min cavana” iki hissəli musiqili komediyası 70-ci dəfə nümayış olunacaq.

Tamaşa illər öncə görkəmli teatr və kino aktyoru, Azərbaycanın Xalq artisti “Şöhrət” ordenlı Hacıbaba Bağırovun sağlığında onun 75 illik yubileyi münasibətilə hazırlanırdı. Lakin tale elə gətirdi ki, bu əsərinin səhnəyə vəsiqə almasından 1 il öncə  –  2006-cı ildə  böyük sənətkar 74 yaşında dünyasını dəyişdi və tamaşanın premyerası 2007-ci ildə onu sevənlərə bir təskinlik kimi təqdim olundu…

Düz 12 ildir ki, bu əsər hər dəfə öz sevimli tamaşaçılarını ətrafına toplaya bilir. Üstündən illər keçməsinə baxmayaraq, tamaşa yenə də öz aktuallığını itirməyib və çox böyük maraqla baxılır.

Gözlənilməz və maraqlı situasiyalarla zəngin olan bu səhnə əsərinin quruluşçu-rejissoru mərhum Yusif Əkbərov, quruluşçu-dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı Əməkdar rəssam İsmayıl Məmmədov, quruluşçu-baletmeysterləri Əməkdar artistlər Zakir və  Yelena Ağayevlər, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, xormeysteri Əməkdar artist Vaqif Məstanovdur. Tamaşada rolları Xalq artisti, “Şöhrət” ordenli İlham Namiq Kamal, Əməkdar artistlər – Əkbər Əlizadə, Nərgiz Kərimova, Səidə Şərifəliyeva, Nadir Xasıyev,  aktyorlar   –  Elxan İsmayılov, Ülviyyə Əliyeva, Gülçöhrə Abdullayeva, Hüseyn Əlili, Rəsmiyyə Nurməmmədova, Ruslan Mürsəlov, Türkel Tariqpeyma ifa edəcəklər.