English (US) Русский Azəricə Türkçe
Avropa

“Venesiya-su üzərində göyərçin yuvası” – NAĞIL ŞƏHƏRDƏN QEYDLƏ

İtaliyanı dolaşan Atilla əfsanəsi: ildə 30 milyon turistə qucaq açan şəhər

Məzuniyyətimin bir hissəsin ailəmlə birlikdə Venesiyada keçirdim. Şəhərin ucqarındakı villa tipli hoteldə qalırdıq. Hotelin sahibəsi dilli-dilavər bir xanım idi. İtaliyada günümüzün xoş keçməsi üçün bizə dəyərli məsləhətlər verdi. Venesiyanın görməli yerlərinə necə ucuz səyahət edəcəyimizi bir-bir anlatdı. Lap axırda dedi ki, sizin balaca oğlunuzun adı Atilladır. Venesiyada Atillanın adını daşıyan bağ haqqında heç duydunuzmu? O bağda “Atillanın taxtı” kimi tanınan daş oturacaq var. Məncə, ora getmək də sizin üçün maraqlı olar. “Atilla bağı” Torkello adasında yerləşir…

Atillanın İtaliyanın tarixində xüsusi yeri var. Atillanın İtaliyanı istila etməsi haqqında tarixi bilgilər ortadadır. Elə mən də tarixlə, xüsusən türk tarixi ilə bağlı bir-iki kitab oxumuşam. Etiraf edim ki, Venesiyada Atilla ilə bağlı belə bir yerin olması haqqında məlumatım yox idi.

Bildiyim o idi ki, Venesiya Adriatik dənizindəki eyni adlı körfəzin sahilindədir. 150 kanal vasitəsi ilə bütövləşən şəhər 118 adada yerləşir. 400 körpü adaları və kanalları birləşdirir. Venesiya bir vaxtlar respublika olub. Xüsusən 14-16-cı əsrlərdə əzəmətli intibah dövrü yaşayıb. Möhtəşəm kilsələri, dəbdəbəli sarayları var. Gəldim, gözlərimlə də gördüm. Dolanbac dar küçələr sanki səni nağıllar aləminə səyahətə aparır.

Venesiyaya “dənizlər kralicası” da deyirlər. Venesuela dövlətinin adı da Venesiya şəhərinin adından götürülüb. Təkcə omu? Los Ancelsdə Venesiya cimərliyi, Florida şatatında isə Venesiya şəhəri var. Nyu-Yorkun bir hissəsi Venesiya adlanır. Kanadada da Venesiya şəhəri qarşınıza çıxa bilər. Sadaladıqlarım heç də hamısı deyil…

Fransa imperatoru Napaleon bu şəhərin ən möhtəşəm meydanlarından olan San-Marko haqqında ehtiramla söhbət açıb. İşğal etdiyi bu şəhərdə əyləncəli günlər keçirib.

Mənə görə isə bu şəhər haqqında ən gözəl ifadəni Anna Axmatova işlədib. “Venesiya-su üzərində qızıl göyərçin yuvası”. Düşünürəm ki, Napaleon da bu bənzətməyə görə rusdilli türk şairəsini (o, özünü Qızıl Orda xanı Əhmədin nəslindən sayırdı, onun şərəfinə də “Axmatova” təxəllüsünü götürmüşüd) ayaq üstə alqışlayardı.

8390a322-a0cc-45d5-b7b1-db8a2790e051.jpg (74 KB)

Uilyam Şekspirin bu şəhərlə bağlı olan “Venesiyalı tacir” əsəri də tarixin yaddaşındadır. Venesiya dünyanın ən gözəl şəhərləri sırasında birinci beşlikdədir. Gördüklərimə əsasən mən də tərəddüd etmədən bunu təsdiqləyə bilərəm. Əslində adı “sevgi”, “sevgili” anlamını verən şəhərin bu qədər sevilməsinə təbii baxmaq lazımdır. Hər gün bu şəhərə 60 min turist daxil olur. Hər il isə 22-30 milyon turist Venesiyanı ziyarərət edir. Hər gələn bu şəhərdə 100 avro xərcləsə bu 30 milyard avro deməkdir. Mən Venesiyaya dünyanın ən bahalı ölkələri sırasında birinci üçlükdə olan İsveçrədən gəlmişdim. Hətta İsveçrə ilə müqayisədə bu şəhər mənə çox bahalı göründü. Özünüz düşünün, bir fincan qəhvəyə 10 avro ödəməlisən. İndi görün hoteldə gecələmək neçəyə başa gələ bilər. Ona görə də biz Venesiyanın ucqarındakı bir villada yer götürmüşdük. Ancaq villa da möhtəşəm idi. Tikili gül-çiçəyin, subtropik bitkilərin və ağacların içində yer alırdı. Gecə-gündüz quşlar səs-səsə verib ötürdü.

Hotelin sahibəsi tikilinin əvvəlki halını əks etdirən fotoları bizə göstərdi. Yanıb xarabaya dönmüş, divarları belə tikə-parça olmuş binanı neçə təmir ediblər? Zatən, möhtəşəm tikililər ucaltmaq italiyalılarda irsi xəstəlik hesab olunur…

İtaliyalıların bu məharəti əsası 829-cu ildə qoyulmuş müqəddəs Mark kilsəsinin füsunkar mənzərəsində özünü parlaq şəkildə göstərir. Bu ibadət ocağı Venesiyanın ən gözəl memarlıq abidəsi sayılır. Dukale sarayı isə başqa bir aləmdir. İnsan bu gözəlliyə baxmaqdan doymur…

Şəhərdə 262 min insan yaşayır. Onların 55 mini-bizim İçəri şəhəri düşünün-şəhərin daşlaşmış tarixi mərkəzində olur. UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısında Venesiyanın böyük bir hissəsi yer alır. Ümumiyyətlə, bu şəhər Qərb mədəniyyətinin mərkəzlərindən biri sayılır. Qırxdan çox operanın müəllifi olan “Qırmızı keşiş” ləqəbli əfsanəvi bəstəkar Antonio Vivaldi dünya musiqi sənətinə yön vermiş azsaylı sənətkarlardan biridir. O, Venesiyada doğulub.

Ötəri də olsa toxunum, İrəvanla Venesiya 2011-ci ildən qardaşlaşmış şəhərdir. Maraqlı bir cizgidir. Ancaq daha öncə-2007-ci ildə İstanbul Venesiya ilə qardaşlaşmış şəhər elan olunmuşdu. Bakının da Venesiya ilə müəyyən əlaqəsi var. Bu əlaqə son dərəcə gözəl bir biçimdə paytaxtı bəzəyir. Və bu gözəlliyə görə biz görkəmli memar və dövlət xadimi Əliş Ləmbəranskiyə borcluyuq. Sövet dönəmində inşa edilmiş “Bağırov körpüsü”, “Dövlət sirki”, “Respublika” sarayı, “Qaqarin körpüsü”…kimi tikililər onun adı ilə bağlıdır. O, 1960-cı ildə Venesiya şəhərində olub. 4 il sonra isə Bakı bulvarında “Venesiya şəhərciyi” salınıb. Prezident İlham Əliyevin göstərişi ilə 2011-ci ildən əsaslı təmirə dayanan şəhərcik 2012-ci ilin 28 mayında yenidən istifadəyə verilib.

52a139ea-0ba5-4097-96a9-179a5acb573a.jpg (172 KB)

Səfərimizin ilk gününü əsasən şəhərin mərkəzində keçirdik. İnsanlar qarışqa kimi qaynaşırdı. Havanın əla olması turistlərlə yanaşı yerli sakinləri də küçələrə çıxarmışdı. Şəhər bütövlükdə restoran, bar, hotel, saysız-hesabsız köşk, muzey və bu kimi turistlərin işinə yarayacaq obyektlərdən ibarətdir…

Şəhəri heyranlıqla gəzdik. Bəzən iki binanın arasındakı məsafə o qədər dar olurdu ki, oradan yan-yana iki adamın keçə bilmirdi. Şəhərdəki bütün binalarının divarlarında daşın canına çəkdiyi suyun izi aydın görünür. Nəmişlik, rütubət yerli sakinləri ən çox narahat edən problemdir.

Birdən havanın üzü döndü. Bir neçə dəqiqənin içində şəhər yağışa təslim oldu. Elə bilin ki, göylərin dərinliyində qərar tutmuş mələklər bardaqlardan Venesiyanın üstünə su əndərirdi. Bir də gördük ki, cumculuq suyun içindəyik. Özümüzü qapıları taybatay açıq olan kilsəyə atdıq. İsa peyğəmbərin divardan boylanan baxışları altında yağışın kəsməsini gözlədik. İçəri bizim kimi turistlərlə dolmuşdu. Köşkdən sintetik materialdan hazırlanmış plaşları alıb əynimizə keçirəndə artıq iş-işdən keçmişdi…

Səfərimizin ikinci günü də səhər saatlarında hava əla idi. Gözümüz qorxduğuna görə bu dəfə şəhərə hazırlıqlı çıxmışdıq. Ancaq ehtimalımız özünü doğrultmadı…

Venesiyadkı balıq bazarı isə bizi heyran qoydu. Satışda ömrümdə görmədiyim balıq və digər dəniz canlıları ilə qarşılaşdım. Almasaq da bazardakı bütün piştaxtaları bir-bir nəzərdən keçirdik. Elə bil ki, muzeydə sərgiyə baxırdıq. Dənizinin bütün naz-neməti qarşımızda sıralanmışdı. Dənizlə heç bir əlaqəsi olamayan İsveçrənin belə bir lüksü yoxdur.

Hava nisbətən soyusa da, yağış yağmadı. Trekello adasına gedib çıxmaq üçün bir neçə marşrut-gəmi dəyişik. Axır ki, böyük Hun imperatoru Atillanın daş taxtının yer aldığı “Atilla bağı”na daxil olduq…

Bir haşiyə çıxım. 5 yaşlı oğluma Atilla haqqında xeyli məlumat verdim. Çalışdım ki, fikrimi bir uşağın anlaya biləcəyi qədər sadə bir üslubda dilə gətirim. Mənə diqqətlə qulaq asırdı. Sözümün sonunda dedim ki, Hun imperatoru Atilla çox güclü idi. Oğlum narazı şəkildə etiraz etdi: “Yəni, o, məndən də güclü idi?”…

Əksər turistlər kimi oğlum Atilla da Atillanın taxtında oturub şəkil çəkdirdi. “Atillanin bağı”nı da xeyli gəzib-dolaşdıq. Oğlum daha bir naqolay sual verdi: “Ata, bəs Atilla hanı? Niyə gəlib bizimlə görüşmür?”

eb8dfa71-1db3-49dc-ba45-4356f7807d92.jpg (101 KB)

Oğlum Atilla ilə Atillanın taxtında

Onu da deyim ki, “Atillanın taxtı” ilə bağlı tarixçilər arasında ciddi fikir ayrılığı var. Bəziləri iddia edir ki, Hun imperatoru Trekello adasında heç olmayıb. Bu, sadəcə bir əfsanədir. Ancaq nədən 1500 il öncə daşdan yonulduğu bilinən həmin “taxt” Atillanın adı ilə əlaqələndirilir? O da maraqlıdır ki, adaya rəhbərlik etmiş şəxslər elə Atilla dönəmindən üzü bəri məhz həmin “Atilla taxtı”nda oturaraq adanın idarəçiliyi ilə bağlı qərarlar verib.

Zamanında Avropanın üçdə ikisini işğal etmiş və “Avropanın imperatoru” adlandırılan əcdadımız haqqında İtaliyanın Cüzeppe Verdi kimi möhtəşəm bəstəkarı “Atilla” operasını yazıb. Türk tarixinin bir parçası olan bu adaya səyahətimiz zamanı bu faktı da xatırladım. Etiraf edək ki, qürur duyulası məsələdir.

Səfərimiz isə axşama doğru başa çatdı. Gecənin bir aləmində hotelə dönə bildik…

Avropalılar Atillanı “Allahın qılıncı”, bəzi mənbələrdə isə “Allahın qəzəbi” kimi təqdim edirlər. O da bəllıdir ki, Atilla Romanın qapılarının ağzına çatanda Roma papası başda olmaqla onun yanına nümayəndə heyəti göndərildi. “Səni salamlayıram, Allahın bəlası!” deyərək dizi üstə çökən Papa Atilladan Romanı bağışlamasını rica etdi…

Ən pisi odur ki, yaxın gələcəkdə-2028-ci ildə bu şəhəri su basacaq. Yəni, 118 adanın əksəriyyəti yaşayış üçün yararsız hala düşəcək. Elmi hesablamalara görə, 2100-cü ildə isə şəhər tamamilə suyun altında qalacaq, “Atillanın taxtı” da suyun altına gedəcək.

Bu məlumatı oxuyanda imperatorla bağlı bir əfsanəni xatırladım. Atillanı dəfn edəndə onu iç-içə olan üç tabutun içinə qoydular. Birinci tabut qızıldan, ikincisi gümüşdən, üçüncüsü isə poladdan düzəlmişdi. Həmin tabut Tissa çayının kiçik adalarının birində torpağa basdırıldı. Çayın yatağını dəyişdilər və qəbir suyun altında qaldı…

Doğurdanmı nə vaxtsa “Atillanın taxtı” da suyun altında qalacaq? Daşı da toza çevirən zamanın qarşısında əbədi olan yalnız Tanrıdır. Tanrıya tapınan Atilla bunu hamıdan yaxşı bilirdi…

Nədənsə mənə elə gəlir ki, Atillanın ruhu “Tanrı Dağları”nın zirvələrində dolaşır. Və nə yaxşı ki, ulu Türkün belə möhtəşəm oğulları var…

Elbəyi Həsənli, Sürix