English (US) Русский Azəricə Türkçe
Faydalı Hər şey daxil Maraqlı

Seriallar beynin fəaliyyətini dondurur

İlk seriallar Latın Amerikasında yaranıb. Müstəqillik qazandıqdan sonra bu ölkənin istehsalı olan seriallar Azərbaycanda da yayımlandı. Qadınlar seriallara o qədər aludə oldular ki, bu, onların həyatının bir hissəsinə çevrildi. Azərbaycanı təzəlikcə serial dalğası bürüyəndə onun cəmiyyətin həyatına mənfi təsirləri haqqında çox danışılırdı. Yenidən bu  mövzuya qayıtmağımıza  səbəb isə nevropatoloq İlham Cavadovun serialların beyinin fəaliyyətini müəyyən formada dondurması haqqında həyəcan yaradan fikri oldu.

Həkim serialların sağlamlığa zərərli olduğunu vurğulayaraq “tutalım, insan bəyəndiyi seriala gözlərini qırpmadan baxır. Beyin isə gözləri yumanda istirahət edir. Bəllidir ki, fiziki fəaliyyət beynin məhsuludur. Bütün hərəkətlər beyində başlayır, orada planlaşdırılır və əmələ gəlir” – deyir.

Serialın nümayişi zamanı nə baş verdiyini bilmək maraqlı olardı. Seriallarda insanlar müəyyən bir hadisəni görürlər. Bu vaxt ərzində insanın beyini sevinir, kədərlənir, sinirlənir, qorxu hissi keçirir. Nevropatoloqun dediyinə görə, insanın beyini serialı izlədiyi müddətdə adrenalin buraxır. Bədən oturduğu halda tam hərəkətdə olur. Dayanmadan televiziyaya baxmaq beyini, gözü qeyri-adekvat  formada dondurur. Serial  bitdikdən sonra insan yavaş-yavaş sakitləşməyə başlayır.

İnsanlarda serialmaniya yaranır

Bildiyimiz kimi, serialların minimum yayımlanması 3 ay çəkir. Bu müddətdə seyriçilər seriallara  bağlanırlar. Hər gün səbirsizliklə filmin davamını gözləyirlər. Yorucu, usandırıcı proseslərin uzun müddət zəif templərlə davam etməsi beyinin fəaliyyətini yorur. Sözsüz ki, gözlər də yorulur. Müsahibimin fikrincə, serial aludəçisi olan yeniyetmələr 1-2 il  sonra  eynəkdən istifadə etməli olacaqlar.

Seriyalar yuxumuzda davam edir

Nevropatoloqun dediyinə görə, təcrübəsində seriallara aludə olan insanların yuxusunun pozulduğuna da rastlaşıb. Çünki bu zaman seyriçi serialın təsiri altında yatır: “Hətta bəzən serial qəhrəmanları insanların yuxularına da girir. Yeniyetmə tamaşaçıya sonradan serialdakı aktyorun hansı vəziyyətlərə düşməsi maraqlı deyil. Gənc üçün birinci effekt yadda qalan olur. Əgər serial qəhrəmanları hər hansı bir cəngəllikdə olurlarsa, serialda ailə-məişət zəminində davaları gedirsə bu proseslər insanların  beynində də təkrarlanır. Yəni insan serialdakı davaları beynində canlandırır”. Beləliklədə beyin yorulur. Bu  beyni üçün çox pis faktordur. Çünki beynini yorunması əsəb  xəstəliklərinin yaranmasına səbəb olur. Hətta insanlar özlərində yalançı xəstəliklər tapırlar. Təbii ki, serialda rolu ifa edən aktyor süni sürətdə özündə bu xəstəliyi yaradır. İzləyici isə yalançı xəstəliyi özündə yaradır.

Serialların “pis adamları” xarakterimizi dəyişdirir

Serialların əksəriyyətində mənfi qəhrəmanlar olur. Mənfi obrazlarda da aldatma,  ikiüzlülük faktlarının şahidi oluruq. Belə rollar həyat təcrübəsi az olan yeniyetməyə mənfi təsir göstərir. Serialda hər hansı bir aktirisanın və ya aktyorun oynadığı mənfi rolu yeniyetmə izləyir. Yeniyetmə getdikcə süni rolu mənimsəyir, inkişaf etdirir və müəyyən müddət sonra biruzə verməyə başlayır. Bəzən seriallar insanları pis vərdişlərə həvəsləndirir.

Serial izləyərkən analizə, düşüncəyə ehtiyac duyulmur. Halbuki bədii filmlərdə insan  beyni düşünür, analiz edir. Məsələn, “Leyli  və Məcnun”a baxdıqda insan məhəbbət haqqında  düşünür. Və yaxud “Spartak” filmini izləyən insan qəhrəmanlığı, azadlığı dadmaq istəyir. Belə filmlər insanları düşünməyə vadar edir. Seyriçinin iki saat ərzində izlədiyi epizodlar, ola bilsin ki, ömrü boyu ona gərəkli olar.

Bütün bu amilləri nəzərə aldıqda serialları silahın bir növü hesab etmək olar. Çünki serialların insanlara psixoloji təsir göstərməsi, onları hipnoz etməsi danılmazdır. Serialların insanların tərbiyəsinə, adət-ənənələrinə birbaşa təsiri təsdiqini tapıb. Tərbiyəvi nöqteyi-nəzərdən seriallar ən çox yeniyetmələrə təsir göstərir. Odur ki, seriallara qeyri-ciddi yanaşın və onlara aludə olmayın!

Bu vərdişi necə tərgitməli?

Həkim seriallara aludə olan insanlara tövsiyə verərkən qeyd etdi ki, onlar özlərinə “Mən niyə bu qədər seriallara baxıram?” sualını versinlər və cavab tapmağa çalışsınlar. Çünki seriallara hədsiz aludəçilik düzgün tendensiya deyildir: “Serillara mümkün qədər az vaxt sərf edin. Orada baş verənlərə qeyri-ciddi yanaşılmalıdır. Düşünürəm ki, bədii filmlər insanla   rı maarifləndirməli və doğru istiqamətlərə aparmalıdır”.

Sözsüz ki, serialların insan həyatına müsbət təsirləri də var. Serialların fiziki cəhətdən qüsurlu insanlar üçün  böyük əhəmiyyəti var: “Həmin şəxslər demək olar ki, yaxınlarından başqa heç kimlə təmasda olmurlar. Belə insanlar müəyyən qədər seriallar vasitəsi ilə təskinlik tapırlar”.

Qocalar evində məskunlaşan yaşlı adamlara da serialların ziyanı yoxdur. Bildiyimiz  kimi, seriallarda həyatı gözəl, rəngləndirilmiş şəkildə göstərirlər. Yaşlı insanlar seriallardakı məhəbbət məcaraları ilə, qayğısız həyatla, var-dövlətlə şüuraltı təmasda olurlar və özlərini həmin seriallarda hiss edirlər. Məsələyə bu baxımdan yanaşanda serialların müsbət təsirini qeyd etmək olar. Ancaq serialların müsbət təsirindən çox mənfi təsirləri var.