English (US) Русский Azəricə Türkçe
Hər şey daxil Maraqlı

“Prezidentlərin dostu”nun kəndi böyük köç astanasında – Lazadan REPORTAJ

Məmur-oliqarxlar lazalıların qışlaqlarını zəbt edib; 5 min il yaşı olan şəfalı daş Lazada necə peyda olub?

Azərbaycanda qış turizmi üçün əlverişli rayonlardan biri də Qəbələdir. Böyük Qafqaz sıra dağlarının Tufandağ və Bazardüzü zirvələrinin ətəyində yerləşən Qəbələdə turizmin inkişafı üçün görülən işlər ümumilikdə rayonun görkəmini dəyişib. Rayon mərkəzinin ətrafındakı kəndlərdə də canlanma hiss olunur. Ən ucqarlarda belə gəzib-görməli mənzərəli məkanlar var.

Laza Qəbələnin qədim kəndlərindəndir. Sakinləri köçəri həyat tərzi sürürlər. Kənddə 150-yə yaxın ev var. Rayon mərkəzindən uzaq deyil. Dağların ətəyində yerləşən Lazaya illər əvvəl asfalt yol çəkilib. Kəndin içində isə yollar betonla örtülüb. Səbəb də bu yerlər üçün adi olan sel-sularının kəndin içindən keçməsi, yolu-rizi yuyub aparmasıdır. Lazalılar zarafatla deyirlər ki, bizim üçün ilin 2 fəsli var – qış və yay. Yayın yekunlaşması havalaırn kəskin dəyişməsi, yağışların yağması ilə özünü göstərir. Artıq kənddə cübbədə, qış geyimində gəzənlər də gözə dəyir. Dəmiraparan çayının qışda şıltağlığı, məcrasından çıxması kəndə çəkilmiş yeni yolu tez-tez yararsız hala salır. Rayon mərkəzindən Lazaya 10-15 dəqiqəlik yol var. Yol “Tufandağ” turizm zonasının yanından, kanat yolların altından keçir, Dəmiraparan çayının kənarı ilə kəndə sarı uzanır. Çay kənarında yol dağınıqdır. Yerli sakinlər deyirlər ki, 2016-cı ildə daşqın və selə keçən gursululuq yolu dağıdıb, bir neçə gün kəndin rayon mərkəzi ilə əlaqəsi kəsilib. Kənddəki evlərin zirzəmilərini su basıb. Həmin zaman kənddə bir neçə evdə yaşayış olub, sakinlərin böyük hissəsi qışlaqlarda olublar.

Lazalılar köçəri həyat tərzi sürürlər. Əsasən heyvandarlıqla məşğul olur, qışı Ucar, Zərdab və Kürdəmir ərazisindəki qışlaqlarda keçirir, sürülərini artırır, yayda Lazaya qayıdırlar. Deyirlər ki, 2016-cı ildə sel suları kəndə ciddi ziyan vursa da, kəndin kənarındakı qədim şəfalı daşa xətər yetirməyib, sel həmin daşı aparmayıb. Lazalılar bunun bir möcüzə olduğuna inanırlar.

Kəndin məşhur simalarından biri də Dağlar Səfərovdur. Yerlilər onu “prezdentlərin dostu olan kəndçimiz” adlandırırlar. Dağlar Səfərov xalçaçılıqla şöhrətlənən Laza sakinlərindəndir. İerlilər onun kəndin abadlaşması, tanıdılması üçün atdığı addımlardan danışmağı xoşlayırlar. Dağlar Səfərov Lazada olan və yerlilərin şəfalı daş olmasına inandıqları böyük qaya parçasının da tanıdılması üçün addımlar atıb. Yerli sakinlərin sözlərinə görə, bir neçə il əvvəl onun təşəbbüsü ilə şəfalı daş parçası ilə bağlı ərazidə lövhə quraşdırılıb. Həmin qayanın fövqəlgücə məxsus olması haqda rəvayətlər Lazanı turistlər üçün də cəlbedici edir. Lazalılar həmin daşın ərazidə necə peyda olmasının tarixçəsini bilmirlər. Deyirlər ki, təxmini hesablamalara görə, həmin qaya parçasının 5 min il yaşı var. Elə Dağlar Səfərovun quraşdırdığı lövhədə də belə bir mübahisəli rəqəm göstərilib. 5 min il. Yerlilər Lazanın da yaşının belə qədim olmasını iddia edirlər. Bu iddialaırn nə dərəcədə doğru olmasını söyləmək çətindir. Azərbaycan tarixçilərinin yolunun bu ərazilərə düşməməsi də maraq doğurur…

“Prezidentlərin dostu” Dağlar Səfərov ötən il ABŞ-ın 45-ci prezidenti Donald Trampın xalça üzərində portretini hazırlayıb və müşayiətedici təbrik məktubu ilə onun özünə göndərib. O məktubda vaxtilə ABŞ-ın eks prezidentləri Corc Buş, Barak Obamaya da məxsus xalça hazırladığını vurğulayıb. Lazalılar deyir ki, Dağlar Səfərov indiyədək onlarla dünya liderinin portretini hazırlayıb. Onların bir çoxu ilə təkbətək görüşüb. Məşhur xalçaçının kəndi bu gün böyük təhlükə qarşısındadır. Kəndin boşalması problemi hər ötən il daha da aktuallaşır. Səbəb də qışlaqların lazalıların əlindən alınması, onların əsas gəlir mənbəyi olan heyvandarlıqdan vaz keçmək məcburiyyəti ilə üz-üzə qalmalarıdır.

Lazadan yaylaqlara köç oktyabrda başlayır. Sakinlər indidən həyacan təbili çalır, yaylaqlarda onları çətin günlər gözlədiyini deyirlər. Ötən ilin mayında yaylaqlardan qayıdan lazalılar həmin yerlərdə bu il sürülərinə otlaq sahələri olmayacağını böyük təşviş içində dilə gətirilər. Yaylaq-qışlaq ənənəsi torpaqların zəbt edilməsi üzündən tədricən aradan qalxmaqdadır. Lazalılar deyir ki, qışlaqları pambıq əkilməsi adı ilə əllərindən alınır. Ötən il qışlaq sahələrinin bu yolla zəbt olunması lazalıları çıxılmaz duruma salıb. Qışlaqlarda yaranan mübahisələrə polis müdaxilə etməli olub. Lazalılar deyirlər ki, heyvandarlıqdan başqa məşğuliyyətləri, gəlir sahələri yoxdur. Qışlağa köç etməsələr, bütünlükdə həyatları alt-üst ola bilər, Lazada yaşamları qeyri-mümkün hala gəlib çatar. Mal-heyvanların otlaq sahələrinin get-gedə zəbt olunması, əsasən məmur-oliqarxların, onların qohum-qardaşının qışlaq sahələrinə sahiblənməsi çox ciddi problemə çevirilib. Ucar ərazisində sabiq nəqliyyat nazirinin qardaşı, Zərdabda icra başçısının ətrafı ərazilərdə pambıq əkəcəkləri adı ilə qışlaqları şumlatdırıb, mal-heyvan üçün qiymətli olan təbii yem ehtiyatları, Qırmızı kitaba düşən bitkilər traktorların tırtılları altında məhv olub. Lazalılar deyir ki, onları qışlaqlarda yaşadıqları müddətcə – əsrlərlə oradakı bitki örtüyünə, köçəri quşlara bunca ziyan verməyiblər. Hazırda isə ərazilər gecə yarısı şumlanır, yolğun, yovşan, iydə və s bitkilər məhv edilir. Bu isə qışlaqlarda təkcə onların mal-heyvanlarının deyil, ərazilərdəki oxatan kirpi, dovşan və s. bu kimi heyvanların da ac qalmasına, bu heyvanları ovlayan tülkülərin, vəhşi quşların da populyasiyasının azalmasına gətirib çıxarır. Turac, bəzgək, ördək, qaz, durna və digər köçəri quşlar da Azərbaycan ərazisindən sıxışdırılıb çıxarılır. Lazalılar deyir ki, məmur-oliqarxlar onların istifadəsində olan qışlaqları pambıq əkmək adı ilə zəbt edir, faktiki isə yonca əkib satırlar. Onlara da məsləhət bilirlər ki, mal-heyvalarını tövlə şəraitində saxlasınlar. Yəni məmur-oliqarxların əkib satdığı yoncanı pulla alıb heyvandarlıqla məşğul olsunlar.

Lazalılar həyacan təbili çalır, məmur-oliqarxların dayandırılması üçün müvafiq dövlət qurumlarını hərəkətə keçməyə çağırırlar.

“Yeni Müsavat”