English (US) Русский Azəricə Türkçe
Canlı Aləm

Ulduz xəstəliyinə tutulmuş tutuquşu… – Zoomağazadan reportaj/Fotolar

Son illər itlərin vəhşicəsinə öldürülməsi ilə bağlı videolar gündəmi zəbt eləmişdi

O videolara baxan ən soyuqqanlı adamın da mərhəmət damarı tutardı. Amma nə yazıq ki, o qəddarlığı edənlər elə bizdəndir.

Demək olar, hər səhər işə gələrkən yolum zoomağaza önündən keçir ki, elə o mağazanın üzərindəki məsum baxan heyvanların şəkilin görəndə daxili sızıltı ilə həmin videodakı qansızlığı yad edirəm. Hər dəfə oradan reportaj eləmək könlümdən keçirdi. Gün bu günə qismətmiş.

Mağazaya girib, satıcıya yaxınlaşdıq. Satıcı Kamran Əzimov bildirir ki, 6 ildir bu işlə məşğuldur.

Mağazaya girəndə kəskin qoxunu hiss etməmək mümkün deyildi. Satıcı qoxunun içəridə olan heyvan yemlərindən, dərmanlardan gəldiyini bildirdi. Həqiqətən bura heyvanlar üçün çeşidli yem və dərman, balıqlar üzən akvarium, eləcə də tutuquşu və bülbüllərin o yan-bu yana uçuşduğu qəfəslərlə dolu idi.

Tutuquşunun, bülbüllərin səsi adamı lap meşədəki kimi hiss etdirirdi.

Mağazada xamyak, tısbağa, dəniz donuzu, növbənöv balıqlar, bülbül, müxtəlif tutuquşu növləri var.

Satıcı bildirir ki, balıq alan müştərilər daha çox yaşlı insanlardı. Çünki onlar balıq sakitliyini xoşlayır: “Balıqların akvariumda uzun müddət yaşaması elə də asan məsələ deyil. Mütləq tez-tez suyu dəyişilməlidir. Həmçinin adi kran suyu balıqlar üçün zərərlidir.

Ən önəmlisi isə yırtıcı balıqlarla sülhsevərlər bir yerdə olmamlıdır. Çünki yırtıcılar elə sülhsüvərlərlə qidalanır. Balıqların yemlənməsinə də diqqət yetirmək lazımdır. Az yem tökəndə acından ölər, çox olanda isə su bulanır. Gündə 3-4 dəfə, az-az vermək olar”.

Satıcının dediyinə görə, rəngbərəng tutuquşular, bülbüllər yaxşı satılır: “Tutuquşulara maraq göstərənlər gənclər və uşaqlardı. Erkək tutuquşular danışa bildiyi üçün onlar bahadır: 70- 80 manat civarında. Amma dişilər və balaca sortların qiyməti daha münasibdir. Balaca növlər 10-15 manat, dişi böyüklər isə 30-35 manat arasında dəyişir. Bülbüllər 10 manatdan başlayır. Eynilə tutuquşulardakı kimi bülbüllərin də erkəkləri bahadır. Həm də erkək quşlar dişilərdən daha gözəl olur”.

Satıcı deyir ki, tutuquşulardan biri ulduz xəstəliyinə tutulub: “Ötən günlərin birində televiziyalardan biri gəlib çəkiliş üçün bizdən tutuquşu apardı. Televiziyadan gələndən sonra artıq tək qalır, digər quşlara aşağıdan yuxarı baxmağa başlayıb. Kameralar, işıqlar görüb deyə, sizin kameraya da gör necə pozlar verir”.

Balaca xamyaklar onlar üçün hazırlanmış karusellərindən çox razı görünürdülər. Satıcı bildirir ki, bu heyvanı ya sevirlər, ya da qorxur, iyrənirlər. Amma onları daha çox gənc xanımlar alır: “ Elə xanımlar var, xamyakı ələ almaqdan, oxşatmaqdan əlavə öpürlər. Yəni hər cür müştəri ilə rastlaşırıq.

Xamyaklar tərəvəzlə qidalanır. Yəni qorxulu heyvan deyil. Bəzən dişləyə bilər, amma ciddi narahatlıq vermirlər. Yeməyi əllə götürdükdə elə bilərlər ki, yem verirsiz, dişləyərlər. Yonqarın üstündə saxlandıqları üçün həmin yonqar örtüyü tez-tez dəyişməlidir. Bu heyvanın maraqlı xüsusiyyəti var ki, insan əli dəyəndən sonra üzünü yüyür, təmizləyir. Xoşu gəlmir insan iyindən”.

Mağazada pişik satılıb-satılmadığını soruşduqda satıcı bildirdi ki, satmırlar, ancaq pişik yemi çox “xod” gedir: “Artıq insanlar çöldəki heyvanlara biganə qalmırlar. Xüsusilə gənc nəsil. Onlar gəlib pişik yemi alıb, küçə pişiklərini yemləyirlər. Bu sevindiricidi, çünki mərhəmət hissi hələ ölməyib”.

Mağazaya ən son gətirilən tısbağalar hələ balacadır: “Təzə gəlsələr də, artıq alanlar olub. Qiyməti 5- 8 manatdır. Getdikcə böyüyəcəklər. Bunların da suyu vaxtlı vaxtında dəyişilməlidir. Uşaqlar daha çox tısbağaları sevir.

Su donuzu alan da az deyil. Amma bizim öz ailələrimiz yox, qeyri-azərbaycanlıların övladları ona maraq göstərir. Bizim valideynlər görsə ki, uşağın meyli var, su donuzu almaq istəyir, tez onu fikrindən daşındırmağa çalışır. Əslində su donuzları elə də qorxulu heyvan deyil. Heç vaxt dişləməz, tərəvəzlə qidalanırlar”.

İnsan unutmamalıdır ki, heyvanlar da canlıdır. Onlar da bizim ki, ağrını, acını hiss edirlər, bu səbəbdən onlara daha mərhəmətli olmağımız lazımdır.


Müəllif: Şəfiqə Nazimqızı, Foto Elçin Murad