English (US) Русский Azəricə Türkçe
Canlı Aləm Verilişlər

Okeanların fatehi Jak-İv Kusto-FOTO,VİDEO

Sualtı aləm hər zaman insanları cəlb edib. Bu aləmlə maraqlanan tədqiqatçılar daim suyun dərin qatlarına nüfuz edib dəryanın dibini görməyə çalışıblar. Bəs  hansı ixtiralar insanın suyun altında nəfəs almasına kömək edib? İnsanlar okeanın dibində nə aşkar ediblər?
İxtiraçılar okeanı fəth etmək üçün hər zaman cəsarətli ideyalar irəli sürüblər.  Hələ eramızdan əvvəl IV əsrdə Aristotel üzüaşağı çevrilmiş qazandan istifadə edib  onun  içərisindəki havanın köməyi ilə suyun altında nəfəs alan dalğıcları təsvir edib. Bü cür  suyadalma üsulu birinci dalğıc günbəzinin yaradılması üçün nümunə olub. Son bir neçə əsrdə insanlar cürbəcür  materiallardan çoxlu sayda dalğıc kostyumu yaradaraq sınaqdan keçiriblər. Amma bu kostyumların çoxunun çəkisi ağır, özü isə narahat olub, dalğıcın  suyun dibinə müstəqil enməsinə imkan verməyib.
1943-cü ildə iki fransız – tədqiqatçı Jak-İv Kusto və  mühəndis Emil Qanyan “sualtı ağ ciyər” – akvalanq  ixtira edərək okeanın öyrənilməsi sahəsində əsl inqilab edirlər. Kifayət qədər yığcam və rahat aparat olan akvalanq suyun altında müstəqil hərəkət etməyə imkan verir. İçərisinə sıxılmış hava doldurulan üç balon dalğıcın kürəyinə keçirilir. Oksigen xüsusi şlanq vasitəsilə dalğıcın ağzındakı müştüyə dolur. Nəticədə insan suyun altında rahat nəfəs alır və hərəkət edir. Sukeçirməyən maska yaxşı görməyə imkan  verir, dalğıcın gözlərini və burnunu qoruyur. Rahat kürəklər isə dalğıcın suyun dərinliklərində  balıq kimi üzməsinə şərait yaradır.
Jak-İv Kusto və onun komandası bu ixtiranı əvvəlcə öz üzərlərində sınaqda keçirib. Onlar həyatlarını riskə ataraq akvalanqın bütün qüsurlarını aradan qaldırıblar. Sualtı təhlükəsizliyi təmin etmək barədə düşünən ixtiraçılar oksigen verilməsi üçün avtomatik  tənzimləyici yaradıblar.
Akvalanqın kəşfi sualtı səltənətin qapılarını insanların üzünə taybatay açdı.  Jak-İv Kusto  və onun ardıcılları planetimizin müxtəlif guşələrində okeanların və dənizlərin dərinliklərinə baş vururlar. Dalğıclar okeanda gördüklərini dünyaya nümayiş etdirirlər.  Buna görə də sualtı foto və videoçəkilişlər inkişaf etməyə başlayır.  Sualtı aləmin gözəlliyi insanı valeh edir. Dalğıclar  suya qərq olan gəmiləri, fantastik mərcan  riflərini, dəniz sakinlərinin həyatını, suyun dibində yerləşən mağaraların şəklini çəkirlər. Kusto komandasının  aşkar etdiyi qədim yunan amforaları və antik mərmər sütunlar hazırda əsl muzey dəyərlərinə çevrilib.
Dalğıclar suyun zəif qızdığı dərin qatlarda tez donduqları üçün Jak-İv Kusto xüsusi hidrokostyum yaradıb. Bu kostyum soyuq suya dalma zamanı istiliyi daha yaxşı saxlayır. Nazik ara qat ilə təchiz edilən rezinləşdirilmiş xüsusi geyim dalğıcın nəfəsi ilə dolur. Kostyumun çox şişməməsi üçün ixtiraçı artıq havanı  çıxaran  xüsusi klapanlar düzəldib. Yeni model Qrenlandiya  buzlaqlarında uğurla sınaqdan keçirilib.
Məşhur səyyahın gəmisi ailə çəkişmələrinin qurbanı olub
İyunun 11-də Jak-İv Kustonun 100 yaşı tamam oldu. Dəniz dərinliklərinin məşhur tədqiqatçısının həyat yoldaşı, uşaqları və nəvələri onun irsinə sahib çıxmaq uğrunda məhkəmələrdə çəkişdikləri bir zamanda 40 il dünya okeanını dolaşmış, kapitanı və onun komandasını dünyaya tanıtmış “Kalipso” gəmisi anqarda çürüyür.
“Kalipso” bankir Loel Ginnesin sayəsində məşhurlaşmışdı. Məhz bu şəxs gəminin 1950-ci ildə Fransa ordusunun zabiti Jak-iv Kusto üçün almağa razılıq vermişdi. Sövdələşmənin rəsmiləşdirilməsindən sonra gəminin göyərtəsinə Kustonun həyat yoldaşı, nəslən dənizçi olan Simona ayaq basmışdı. Kusto yeni tədqiqatlar aparmaq məqsədilə sponsorlar axtarışında olarkən, Simona öz gəmisində ekspedisiyaları ard-arda düzmüşdü. “Bergere”-yəni “çobanqız”, qoçların himayədarı – “Kalipso”nun dənizçiləri Simonanı məhz belə adlandırırdılar.
Uğur qazanmasından sonra Kusto “Kalipso”ya gec gəlməyə başlamışdı. Maraqlıdır ki, çəkilişlərin 75 faizi onun olmadığı günlərdə çəkilmişdi. O, yalnız ən yüksək məqamlarda çəkilmək üçün komandasının yanına gəlirmiş. O zaman çox az adam bilirdi ki, onunla və Simona arasında gizli razılaşma var. Yəni Jak-İv Kusto “Kalipso”nun müqabilində azadlığını həyat yoldaşından almışdı. 1976-cı ildə tanış olduğu “Air France” aviaşirkətinin stüardessası Fransin Tripleylə növbəti romanı ömrünün sonunadək davam etmişdi. O vaxt kapitanın fanatları onun filmlərində Simonayla evliliyindən olan Jan-Mişel və Filiplə birlikdə aklavanqla sulara dalarkən, stüardessa Fransin və iki uşağı kölgədə qalırdı. Bu vəziyyət tam 15 il davam etmişdi. Kusto yalnız nadir hallarda qohumu kimi təqdim etdiyi Fransinlə adam arasına çıxırdı.
Ömrünün son üç ayı Simona Monako sahilində yaşamışdı. 70 yaşlı madam Kusto gəmi həyatının sərt ritminə tab gətirmək gücünü itirmişdi. Bundan başqa, kiçik oğlu Filipin ölümü onu möhkəm üzmüzdü. 1979-cu ildə o, vertolyot qəzasında həlak olmuşdu. Simonanın ölümündən bir il sonra Jak-İv Kusto Fransinlə təntənəli şəkildə nigahını rəsmiləşdirmişdi. 81 yaşlı kapitan 36 yaşlı Fransinin əlindən tutaraq Paris meriyasını tərk etmişdi. Həmin gün də ümumi uşaqları 10 yaşlı Diana və 8 yaşlı Pyer-İv ilk dəfə olaraq ictimaiyyətə təqdim edilmişdi.
Yeni madam Kusto mərhumun adını xatırladaq bütün izləri planlı şəkildə silməyə başlamışdı. “Kalipso”nun son məcarası” adlı kitabın müəllifi, jurnalist Bernar Dyussol Fransinin əməlini belə izah edir: “Bu, 15 il uşaqlarıyla kölgədə yaşamış və təhqir olunmuş qadının qisasıydı. O, iştirak etmədiyi tarixi silir”. Fransinin ilk “qurbanı” Kustonun oğlu Jan-Mişel olur. Ədalət naminə qeyd etmək lazımdır ki, onun atasıyla həmişə problemi olmuşdu. Onun atasından tez-tez pul istədiyi məlumdur. Simona Kustonun həyatını qələmə almış Joslin de Pass oğul Kusto haqqında belə yazır: “Jan-Mişelin artıq 70 yaşı var, ancaq o, pul qazanmaq üçün əvəlkitək Kusto adından istifadə edir. Amma heç zaman nə atasının istedadına, nə də kiçik qardaşı Filipin istedadına malik olmuşdu. O, böyük qardaş yerini ona görə tuta bilmişdi ki, çünki Filip həlak olmuşdu”.
İxtisasca memar olan Jan-Mişel qardaşının ölümündən sonra atasını dəstəkləmək məqsədilə 1979-cu ildə sualtı tədqiqatçı peşəsinə yiyələnmişdi. Amma ata-oğul münasibətləri heç də həmişə ürəkaçan olmamışdı. Onların ilk səs-küylü mübahisəsi 1993-cü ildə Okean parkı layihəsinin iflası üzündən baş vermişdi. Kusto cəmiyyəti Parisin mərkəzində yeraltı otaqda parkın yaradılmasına 100 milyon frank xərcləmişdi. Parka giriş biletini 75 frank (12 avro) qiymətləndirən Kusto ailəsi ildə təqribən 1 milyon tamaşaçı qəbul etməyi planlaşdırmışdı. Lakin növbəti 4 il ərzində ildə heç 400 min müştəri cəlb edə bilməyən Kusto ailəsi parkın bağlanmasına qərar vermişdi. O zaman ata- Kusto uğursuzluğa görə oğlunu günahlandıraraq jurnalistlərə dəhşətli fraza söyləmişdi: “Əgər kimsə sizin oğlunuzdursa, bu o demək deyil ki, sizin bütün qabiliyyətinizə malik olacaq”. Bu sözlərdən sonra Jak-Mişel Kusto Cəmiyyətinin vitse-prezidenti vəzifəsini tərk etmişdi.
Atasının maliyyə dəstəyini itirdikdən sonra Jan-Mişel soyadını Fici adasında yerləşən otelə sataraq gəlir etməyə qərar vermişdi. “Sən özünə hesabat verirsən? O, sənin adından istifadə edərək, pul qazanmaq istəyir!”,-deyə Jan-Mişelin ögey anası kapitanın qulağına pıçıldamışdı. Nəticədə bütün Fransa atanın oğulla məhkəmə çəkişməsini izləməyə məcbur olmuşdu. Bir neçə il sürmüş məhkəmə çəkişməsindən sonra məhkəmə qərar vermişdi ki, Jan-Mişel Kusto soyadından yalnız onun şəxsi adıyla bağlı istifadə edə bilər. Bundan sonra Fici adasındakı otelin adı dəyişdirilmişdi. Fransanın “Capital” jurnalının məlumatına görə, “Jan-Mişel Kusto” adından istifadə hüququna görə otel hələ də oğul-Kustoya ayda 9 min avro pul ödəyir.
Jan-Mişelin övladları-Fabyen və Selin, təbii ki, atalarının təsis etdiyi cəmiyyətdə çalışırlar. Əmisi uşaqları-Aleksandra və Filip də həmçinin okean və təbiətin mühafizəsi sahəsində fəaliyyət göstərirlər. Doğrudur, “Kusto” brendinin hüquqlarının sahibi olan analığın təhdidləri üzündən onlar təsis etdikləri cəmiyyəti “Filip Kusto” adlandıra bilmədilər. Onu “EarthEcho” adlandırmağa məcbur olmuşdular. Kustonun nəvəsi Filip BBC üçün dənizaltı aləm barədə sənədli fimlər çəkir. Bacısı Aleksandrasa dəniz səyahətləri təşkil edir. Yazıçı Joslin de Pass bununla bağlı belə deyir: “O, atılmış “Kalipso”nun əsl şahzədəsi ola bilərdi. Ağıllı, gözəl, Filipin qızı üç yaşından atası və babasıyla sualtı aləmə səyahət edirdi. Onun əla ekoloji təhsil aldığını vurğulamaq da lazımdır. Ən başlıcasısa, o, Fransinin heç zaman əldə edə bilməyəcəyi legitimliyə malikdir”. Təbii ki, dul Kusto Aleksandranın nənəsi Simonanın gəmisinin bərpa edilməsi məqsədliə atmaq istədiyi bütün cəhdlərinin qarşısını aldı.
Jan-Mişel də həmçinin qohumlarını özünün layihələrinə heç zaman cəlb etməmişdi. “O, ümumiyyətlə, atasına oxşayır: uşaqlarıyla az maraqlanır, sevgilisilə yaşayır”, – Kusto ailəsinə yaxın olan adamlardan biri belə deyir. Parisdəki mənzil kapitandan ona qalmış yeganə mirasdır. Amma Jan-Mişel heç zaman analığıyla məhkəmə mübahisələrinə getməyəcək, ona görə ki, onda ata-Kustonun oğluna heç zaman vermədiyi məbləğin yazıldığı dosye var. Kapitanın daha çox borc aldığı vurğulanır. Fransin isə Simonanın oğlunu tarixdən silməkdə davam edir: “Kustonun Odisseyası” komiksini təkrar nəşr etməklə Jan-Mişelin olduğu şəkilləri silir. Bəli, əfsanəvi Kusto həyatda olmasa da, varisləri arasında çəkişmələr hələ də davam edir.
Fransızlar da “Kusto işi”nin acınacaqlı vəziyyəti barədə ətraflı məlumatı yoxdur. Ən açınacaqlısı budur ki, sualtı aləmin gözəlliyinin bəşəriyyətə tanıdılmasında böyük rol oynamış “Kalipso” gəmisi Fransa portlarının birində çürüməkdədir

Bu maraqlıdır: Qurudakı  təzyiq hiss olunmur.   Axı, biz yalnız havanın təzyiqinə məruz qalırıq. Dənizə baş vuranda isə su sütunun təzyiqini hiss edirik. Suyun  təzyiqi 10 metr dərinlikdə  iki dəfə, 20 metr dərinlikdə 3 dəfə  artır və bu ardıcıllıqla davam edir. Suyun səthindən 9 min metr dərinlikdə hər kvadratsantimetrə  düşən  suyun təzyiqi təqribən bir tona çatır.