English (US) Русский Azəricə Türkçe
Avropa Faydalı Hər şey daxil

Qış günəşi Barselona.. Əsrarəngiz katalon şəhəri..

Dünyanın ən gözəl şəhərlərinin birinə siyasi böhrandan sonra getmək necədir?

Yəqin ki, Barselona kimi bir şəhərdə yaşamaq kimə təklif olunsa qəbul edərdi.

Bu şəhərdə günəş qışın ortasında belə insanı isidə bilir.

Bu şəhərdə turistləri sevmirlər. Çünki onlar burda hamını bezdirib.

Bəzən Polşanın insanı “qılınc kimi kəsən şaxtanı” belə arzulamağa məcbur edən soyuğuna düşüb üşüyəndə qərara gəlirdim ki, bir müddətlik də olsa çıxmaq lazımdır. Əslində soyuq bir ölkədə doğulsaydım, həmin ölkəyə aid olsaydım bəlkə də bu qədər narahat olmazdım. Necə ki, Bakının küləyi hər hansı bir xaricidən fərqli olaraq məni elə də narahat eləmir. Amma neyləmək olar, cənubluyuq, böyük bir hissəsi günəş şüalarının təsirində olan ölkədə doğulmuşuq.

Düşündüm ki, bir az qızınmaq lazımdır və üz tutdum Barselonaya. Büdcəm imkan versəydi Havay adalarına gedərdim, amma Barselona da pis deyil, ən azından orda yaza bənzər bir qış var.

Biletimi çox yaxşı qiymətə almışdım, belə ki, Qdansk aeroportundan buraya bizim pulla cəmi 40 manata uçdum. Biletin niyə ucuz olduğunu təyyarədə başa düşdüm. Boş idi. İlin-günün bu vaxtı Barselonaya kim uçar? Yalnız mənim kimi, yayda yatıb, qışda oyananlar. Görünür şəhərdəki siyasi böhran xeyli adamı qorxutmuşdu. Üstündən nə qədər keçməsinə baxmayaraq hələ də tərəddüd eləyənlər var. Avropalılar belədir. Bir yerdə təhlükəsizliklə əlaqəli bir xəbər çıxdımı, azı yarım il ora ayaq basmazlar. Həm dediyim kimi, artıq qışdır.

Oooo Polşa!!

Hava limanını tərk edən kimi ənənəvi olaraq əlimdə şəhər xəritəsi, bilet satılan elektron köşk axtarmağa başladım. Çünki mərkəzə metro və ya qatarla gedə biləcəyimi bilirdim. Amma bilmirəm mənim bəxtimə elələri çıxdı, ya yox, ingiliscə bilən birini tapmağım xeyli çəkdi. Düşündüm ki, əslində bir şəhərin ingilis dili bilmə səviyyəsini bununla müəyyən etmək çətindir. Xüsusən də turistlərin bol olduğu şəhərlərdə. Amma bu qənaət mənim ingilis dilli birini gec tapa bilməyim barədəki həqiqəti dəyişmədi. Nəhayət ziyalı görkəmli bir gənc gördüm və ona yaxınlaşaraq kömək istədim. Roberto mənə hansı yolla getsəm, hansı bileti alsam daha sərfəli olacağını izah etdi. Məlum oldu ki, yolboyu mənə yoldaşlıq edəcək, eyni yerə gedirik.

20171128_133631_2.jpg (88 KB)

Havadan-sudan edilən ənənəvi söhbətin ardından məsələ gəldi “sən hardansan?” sualına. Dedim qoy bir təcrübə eləyim, görüm fərq nə olacaq. Dedim Polşadanam. Robertonun üzü güldü, başladı Polşa haqqında bildiklərindən, təəssüratlarından, oraya marağından danışmağa. Tez sözünü kəsib dedim ki, bəs azərbaycanlıyam. Bir az ötəri məlumat, bayaqkı həvəsdən əsər-əlamət yox… Neyləmək olar, taleyimiz belədir, biz Avropa ailəsindən hələ çox uzağıq.

İlk tanışlıq

Səhər hoteldən çıxıb Barselona küçələri ilə addımladıqda şəhərin havasına görə duyduğum məmnunluqdan həzz alırdım. Burada günəş vardı.
Hər bir isti şəhərdə olduğu kimi Barselonada da balkonlu evlər çox idi. Bu balkonlarda günəşin həddindən artıq yandırıcı istisinə qarşı böyük pərdələr çəkilmişdi. Yəqin bunlar yaydan qalıb. Ya da indi də günəşdən bezən insanlar var. Biz soyuqdan bezdiyimiz kimi onlar da günəşdən beziblər.

ссссс.jpg (159 KB)

Şəhər başdan-başa olmasa da xeyli dərəcədə çox sayda siyasi şüarlara bürünmüşdü. Məlumat üçün deyim ki, Barselona İspaniyada katalonların çoxluq təşkil etdiyi Katalonya əyalətinin paytaxtıdır və bu şəhərdə keçən ilin sonuna yaxın referendum keçirilib. İnsanlar referenduma aid seçimlərini balkonlardan asıblar və bu bir çox balkonlarda hələ də çıxarılmayıb. Əksəriyyətində “hə” mənasını verən “si” kəlməsi və Kataloniya bayrağı asılıb. Bəzilərində isə İspaniya bayrağı var. Görünür onlar ölkənin parçalanmasını istəmirlər. Lakin biz şərqlilərdən fərqli olaraq onlar mübarizəni olduqca sivil aparırlar. Siyasi konflikti olan, ayrılmağa meylli olan insanla, bunu istəməyən insanın qonşu balkonları olan evdə yaşaması istənilən halda yüksək mədəniyyətin göstəricisidir.

barsa_2.jpg (84 KB)

Barselonanın özü

Təbii ki, ilk olaraq özümü şəhər meydanına atdım və “La Sagrada Familia”nı görməyə tələsdim. Xeyli dərəcədə böyük, əzəmətli olduqca əsrarəngiz bir bina idi. Bu kilsənin qarşısında oturub ona saatlarla baxmaq olar. Tikintisi hələ də davam edən bu məşhur binanı 2026-cı ildə bitirməyi planlaşdırırlar- memarı Antoni Gaudinin 100 illik yubileyində. Yeri gəlmişkən onu da qeyd eləyək ki, Barselonanı Barselona edən elə məhz Gaudinin əsərləridir. Bu şəhəri onun tikililəri olmadan təsəvvür eləmək qeyri mümkündür. Memarın özü isə elə “La Sagrada Familia”nın tikintisini müşahidə edən zaman tramvay altında qalaraq həlak olub.

la sagrada.jpg (160 KB)

Kilsənin tikintisi zamanı Gaudinin təbiətdən ilham aldığı aydın müşahidə olunur. Onun həm çölü, həm də içi ziyarətçiyə uzun ağacların bir-birinə keçdiyi, sirli bir yerdə dayanıbmış kimi hiss etdirir. Deyə bilərəm ki, “La Sagrada Familia” Avropanın bir çox şəhərlərində gördüyüm kilsələr içərisində ən möhtəşəm olanıdır.

Və Park Guell..

Burda da Gaudinin əməyi var, hətta parkdakı tikililərin müəllifi birbaşa olaraq özüdür. Deyilənə görə memarın özü də burdakı evlərdən birində yaşayırmış. Park Guell Barselona mərkəzindən bir qədər kənardadır. Buraya getmək üçün yaxın metro stansiyalardan birindən çıxmalı və çox hissəsini piyada gedəcəyiniz bir təpəyə qalxmalısınız. Yarı yolda eskalatorlar köməyinizə çatacaq, amma istənilən halda yorulacağınızdan əmin olun.

guell.jpg (83 KB)

Park Guell Barselonada mənim bəyəndiyim əsas yerlərdən biri oldu. Yəqin ki, yayda burda turist əlindən tərpənmək olmaz. Baxmayaraq ki, indi də turist cəhətdən yoxsulluq çəkmir.

Bura Barselonanın mərkəzi hissəsindən hündürdə yerləşir. Burdan şəhərə bir çox yerlərini görə biləcəyiniz, əla bir mənzərə açılır. Parkda dolaşmaq sərbəst olsa da, parkın əsas hissəsinə giriş pulludur. Gaudinin əsərləri olan rəngbərəng kiçik evlər həqiqətən gözəldir.

Şəhərin insanlarla dolu, hərəkətli hissəsində gəzmək istəyirsinizsə köməyinizə La Rambla prospekti çatacaq. Burada tərkibi böyük ölçüdə turistlərdən ibarət olan insan kütləsi Passeig de Gracia istiqamətində və ya əks istiqamətdə hərəkət edir. Heç təsadüfi deyil ki, keçən il Avropanın səs-küylü hadisələrindən olan Barselona terroru zamanı da terrorçular məhz buranı seçmişdilər.

La Rambla-nın hər iki tərəfində yerli və ispan restoranları var. Barselonaya getmisənsə nə yemək lazımdır? Əlbəttə ki, paella.

paella 2.jpg (83 KB)

Belə gəlişi gözəl cümlələrə aldanmasanız yaxşıdır. Düzünü deyim ki, paellanı sadəcə bu şəhərə aid bir şey yemək üçün yedim. Dəniz məhsullarından və düyüdən ibarət olan bu yeməyi sevə bilmədim. Ümumiyyətlə biz azərbaycanlılara yemək bəyəndirmək çətin məsələdir.

Barselonadakı azərbaycanlı alverçi..

Növbəti gün şəhərin eyni adlı klubunun stadionunu ziyarət elədim. Dünyanın ən güclü komandasından birinin, bəlkə də birincisinin stadionu da turistlərin əsas diqqət mərkəzində idi. Çox təəssüf ki, mən oyunlar zamanı burda yaşanan atmosferi görə bilmədim. Stadionu sadəcə boş vaxtında gördüm və bir neçə hədiyyəlik əşya alaraq tərk elədim. Düzünü deyim ki, stadiondan sonra artıq çox yorulmuşdum. Vaxtım dar idi və mən hələ sahilə gedə bilməmişdim.

Barselona sahili isə məni öz isti küləyi ilə qarşıladı. Fikirləşdim ki, yəqin yayda insanlar bura ancaq axşam saatlarında çıxar. Sahil Barselonanın yayda çəkilmiş şəkillərindən fərqli idi, insanlar seyrək halda oturmuşdular. Limanın düz qarşısında isə əsasən qaradərililərdən ibarət alverçilər geyim və bəzək əşyaları, şəhərə aid suvenirlər satırdılar.

Bu alverin xarakteri mənə çox maraqlı idi. Nəhayət bir tanış tapdım. Tanış deyəndə ki, o da bizdən idi, öz həmşərimiz. Məhəmməd dedi ki, Zəncanda doğulub. Sonradan İtaliyaya köçüb, orda evlənib və indi gəmiylə sahil şəhərlərini gəzərək suvenir əşyalar satır. Dedi ki, burda gördüyün alverçilərin çoxu bura gəmi ilə gəlib, Aralıq dənizi boyunca şəhərdən şəhərə keçir və alver eləyirlər.

alverci.jpg (74 KB)

Məhəmmədlə sağollaşıb üz tutdum otelimə tərəf, növbəti günün səhəri Polşaya uçmalıydım.

Barselona getdiyim şəhərlər arasında bəlkə də yeganə şəhər oldu ki, burda tərəddüdsüz yaşaya biləcəyimlə bağlı təəssüratım yarandı. Hərçənd ki, bu şəhərdə turistləri və gəlmələri sevmirlər. Onlara görə şəhər öz sakitliyini qoruya bilmir, yerlilər narahat olur. Varlı gəlmələr şəhərdə çoxlu əmlak alır deyə evlərin qiyməti qalxır. Turistlərin gəzdiyi yerlərdə kobud formada “evinizə gedin” tipli yazılar yazılmışdı.
Amma hansı şəhərin yerliləri gəlmələri sevir ki? Necə deyərlər başına gözünə döyə-döyə birtəhər yaşamaq olardı.

Araz Bayramov

musavat.com

 

20171127_130702.jpg (163 KB)

About the author

Aile Travel

Add Comment

Click here to post a comment

Your email address will not be published. Required fields are marked *