English (US) Русский Azəricə Türkçe
Avropa Hər şey daxil Maraqlı

Tarixi Bonn şəhəri Feysbuk və İnstaqramçıların hədəfində – FOTO, VİDEOREPORTAJ

– Feysbukçular gələn həftəyə kimi burdadırlar.

– Bələdiyyə iki həftəlik də olsa yolu bağlamalıdır. Nəqliyyatın hərəkəti onlara mane olur. Alver necə gedir?

– Elə o Feysbukçularla İnstaqramçıların hesabına əla…

Almaniyanın Bonn şəhərinin “Köhnə şəhər” (Alt Stadt-almanca) deyilən ərazisindəki “Breite” küçəsində girdiyimiz kioskda satıcı ilə müştəri arasında eşitdiyimiz qısa dialoq bu oldu.

1990-cı ilə qədər Almaniyanın “Hökümət mərkəzi” olan Bonn şəhərinin bu küçəsi hər il iki həftəliyə on minlərlə ziyarətçi qəbul edir.

Səbəb aprel ayının sonundan mayın əvvəlinə kimi açan “Yapon gilası” deyilən ağacın çəhrayı və ağ rəngli çiçəkləridir.  Çox möhtəşəm bir fon yaranır. Həvəskar və professional fotoqraflar bu mənzərəni qaçırmaq istəmirlər.

Təbii ki, bəzən havanın yağışlı olması və küçənin nəqliyyatın hərəkətinə açıq olması ziyrətçilərin kefinə soğan doğrayır. Amma bu il hava yaxşıdır, təxminən 21-23 dərəcə isti var.

Çiçək tuneli…

Küçədə gəzərkən özünüzü çiçəklərlə əhatəli bir tüneldən keçmiş kimi hiss edirsiniz. May ayının əvvəlinə kimi davam edən bu mənzərəyə baxmağa gələnlər arasında çoxluğu Asiya qitəsindən olan turistlər təşkil edir. Cənubi Koreyadan olan bir fotoqrafla ayaqüstü söhbət edərkən öyrənirəm ki, ölkələrində bu ağaclarla bağlı hətta festival da keçirilir. Oradakı  “yapon gilası” ilə buradakıların azca fərqi var. Belə ki, Cənubi Koreydakıların çiçəklərində ağ rəng, Bonndakılarda çəhrayı rəng daha çox üstünlük təşkil edir.

Bonn şəhər bələdiyyəsi 2016-ci ildə şəhərin digər küçə və parkalarına da “Yapon gilası” ağacı əkdirib. Şəhər ətrafında bu ağacların sayı 500-dən çoxdur.

Bəzi fotostudiyalar isə, bu küçədə çəkilmiş fotolarla bağlı hər il müsabiqə keçirir. Ən yaxşı və maraqlı fotonu çəkənlər fotostudiyalar tərəfindən mükafatlandırılırlar.

1980-ci ildə  “Breite” keçəsində əkilən “Yapon gilası” ağacları şəhər bələdiyyəsi tərəfindən xüsusi qorunur.

Fərahim İLQAROĞLU

Almaniya / Bonn-dan


musavat.com