English (US) Русский Azəricə Türkçe
Canlı Aləm Maraqlı

Nə üçün tutuquşular danışır?

Bir çoxumuz ev heyvanı –  it, pişik, dağsiçanı, tutuquşu, hətta bəzi ekzotik heyvanlar saxlayırıq, çünki bu sevimli varlıqlar həyatımızı rövnəqləndirir və əyləncəli edir. Onların arasında tutuquşuların yeri ayrıdır. Bu quşlar gözəl və cazibədar olmaqla bərabər, həm də danışa bilir. Bu müəmmadan isə çoxları baş çıxara bilmir. Bəs nə üçün tutuquşular danışır?
Bu məsələ böyükləri belə maraqlandırırsa,  təsəvvür edin ki,  uşaqlar üçün nə dərəcədə maraqlıdır. Qeyd edək ki, bu quşlar təkcə insanları deyil, həm də heyvanları yamsılayır, eşitdikləri səsləri canlandırır.  Məsələn, itlərin hürməsini və ya işləyən tozsoranın səsini. Belə çıxır, nəyi yadda saxlamalarının onlar üçün heç bir əhəmiyyəti yoxdur. Əsas məsələ müəyyən söz və səsləri daim təkrar etməkdir.
Alimlərin çoxu güman edir ki, tutuquşuların eşitmə və nitq orqanları  xüsusi quruluşu ilə fərqlənir. Bu da insan ilə “ünsiyyət” qurmaqda  onlara  kömək edir. Bundan əlavə, onlarda yaddaş yaxşı inkişaf edib. Bəs nə üçün tutuquşu insan nitqini belə asanlıqla təqlid edir. Təəccüblü də olsa, bizim nitqimiz haradasa bu nadir quşların  bir-biri ilə  danışanda çıxardığı ayrı-ayrı səsləri xatırladır. Tutuquşu qulağına doğma gələn səsi eşidən kimi onu dərhal yadda saxlayır.
Bir məsələ dəqiqdir: tutuquşu danışmır, sadəcə,  eşitdiyini imitasiya edir. Bu quşlar anadangəlmə təqlidçidir. Onlar eşitdiyi müxtəlif səsləri asanlıqla təkrar edir, lakin bu səslərin “nə danışdığını” başa düşmür.
Canlı təbiətdə bu quşlar bir-biri ilə ünsiyyət saxlayır,  tənha tutuquşu isə insanlarla “danışmağa” məcburdur. Qeyd edək ki, tutuquşu ancaq özü kimi həmsöhbəti olmayanda “danışmağa başlayır”.  Məsələn,  bir evdə iki tutuquşu varsa, onlar heç vaxt danışmayacaq, çünki bir-biri ilə söhbətləşmək onlara kifayət edir.
Əlbəttə, tutuquşu üçün bir sözü  tələffüz etmək, bütöv bir cümləni deməkdən daha asandır. Odur ki, ona danışmağı öyrətmək üçün səbirli olmaq lazımdır. Onda dostunuz  müəyyən müddətdən sonra sizi mütləq sevindirəcək!  Bu isə o deməkdir ki, bu quşlar mexaniki, bir növ intuitiv danışır.
Bəlkə də məhz buna görə  tutuquşu hələ uzun müddət bizim üçün müəmmalı qalacaq!
Ailetravel.net