English (US) Русский Azəricə Türkçe
Afrika Faydalı Hər şey daxil Maraqlı

Tanınmış yazıçı Afrikada öz əsərinin qəhrəmanları ilə görüşəcək- FOTOLAR

Yazıçı-filosof Rövşən Abdullaoğlunun dünyanın bir çox yerlərinə etdiyi səfərlər oxucularına yeni maraqlı romanlar qazandırır. Müxtəlif Avropa, Skandinaviya, Şərq ölkələrinə səyahətlərindən əldə etdiyi zəngin məlumatlarla oxucular “Bu şəhərdə kimsə yoxdur”, “Relslər üzərində uzanmış adam” və “Abaddon” romanlarından tanış olublar.

Keçən il ilk dəfə Afrika qitəsinə səfər etmiş yazıçı bəşəriyyətin beşiyi sayılan Efiopiyada olmuş və oradakı şəhərləri, kəndləri gəzərək sivilizasiyadan uzaq tayfaların həyat tərzi və mədəniyyətləri ilə tanış olmuşdur. Bu səfər də müəllifin üzərində işlədiyi yeni romanı ilə əlaqədar idi.
Bir neçə gündür ki, Rövşən Abdullaoğlunun Afrika qitəsinə növbəti səyahəti başlayıb. Bu əsrarəngiz yolçuluq Uqandanın Entebbe şəhərindən başlayaraq Milli Botanika bağı, Viktoriya gölündə qayıqla gəzinti, şəhərlə tanışlıq və adalara baş çəkməklə davam edəcək. Daha sonra səyyahlar Uqandanın paytaxtı Kampalaya gedəcək, şəhərlə tanış olduqdan sonra eyni adlı muzeyi ziyarət edəcəklər. Təbii ki, Kampalaya getmiş hər bir turist kimi Ruşenzori dağına qalxaraq Semiliki Milli Parkına getmək də planda var. Qeyd edək ki, məhz bu Milli Parkda dünyanın ən qısaboylu xalqı – piqmeylər yaşayır. Oxuculara öncədən bir sirr də verək: yazıçının növbəti romanının qəhrəmanları məhz piqmeylər olacaq. Hazırda Afrikada onların sayı həddindən artıq azalıb.
Daha sonra Yuneskonun mühafizəsi altında olan Bvindi meşələrinə səfər ediləcək; imkan olsa, dağ qorillaları ilə tanışlıq da bu səfərin bir parçasıdır. Ardınca səyyahlarımız Kraliça Elizabet Milli Parkına gedəcəklər. Bu park bir çox vəhşi heyvanların məskənidir. Merçison şəlaləsinə getmək və ən ümdəsi Nil çayının mənbəyini görmək səyahət planının ən gözəl seçimlərindən biridir. Səfər müddətində müxtəlif kəndlərdə olmaq, yerli xalqın yaşayışı və mədəniyyəti ilə tanışlıq da əsas prioritetlərdəndir.
Qeyd edək ki, səfər çərçivəsində Mbale şəhərinə getmək xüsusi önəm kəsb edir. Çünki məhz bu şəhərdən 100 kilometr uzaqlıqda Afrikanın boyu iki metrə çatan ən ucaboylu xalqı hesab edilən karamaconqların kəndləri yerləşir. Yazıçı o kəndlərdə olmağı da planlaşdırıb.
Uqandadan sonra Tanzaniya səfəri başlayacaq. Tanzaniyada yerləşən Serengeti Milli Parkına baş çəkmək ilk işlərdən biri olacaq. Qeyd edək ki, bu Milli Park öz safari turları ilə məşhurdur. Bu safari parkı Afrika beşliyi sayılan heyvan qrupunun ən çox yaşadığı yerdir. Həmçinin Tanzaniya dünyanın ən ibtidai şəraitində yaşayan buşmen, masai və xadza tayfalarının da vətənidir. Daha sonra başqa bir milli parka – “Ngorongoro Conservation Area”ya gediləcək. Məhz bu milli parkda dünyanın ən böyük kraterlərindən hesab edilən Ngorongoro krateri yerləşir. Buranın təbiətinə özünəməxsus flora və fauna xasdır. Həmçinin Darussəlamda mühüm paleontoloji əhəmiyyəti olan qədim canlı qalıqları saxlanılan Tanzaniya muzeyinə getmək əsas hədəflərdən biridir. Yazıçı Tanzaniyaya gəlmişkən o məşhur adalara – Zənzibar, Mafiya və Pembaya da getmək fikrindədir. Səfərin sonunda isə Stoun Taun şəhərində qalmaq və buranın yaşayış tərzi, təbiəti ilə tanış olmağı planlaşdırır.