English (US) Русский Azəricə Türkçe
Cənubi Amerika Maraqlı

Naska səhrasının sirri

Cənubi Amerikada, And dağlarının ətəklərində, Perunun cənubunda  illərlə yağış yağmayan kimsəsiz yayla yerləşir. Burada hər gün  qum fırtınası  qoparan parakas küləkləri əsir. Heç bir həyat əlaməti olmayan bu səhra Yer kürəsinin ən müəmmalı yerlərindən biridir.
Sakit okeanın 50 kilometrliyində yerləşən  Naska yaylasında 2500 il bundan qabaq  insanlar yaşayırdılar.  Onlar taxıl becərir, gildən evlər tikir, balqabaqdan butulkalar düzəldir, müxtəlif qablar hazırlayır və üzərində gözəl naxışlar çəkirdilər.
Ölümdən sonra da həyatın olduğuna  inanan naskalılar insanları bir neçə qat parçaya büküb oturaq vəziyyətdə dəfn edirdilər. Naska mədəniyyətinin nümayəndələri  öz kəllələrinə uzunsov forma verməyə çalışırdılar.
Bunun üçün uşaqların başına taxta parçaları bağlayırdılar. Onlar niyə belə edirdilər? Bəlkə başqalarından fərqlənmək üçün? Yaxud  qədim allahlardan birinə bənzəmək istəyirdilər?   Bəlkə belə forma onlara  dünyanı  adi insan kimi deyil, başqa cür görməyə imkan verirdi?
Bu yerlərin qədim sakinləri  öz həyat tərzləri barədə  yazılar qoymayıblar.  Lakin məlumdur ki, Naska xalqı insanları qurban verən  sərt xalq olub.  Qədim parçalarda və qablarda şamanlar, pişiklər, dəniz məxluqları və kəsilmiş başlar təsvir olunub.
Naskalılar bacarıqlı ustalar olublar.  Onların gözəl naxışlı örtükləri hansı üsullarla hazırladıqları bizə bəlli deyil. Naskalılar yeraltı bulaqlar tapırdılar. Onların  inşa etdikləri akveduklar, su kəmərləri zəmanəmizə qədər gəlib çatmışdır.
Daşlarla döşənmiş bəzi  kanalların uzunluğu  450 metrdən çoxdur. Naskalılar  Kaxuaçi adlı şəhər salıblar.  Bu şəhərin ətrafında çoxlu sayda məzar  təpələri vardır.  Təpəyə qalxanda Nasko yaylası   sakinlərinin ən böyük müəmması – nəhəng rəsmlər görünür.
Yerin səthindəki xırda qırmızı  daşları yerindən tərpədəndə, onların altında açıq rəngli qumun və gilin olduğu görünür. Yaylada bu günə qədər məlum olan 13 mindən çox  xətt və fiqur vardır.  Külək min il ərzində onları təmizləyib,  daha qabarıq edib.
Səmadan əcaib mənzərə açılır – bütün səhra boyu xətlər çəkilib. Sanki nəhəng bir adam yaylanın üzərində albom vərəqində olduğu kimi  şəkillər çəkib.  Uçuş zolağı kimi  düz və uzun xətlər; həndəsi fiqurlar; yarpaqlar; budaqlar; heyvan və quş təsvirləri; möhkəm spiral və ziqzaqlar – şəkillər heç bir yerdə qırılmayan xətlərlə çəkilib.
XX əsrdə Naska  xətləri ilə arxeoloqlar maraqlanmağa başlayıblar.  Əvvəlcə bu xətlərə çox da əhəmiyyət verməyiblər. Belə qərara gəliblər ki,  bunlar qədim suvarma kanalları və ya müqəddəs yerlərə aparan  yollardır.
Lakin tezliklə  görüblər ki, Günəş  bu xətlərdən birinin  oxu boyu qürub edir, “kolibri”nin  burnu  yay gecə-gündüz bərabərliyində  Günəşin doğduğu  yeri göstərir. Onda qərara gəlirlər ki,  bu qədim təqvimdir, hərçənd  xətlərin çox cüzi hissəsini ulduzlu səma ilə tutuşdurmaq mümkün olur. Bəzi alimlər hesab edirlər ki, xətlər yeraltı çayların xəritəsidir.
Naska xətlərinin sirri hələ də açılmayıb.  Bir versiya digərini əvəzləyir.  Bu müəmmadan baş çıxarmaq isə hələlik mümkün görünmür.  Heoqlifləri (yerdə uzunluğu dörd metrdən çox olan xətləri belə adlandırırlar) qoruyub saxlamaq üçün  Naska xətləri UNESCO tərəfindən qorunur.  Lakin  yayladan keçən  avtomobil yolu və meşələrin qırılması  səbəbindən  məcrası dəyişən çay daşqınları  nadir abidəyə təhlükə yaradır.

About the author

Aile Travel

Add Comment

Click here to post a comment

Your email address will not be published. Required fields are marked *