English (US) Русский Azəricə Türkçe
Avstraliya Faydalı Maraqlı

Sidney opera teatrı

“Opera House” adı ilə tanınan qeyri-adi teatr binasına görə Avstraliyanın ən iri şəhəri olan Sidneyin mənzərəsinı dünyanın minlərlə şəhəri arasında asanlıqla tanımaq olar. O, dünya memarlığının ən məşhur incilərindən biridir. Sidney opera teatrı bu yaxınlarda təntənəli şəkildə özünün 40 illik yubileyini qeyd edib. Lakin onun tarixi daha əvvəldən başlayır.
Hələ 1954-cü ildə Sidney simfonik orkestri və Yeni Cənubi Uels konservatoriyası Sidney opera teatrının yaradılması ideyasını irəli sürüb. Ştatın hökuməti gələcək binanın yerini müəyyənləşdirib və opera teatrı üçün ən yaxşı layihə üzrə açıq beynəlxalq müsabiqə elan edib.
Şəhərin siması olacaq effektiv binanın Sidney limanında “Bennelong Point” adlı yerdə tikilməsi qərara alınıb.
1956-cı ilin dekabr ayına qədər artıq 28 ölkədən 233 müraciət qəbul olunub. Jüri yekdil olaraq danimarkalı memar Yorn Utzonun layihəsinə səs verib. Bina qeyri-adi orijinal balıqqulağı formasına malikdir. Onun daxilində 4 səhnə yerləşir. Əsas Konsert zalında eyni zamanda 2500 tamaşaçı yerləşə bilir, opera zalı isə 1500 nəfər üçün nəzərdə tutulub.
Digər iki zal dramatik teatr tamaşaları üçün istifadə olunur. Bundan başqa binada kinozal və iki restoran da fəaliyyət göstərir. 10 min borudan ibarət dünyanın ən iri mexaniki orqanı da məhz burada yerləşir.
Teatrın əsas binası 2,2 hektar ərazini əhatə edir, çəkisi 27 tondan artıq olan məşhur damı isə 2194 hissədən ibarətdir! “Balıqqulağı” şəkilli damın üstü milyonlarla plitə ilə örtülüb və dəniz səthindən əks olunan günəş şüaları onun üzərində gözəl işıq ahəngi yaradır.
Tikintisi 14 il davam edən “Opera House” dövlətə 102 milyon dollara başa gəlib. 1973-cü il oktyabrın 20-də kraliça II Yelizaveta binanın təntənəli açılışında iştirak edib.
Sidney opera teatrının təxminən 40 ilik fəaliyyəti ərzində onu 40 milyondan artıq insan ziyarət edib ki, bu da bütün Avstraliya əhalisindən bir neçə dəfə çoxdur. 2007-ci ildə UNESCO tərəfindən “Opera House” Beynəlxalq irs obyekti adlandırılıb.
 

About the author

Aile Travel

Add Comment

Click here to post a comment

Your email address will not be published. Required fields are marked *