English (US) Русский Azəricə Türkçe

Siqaretin dəhşətləri

Siqaretin insan orqanizminə zərəri haqqında çox yazılıb, çox deyilib. Amma onun yeniyetmə orqanizminə, uşaqlara, gənclərə mənfi təsirinə az toxunulur.

Siqaretin zərəri uşaqlara, yeniyetmələrə, gənclərə ətraflı izah olunmalı, onlar siqaretdən uzaq salınmalıdır.

Uşaqlarla, yeniyetmələrlə daha çox müəllimlər məşğul olduğundan bu işdə müəllimlərin üzərinə böyük məsuliyyət düşür.

Biologiya-kimya müəllimləri dərs keçərkən siqaretin insan orqanizminə zərərli təsiri barədə geniş izahat işləri aparmalıdırlar.

Uşaqların və yeniyetmələrin siqaret çəkməsinin əsas səbəbkarı elə onların öz yoldaşları və valideynləridir. Eyni zamanda uşaqlar və yeniyetmələr özlərini “kişi” kimi göstərmək, “dəb”dən geri qalmamaq, arıqlamaq motiviylə siqaretə meyllənirlər.

Gələcəyimiz olan uşaqlar arasında nikotin əleyhinə təbliğat aparılması hava və su kimi lazımdır. Onlar siqaret çəkməyin hansı ağır nəticələrə gətirib çıxaracağını qabaqcadan bilməldirlər.

İnsan ömrünün qısa olmasının əsas günahkarı siqaretdir. Siqaret ildə milyonlarla adamın həyatına son qoyur.

Bədxassəli şişləri əmələ gətirən əsas səbəblərdən biri siqaretdir.

Sənayeləşmiş ölkələrdə hər beş nəfərdən biri siqaretdən ölür. Siqaret çəkənlər çəkməyənlərdən 6-8 il az yaşayırlar.

Siqaret çəkənlərdə bədənin müqaviməti zəiflədiyinə görə belə adamlar xəstəliklərə daha tez yoluxurlar.

Siqaret çəkənlərdə digərlərinə nisbətən 10 dəfə çox mədə yarası, 13 dəfə çox stenokardiya, 12 dəfə çox infarkt olur.

Siqaret çəkənlərdə vərəmə tutulma hallarına başqaları ilə müqayisədə 2 dəfə çox rast gəlinir.

Siqaret tüstüsünün tərkibində 1000-ə yaxın maddə var. Bunların çoxu insan sağlamlığı üçün təhlükəlidir. Ən təhlükəlisi nikotindir.

Nikotin bitki zəhərlərinin ən güclüsüdür. O, tütün tüstüsünün əsas hissəsini təşkil edir. Təmiz halda nikotin rəngsiz, pis qoxulu, yağlıtəhər olur.

Belə hesab edirlər ki, nikotin sözü Fransanın 16-cı əsrdə Portuqaliyada yaşamış səfiri Jan Nikonun adından götürülüb. O, Amerikadan gətirilmiş tütün yarpağını miqren xəstəliyinə tutulmuş Fransa kraliçası Yekaterina Mediçiyə təqdim edib. O vaxt hesab edirdilər ki, tütün yarpağını əzib toz halında iylədikdə miqren xəstəliyi keçib gedir.

Tütünün ayrı-ayrı növlərində 0,7-dən 6 faizədək nikotin olur. Nikotinin öldürücü dozası 80-120 milliqram hesab olunur.

Nikotinin tərkibində alkaloidlərə birləşmiş yağ turşusu, qarışqa turşusu (formiat turşusu), valeryan turşusu, zülallar, yağlar, efirli yağlar var.

Siqaret çəkərkən yüksək temperaturda onun “quru destilləsi” prosesi gedir. Bu zaman salisil turşusu, ammonyak və qatran əmələ gəlir. Yeni əmələ gələn maddələr karbon 2-oksiddən, yəni dəm qazından ibarətdir. Karbon 2-oksid siqaret tüstüsünün on altıda bir hissəsini təşkil edir. Tütünün və siqaret kağızının tam yanmasından əmələ gələn karbon 4-oksid (karbon qazı) tənəffüsü çətinləşdirir.

Tütün bitkisinin tərkibindəki maddələrin hamısının öz hədəfləri var. Əsəb sisteminə təsir göstərən karbon 2-oksid (co) daha çox zəhərləyici maddədir. O, qan eritrositlərinə də təsir göstərir. Eritrositlər hemoqlobinin oksigenini özünə birləşdirib oksi-hemoqlobin əmələ gətirir və üzvlərə paylayır. Karbon 2-oksid qana keçdikdə oksigeni hemoqlobindən ayırır, özü onunla birləşir. Beləliklə, orqanizmin hüceyrələrinin oksigenlə təchizi pozulur. Oksigenin azlığı əsəb sistemi hüceyrələrinə və baş beyin qabığına mənfi təsir göstərir. Əsəb sistemi hüceyrələri oksigensiz 3-5 dəqiqə yaşayır, sonra məhv olur.

Siqaret ürək-damar sisteminə çox zərər verir. O, ateroskleroz adlanan ürək xəstəliyini yaradır. Tütünün təsiredici maddələri böyrəküstü vəzə təsir göstərdikdə qanda yağa oxşar maddənin miqdarı artır. Qanın hərəkəti zəifləyir və ateroskleroz güclənir.

Miokard infarktını yaradanlardan biri də siqaretdir. Aterosklerozla əlaqədar olaraq qan damarları daralır və ürək əzələlərinin qidalanması yavaşıyır. Çox vaxt qan damarlarının spazması baş verir və ürək əzələləri qidalanmadığından toxuma ölür. Nəticədə miokard infarktı baş verir.

Siqaret çəkən adamlarda qan təzyiqi həmişə yüksək olur. Bu, böyrəküstü vəzilərdən qana adrenalin ifrazı ilə əlaqədardır. Adrenalin simpatik sinir sistemini fəallaşdırır. Nəticədə ürək normal işləmir. Qan təzyiqinin artması hipertoniya xəstəliyi üçün xarakterikdir.

Siqaret çəkmək endoartrit adlanan qorxulu xəstəliyi də meydana gətirə bilər. Bu zaman ayaq damarları daralır, ayaq arterial damarlarının zədələnməsi nəticəsində ayaq toxumasının qanla təchizi yavaşıyır. Ayaqda kəskin ağrılar başlayır, sonra ayağa qan gəlməsi tamam dayanır. Bu da toxumaların ölməsinə səbəb olur. Bu vaxt ağır nəticə verən qanqren başlanır.

Siqaretin tənəffüs sisteminə vurduğu ziyan, tənəffüsün funksional fəaliyyətinin pozulması gecə və səhər bolluca öskürəkdə özünü büruzə verir.

Siqaretin tərkibindəki ammonyak, qatran, efirli yağlar, üzvi turşular tənəffüs üzvlərinin selikli qişasını dağıdır, yaralar əmələ gətirir. Ağ ciyərlərdə, bronxlarda kəskin iltihab ocaqları yaranır, səs telləri zədələnir, vərəm xəstəliyinə meyl artır. Vərəmə tutulan 100 nəfər yaşlı adamdan 95-i siqaret çəkəndir.

Siqaret çəkən adamların dodaqlarında, ağzında xərçəng şişlərinə təsadüf olunur. Tütünün tərkibindəki polonium-210 tənəffüs üzvləri sisteminə düşdükdə dərhal qana sorulur, nəticədə bədxassəli şişlər törənir.

Nikotin və onun başqa komponentləri ağız suyuna qarışaraq mədəyə düşür. Mütəmadi olaraq mədənin selikli qişasını qıcıqlandırır və orada olan damarları sıxılmış vəziyyətdə saxlayır. Bu, şirə ifrazına təsir göstərir və nəticədə tədricən xroniki qastrit, yaxud mədə-bağırsaq xorası əmələ gəlir.

Siqaret tüstüsünün tərkibində olan maddələr nəsil səcərəsinə də mənfi təsir edir. Beləliklə deyə bilərik ki, siqaret nəinki ayrı-ayrı üzvləri, hətta orqanizmin özünü belə məhv edir.

Arif SADİQOV
Naxçıvan,
Ali dərəcəli kimya-biologiya müəllimi

About the author

Aile Travel

1 Comment

Click here to post a comment

Your email address will not be published. Required fields are marked *