English (US) Русский Azəricə Türkçe
Asiya Maraqlı

Yaponiyada hər kəsə havayı ev verilir – Niyə və necə? (Təfərrüat)

Bu ölkədə hər kəsə havayı ev verilir. Səbəbi çox qəribədir, şərtləri isə ondan da maraqlıdır. Musavat.com dünya mediasına istinadən bu barədə detalları nəzərinizə çatdırır. 

Birinin sizə havayı ev vermə ehtimalını yəqin ki, həyatınızda heç düşünməmisiniz. Üstəgəl, bu ev Yaponiyadadırsa. Bu durum CNN və Pultizer Center-in xəbərinə görə, həqiqəti əks etdirir. Bəs bu, necə olur və daha da önəmlisi nəyə görə bu evlər havayı verilir?

Yaponiya dünyadakı ən maraqlı ölkələrdən biridir. Yaponlar özlərinə xas mədəniyyətləri, möhtəşəm yeməkləri, texnologiya sahəsindəki uğurları ilə hər zaman populyardırlar. Son zamanlar dünyanın bir çox ölkələrindən bir çox səyahətçi bu gözəl ada ölkəsinin yolunu tutur.

Yalnız bu aralar ilginc bir durum müzakirə olunur ki, bu da havayı evdir. Əslində “havayı ev” qəlibi bir az aldatmaca kimi görünür. Amma deyil. Yaponiya bir çox ölkəyə qəribə görünəcək bir mülkiyyət problemi ilə qarşı-qarşıyadır.

Evlərin sayı Yaponiyada artıq o qədər çoxdur ki, yetərincə insan olmadığı üçün evlərdən bəziləri boş qalıb. Yaponiya Siyasət Forumuna görə, 2013-cü ildə 61 milyon ev və 52 milyon mənzil vardı.

Açıqlamaya görə, bu durum daha da pisləşməyə doğru gedir. Sosial Təhlükəsizlik Beynəlxalq İnstitutuna görə, Yaponiya əhalisinin 2065-ci ildə 127 milyondan 88 milyona qədər azalması gözlənilir.

Bu da daha az insanın evlərə ehtiyacı olacağını göstərir. Gənclərin də şəhərlərdə çalışmaq üçün təbiət qoynundakı bölgələrdən ayrılmaları, demək olar ki, “boş ruh evləri” ilə dolu bölgələr əmələ gətirir.

Təbiət qoynundakı sahələri yaponlar “akiya” adlandırır.

2040-cı ilə gələndə Yaponiya miqyasında 900-ə yaxın qəsəbənin və kəndin artıq yox olacağı təxmin edilir.
Okutama bölgəsi də yox olacağı təxmin edilən bölgələrdən biridir. Bu mənada mülkiyyəti havayı şəkildə vermək, buraları yaşatmaq üçün daha məntiqli görünür.

Ərazinin yenidən canlandırılmasını dəstəkləmək və yox olmasının qarşısını almaq üçün qurulan Okutama Gəncliyini Canlandırma (OYR) dərnəyindən Kazutaka Niijima “2040-cı ilə qədər yox olması gözlənən üç Tokio qəsəbəsindən birinin də bizim buralar olduğunu görə bilirik” deyib.

Naoko və Takayuki Ida cütlüyü üç uşaqları ilə birlikdə Naokonun ana və atasının evində yaşayırmışlar. Naoko belə deyir: “Bu yeni evimiz üçün güclü təmir və yenidənqurma işləri aparmalıyıq. Amma olsun, biz hər zaman təbiət qoynunda, böyük bağçası olan bir evdə yaşamaq istəmişdik”.

Cütlük bu evi eyni zamanda bir kafeyə də çevirib və artıq həyatlarını burada keçirirlrər. Naoko və Takayuki Ida cütlüyünün havayı evi aldıqları yer olan Okutama qəsəbəsi, Tokio şəhər mərkəzinə qatarla iki saat uzaqlıqdadır. 1960-cı illərdə 13 mindən artıq əhaliyə sahib olan bu yerdə insanlar dülgərliklə dolanırdılar.

Amma bu kiçik qəsəbə 1990-cı ildən sonrakı iqtisadi inkişaf və dəyişikliklər çərçivəsində böyük bir əhali itkisi yaşadı və bu gün burada yaşayan insan sayı 5 minə qədər düşdü. Qəsəbədən xüsusən də gənclər böyük şəhərlərə getdikləri üçün Okutama kimi bir çox qəsəbə də bura ilə eyni taleyi yaşayır.

2014-cü ildə Yaponiyanın bu və buna bənzər durumdakı kənd və qəsəbələri üçün “akiya bankı” adında bir düzənləmə həyata keçirildi.

Bu düzənləmə yaşlanan ev sahibləri və onların boş mülkləri ilə bu evlərin potensial yeni sahiblərini bərabərləşdirməni özündə ehtiva edirdi. Yaponiyada akiya bankları artıq olduqca geniş yayılıb. Amma yenə də hər bir qəsəbə öz şərtlərini özü müəyyənləşdirir. Məsələn, Okutamada yeni akiya sakinlərinin pulsuz evə sahib olması üçün bu evləri dizayn etməsi istənilir. Amma pulsuz bir ev və ya yeniləmə yardımı alanların 40 yaşdan kiçik olmaları şərt kimi irəli sürülür.

Ya da yeni ev sahibi olacaq cütlüklərdən ən azı birinin 50 yaşdan kiçik olması və 18 yaşdan kiçik ən azı bir uşağının olması lazımdır. Yaponiyadakı boş və havayı evlər təkcə yaponlar üçün deyil. Bu evlərin yeni sahibləri Yaponiya xaricindən də ola bilər. Bölgədəki xalq, qəsəbə və kəndlərinin yaşamağa davam etməsini istəyir. İndiyə qədər Nyu-Yorklu və çinli insanlar da bu boş evlərə diqqət göstəriblər və boş evlər də yavaş-yavaş yeni sahibləri ilə görüşməyə başlayıb. 2019-cu ilin əvvəlində bir filippinli ailə də bu boş evlərdən birinə köçəcək.

Sevinc TELMANQIZI, 
Musavat.com