English (US) Русский Azəricə Türkçe
Hər şey daxil Maraqlı

Şəfiqə Axundova

Şəfiqə Axundova 1924-cü ildə Şəki şəhərində anadan olmuşdur. O, 1943-1944-cü illərdə Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində oxumuş, dahi bəstəkar Üzeyir Hacıbəyovdan dərs almışdır. 1956-cı ildə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir.

Şəfiqə xanım tələbəlik illərindən onun üçün çox əziz olan bir hədiyyəni səliqə ilə saxlayırdı. Bu, sevimli müəllimi Ü.Hacıbəyovun “Cəngi” not dəftəri idi. Onun titul vərəqində bəstəkar öz xətti ilə yazmışdır: “Gənc bəstəkar, istedadlı tələbə Şəfiqəyə bir xatirədir. Ü.Hacıbəyov ”.

Gənc bəstəkar hələ tələbə ikən “Layla”, “Zəfər marşı”, “Zəfər bizimlədir” mahnılarının, fortopiano üçün süita, simli kvartet üçün iki pyes və digər musiqi əsərlərinin müəllifi kimi tanınırdı. Bəstələdiyi mahnıları məşhur müğənnilər Şövkət Məmmədova, Bülbül və başqaları ifa edirdilər.

Onun “Nəğmədir həyat”, “Şəki”, “Vətən sevgisi”, “Doğma diyarım”, “Qadın əlləri”, “Mehriban olaq”, “Yaşa, ürəyim”, “Həyat, sən nə şirinsən” və s. mahnıları çox məşhurdur. Nizaminin, Füzulinin, Vaqifin, Puşkinin, Natəvanın sözlərinə yazdığı romanslar xalq arasındageniş yayılmışdır.

Bir zaman Ş.Qurbanov adına musiqili Komediya Teatrının afişaları tamaşaçıları Şəfiqə Axundovanın “Ev bizim, sirr bizim” musiqili komediyasına baxmağa dəvət etdi. Bəstəkarı musiqili komediya müəllifi kimi də tanıdılar.

1972-ci ildə “Gəlin qayası“ operasını yazmaqla, Şəfiqə Axundova Şərqin ilk opera yazan qadın bəstəkarı kimi tarixə düşdü. Operanın Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında tamaşaya qoyulması Şəfiqə Axundovanın yaradıcılığında əlamətdar hadisə oldu. Bu opera neçə illərdir ki, teatrın repertuarındadır. Opera tam şəkildə vala da yazılmışdır. Bu hadisəni bəstəkar özü üçün səadət adlandırırdı.

Şəfiqə xanım uşaqlar üçün də bir sıra mahnılar – “Əziz müəllim”, “Doğma məktəb”, “Əkiz bacılar”, “Zümrüd” “Pişik”, “Kukla”, “Bacılar” və s. yazmışdır.
Bəstəkar xanım 1998-ci ildə Azərbaycan Respublikasının xalq artisti adına layiq görülmüş, 2004-cü ildə isə “Şöhrət” ordeni ilə təltif edilmişdir.

500-dən artıq mahnının müəllifi olan bəstəkarın ürəyi ömrünün ixtiyar çağında da xalqının sevinci və kədəri ilə birgə döyünür, onu daha maraqlı əsərlər yaratmağa ruhlandırırdı.

26 iyul 2013-cü ildə Şəfiqə Axundova əbədi dünyasına qovuşdu.