English (US) Русский Azəricə Türkçe
Canlı Aləm Maraqlı

Təhlükə anında öz sümüklərini qıran qurbağa

Tüklü Mərkəzi Afrika qurbağası Arthroleptidae fəsiləsinin Trichobatrachus cinsindən olan bir növdür. Həmçinin “vahiməli qurbağa” və “volverin qurbağası” kimi də də tanınır. Əsasən Kamerun, Konqo, Qvineya, Qabon, Nigeriya və bəzən də Anqolanın tropik və subtropik nəmli ovalıq, meşəlik, çay kənarları olan ərazilərdə rast gəlinir.

 

Erkəklərdə bədən və budun üstündə olan tükə bənzər liflərə görə onlara tüklü qurbağa deyilir. Tüklü qurbağanın uzunluğu 11 sm, burunları sivri və başları bədənlərindən böyük olur. Erkəklər dişilər ilə müqayisədə böyükdür və bir cüt dərialtı səs kisələri var. Onlar quruda yaşayır ancaq çoxalma zamanı suya girirlər.

 

 

Çünki dişilər yumurtaları suda daş parçaları arasına qoyurlar. Çoxalma dövründə, erkək qurbağalar bədəninin kənarında tükə bənzəyən lifləri çıxarır. Nəzəri olaraq, bu tükə bənzəyən bədən quruluşu, qurbağaların öz yumurtalarını qoruyarkən daha çox oksigen əldə etməsinə kömək edir.

 

Tüklü qurbağaların çox qəribə və təəccüblü xüsusiyyəti var. Hücum edən düşmənlərdən qorunmaq üçün öz ayaqlarının sümüklərini qırır, qırılan sümükləri dəridən çıxarır və onları kəskin pəncəyə çevirir. Bir bərpa mexanizmi bilinməsə də, zədələnmiş toxumanın sağalaraq, pəncələri yenidən bərpa etdiyi düşünülür. Bu qurbağaların əti Kamerunda yeyilir və onların səmadan düşdüyünə inanılır.