Tryufel göbələyi

0
66

Dünyanın ən bahalı göbələyi hesab edilən, kartof yumrularına bənzəyən Tryufel göbələyi (lat. Tuber) torpağın altında inkişaf edir. Bu göbələk ən çox isti Avropa ölkələrində – Fransa, İtaliya, İspaniyada daha populyar hesab olunur. Lakin delikates sayılan bu göbələyin əsas yayılma sahəsi genişdir: Avropa, Asiya, Şimali Afrika və Amerika Birləşmiş Ştatlarının yarpaqlı və iynəyarpaqlı meşələrində toplanır.

Ən qiymətli tryufel əsl qara Fransız (Tuber melanosporum) tryufeli hesab olunur. Bu göbələklərin 100-ə qədər növü var. Bu göbələyi əldə etmək üçün təlim keçmiş donuz və itlərdən istifadə edirlər. Bu heyvanlar 20 m məsafədən göbələyin iyini hiss etmək qabiliyyətinə malikdirlər. Bu üsul «itlə tryufel ovu» etmək İtaliyada XV əsrdən bəri məlumdur. Bu məqsədlə küçükləri otaqda tryufel həlimi əlavə edilmiş südlə qidalandırırlar. Sonra isə onları meşəyə buraxırlar. Yaxşı təlim keçmiş it, meşə quşları və yırtıcı heyvanlardan yayınaraq torpağı diqqətlə iyləməklə tryufel göbələyini taparaq hürür.

 

Bir çox Fransa əyalətlərində qədimdə bu göbələkləri tryufel milçəklərinin köməyi ilə tapırdılar. Belə ki, bir çox milçək növləri öz yumurtalarını tryufel göbələyi olan torpağın yanında qoyur və onların sürfələri həmin göbələklərlə qidalanır. Bu milçəklərin uçuşunu müşahidə etməklə həmin göbələkləri tapmaq mümkündür.

Tryufel göbələyinin rəngləri növlərindən asılıdır: ağ, qara, qəhvəyi və boz rəngdə olur.

Göbələyin tərkibində bitki zülalları, karbohidratlar, B, PP və C vitaminləri, müxtəlif minerallar və antioksidantlar var. Tryufelin şirəsi bəzi göz xəstəlikləri üçün faydalıdır. Sakitləşdirici gücə malikdir.

Ailetravel.net