English (US) Русский Azəricə Türkçe
Maraqlı Şimali Amerika

Yarım kilo zoğala görə 400 dollarlıq cərimə qorxusu və ya cənnət öncəsi kabus… – ABŞ-dan REPORTAJ, FOTOLAR, VİDEOLAR

Bəzi şəhərlərin gerçəkdən xarakteri var. Bir yaşanmışlığı, tarixin fərqli dönəmlərində keçirdiyi sınaqlar və bu sınaqlardan çıxardığı dərslər kimi. Belə şəhərlərə qədəm qoyan kimi anlayırsan: heç kimi təqlid etmir, gözü dağınıq sevgili kimi insanı qıcıqlandırmır. Özü kimidir, safdır, kəşf edilməyə hazır, sevilməyə təşnə…

Bu şəhərin ən böyük özəlliyi nədir, bilirsizmi? Rəvan küçələri, yoxuşları, hər an qabağına yeni sürpriz çıxaracaq halları. Enişli, yoxuşlu, çıxışlı, təpəli… Bəli, məhz təpəli. Bütün yollarında təpəni aşar kimi bir hava var. Enişi də əzablı olacaq, yoxuşu da… deyə düşünsən də, tam əksidir. Hansı şəhər hər yoxuşdan sonra sənə “vauuu” dedizdirə bilər ki?

Bu təpələr şəhəri daha da sehrli, əsrarəngiz edir, inanın. Bunun üçün də hər təpəyə çıxmaq, hər təpənin qabağında, arxasında, bərisində nə varsa, görmək istəyirsən. Maraqlısı da odur ki, sən tək deyilsən bu məsələdə. Sənin kimi yüzlərlə insan eyni əziyyət, amma zövqlə bu təpələri qalxıb enir. İnsan övladı bu – yeniliklərə, sürprizlərə ac, gözəlliklərə həsrət…

Artıq dördüncü dəfə qədəm qoyduğum San Fransiskonu kəşf etməyə günlər, yazmağa isə sözlər yetməz deyə düşünürdüm. Amma və lakin…İnsan sevdiyi adamı hər gün necə kəşf edir? Hər telini hər gün necə əzizləyir, sevdikcə sevəsi gəlir, məsələn? Bax, gözəl şəhərlər də belədir. Dərinliyi ilə sarsıdır, daha güclü bağlarla bağlayır, təəccübləndirməyə, heyran qoymağa, ağzı açıq seyr etməyə məcbur edir…

 

AMERİKA GÖMRÜYÜ: HƏYƏCAN VƏ GƏRGİNLİK…

Amma bu gözəllikləri kəşf etmədən öncə… Yenə və növbəti dəfə Amerika sərhədində üzümə “velsome” deyib, gülümsəyən gömrük işçilərinin elə gülə-gülə də mənə cəhənnəm əzabı yaşatdığı dəqiqələrlə başlayım. Gözəlliyi görmək elə asan deyil – öncə bir az zülm dadacaq, sonra zövq alacaqsan deyib, atalarımız…

“Yeni Müsavat” üçün daha öncə yazdığım Amerika səyahəti yazılarından da bilirsiz ki, bu ölkəyə girmək təkcə viza almanın həyəcanı ilə bitmir. Sərhəddə də axirət sualları ilə qarşılaşırsan. Təyyarənin Trampın Amerikasına enməsinə 1 saat qalmış sənə bir blank verirlər və sən onu doldurursan. Gəliş məqsədindən tutmuş, üstündəki pulun miqdarına, çemodanındakı əşyaların tərkibinə qədər…

Bəndəniz məhz axırıncı məsələdə azərbaycançılığına saldığı üçün San Fransisko aeroportunda izafi 1 saat xərcləməli oldu. Bonus olaraq da stress, sərt münasibət və istintaqa bənzər suallar…

Burda yaşayan dostlardan “gələndə sizə nə gətirim?” sualına “təzə zoğal” cavabı gəlmişdi. Plastik qaba yığılmış zoğalla yanaşı, Göyçay narı, qoxusu çemodanı bürüyən heyvanı da özümlə apardım. Blankda isə bunu qeyd etmədim: “nəyimə lazım, bir də kimdir çemodan açıb yoxlatdıran?” laübaliliyi ilə. Və bəxtimdən bütün yoxlamalardan keçirəm, son çıxışdan çıxmaq istəyəndə gülərüz bir polis yaxınlaşır: “Çemodanınızda nələr var? Baxa bilərikmi?”

Üstündə heroin gizlətmiş suçlu ədası ilə yaxalanıram. Öncə təbii ki, çemodanımda hər hansı ərzaq olmadığını deyib, ötüşdürməyə çalışıram. Və əsl kino da bundan sonra başlanır. Çemodanlar açılır, içindən sellofan torbalarda meyvələri görəndə daha iki gömrük işçisi olay yerinə cəlb edilir. Bəli, Biləcəri sakini San Fransiskoya heyva, zoğal və nar keçirməyə çalışmışdır…. Nə böyük olay, deyilmi?

Bizə gülməli görünə bilər. Amma dərhal pasportum alınır, yoxlanır, bir daha yoxlanır, şəcərəmə qədər araşdırılır, atam Telman kişinin bu günə qədər etdiyi səfərlərə qədər bəlkə də… Və düşünün, bu günə qədər dosyemdə hər hansı bir neqativ olay olmadığı (xüsusən də Amerika sərhədləri daxilində) araşdırılandan sonra gömrük işçisinin ən sərt olanı gözlərini açaraq və Hollivud filmlərində görməyə alışdığımız əda, əl-qol hərəkətləri ilə deyir: Siz gömrük işçisini aldatmısız. Bu hərəkətinizə görə 400 dollar cəzalanacaqsınız.

Bax, sən maliyyəti 4 manat olan meyvələrin etdiyinə. Elə adekvat əda ilə “mənim o qədər pulum yoxdur və bu meyvələri gətirmənin qadağan olduğunu bilmirdim” deyib işin içindən çıxmağa çalışıram. İzah edirlər ki, qanunu pozmuşam və bu qədər rahat danışa bilmərəm. Bir kilo zoğala görə tutula biləcəyim film lenti kimi gözümdə canlanır. Sarı rəngdə məhbus geyimi, aqressiv məhbuslar və türmədə keçən günlər. (Amma parallel içimdə yaranan, səbəbini bilmədiyim şeytani bir reportyor sevinci – çıxandan sonra silsilə Amerika türməsindən reportajlar, “əməkdaşımız Amerika türməsində gördüklərini yazır” anonsu, mətbuat konfransı, müsahibələr…Allah kəsməsin bu peşə xəstəliyimizi)

AZƏRBAYCANDAN GƏLƏN MEYVƏLƏRİN TOXUMUNDA XƏSTƏLİK OLA BİLƏR – İDDİA

Aralarında bir qədər mükalimə edirlər. Və sonra işçilərdən biri meyvələri də götürüb nəzarət bölməsinə keçir, onları qeydiyyatdan keçirmək üçün. Mən də çemodanım açıq şəkildə dəxilsiz bir azərbaycanlı optimistliyi ilə gözləyirəm: yəqin qaytaracaqlar deyə. Aradan rahat 15 dəqiqə keçir. Nə meyvələr gəlir, nə də onu aparan gömrük işçisi. Əcəba meyvənin içindən nəsə tapdılarmı, qorxusu…

Bu zaman 15 dəqiqədir kənarda dayanıb, gözaltı məni süzən(bu arada əlimə telefon almağı da qadağan edirlər, məni qarşılayan dostlardan nə edəcəyimlə bağlı məsləhət də ala bilmirəm) gömrük əməkdaşlarından biri yaxınlaşıb, “Siz niyə burda durmusuz. Gedin də” deyir. Şoka girirəm, amerikansayağı adam sındırmaq bu olsa gərək. Nə meyvələr gəlir, nə də bir üzrxahlıq…

Çemodanımı yığışdıranda tipik bir turist klişesi ilə dodağımın altında deyinirəm: “Sizə adam deyənin… İnsanlıqdan nəsibini almayanlar…”

Dərhal xəbərdarlıq gəlir: “Mem, fikrinizi bizim anlayacağımız dildə deyin”.

Sağollaşıb ərazini tərk edəndə isə sonuncu xəbərdarlıq: “Amerikaya meyvə gətirməyə ehtiyac yoxdur. Burda o meyvələrin orqaniki və gözəli var. Amma sizin gətirdiyiniz meyvələrin toxumunda xəstəlik də ola bilər”.

TAKSİM MEYDANINI XATIRLADAN KÜÇƏLƏR, HƏR YOXUŞDAN SONRA YENİ ŞƏHƏR GÖRMƏ HƏYƏCANI

Bax, macəralar ölkəsinə macərasız girmək olmazmış… Bu qədər gərginliyin üstündən sərin bir su içmək lazımdır. Odur ki, San Fransisko kəşfi… Bu yazının birinci hissəsində San Fransiskonun bir neçə gözəlliyindən bəhs edəcəm. Oxuyub özünüz qərar verin: 17 saatlıq təyyarə səfərinə, sorğu-suala, stresə, həyəcana dəyir, ya yox?

1. Union Square / Market Street / Ferry Building

Şəhərin əsas meydanı və ən çox turist olan bölgəsidir Union Square. San Fransiskonun ən çox otel olan hissəsi də deyə bilərik. İnsanların bir saata yaxın növbədə gözlədiyi Cable Car dayanacağını da unutmayaq. Bu dayanacağın üç istiqaməti var, turistlər bu dayanacaqda nostalji dolu səfərlərini gerçəkləşdirilir.

Bir dəfə minmək üçün 5 dollar vermək kifayətdir. Union Square-dən gərək çata biləcəyiniz Market Street şəhəri başdan-ayağa əhatə edən bir küçədir. Bu küçənin axırına çatdığınız zaman da ocean sahilinə çatmış olursunuz. Gəzmək istəməsəniz də, bir çox avtobus bu küçədən keçərək, size Ferry Buildingə çatdıracaq. Amma avtobusların da alternativi var, həm də təbiət dostu olan tramvaylar…
Xarici ölkələrə yolu bir dəfə belə olsun düşənlər yaxşı bilir: köhnə nəqliyyat vasitələrini müasir şəhərlərdən nə qədər yığışdırsalar da, onlar şəhərlərə rəng və sevinc qatır. Avtobus və tramvayın birdəfəlik bilet qiyməti 2 dollardır. Mindiyiniz zaman sürücünün yanındakı alətə nəğd pul ödəyib, sürücüdən bilet ala bilərsiniz. Biletlərin üzərində yazılan keçərlilk müddəti – adətən 3-4 saat olur – boyunca eyni biletlə bir neçə dəfə o nəqliyyat vasitəsindən istifadə etməniz mümkündür.

Union Square sizə şəksiz İstanbulun Taksim meydanını xatırlada bilər. Marina isə San Fransiskonun ən varlı insanlarının yaşadığı, olduqca baxımlı və gəmi limanından adını alan bir səmtdir. Hə, unutmadan… San-Fransisko evsizlərin sayına görə Nyu-Yorkdan daha “üst pillədədir”. Burda hər addımda yerdə uzanan və milli manıslarımız demiş, “öz kiçik dünyası olan” evsizlə qarşılaşmanız mümkündür. Və təbii ki, ondan gələn bərbad qoxuları duymanız da. Bəzən evsizlərin bol olduğu səkini addımlayanda nəfəsini içinə çəkir və ictimai ayaqyolu təəssüratını almamaq üçün xeyli mücadilə verirsən. Doğruya doğru! Bu şəhərdə hər şey mükəmməldir deməyə də məcbur deyilik.

ŞƏHƏRƏ BAX – BİR TƏRƏFİ ÇİN, BİR TƏRƏFİ İTALİYA QOXULU

İndi isə keçək Pier 39 / Fisherman’s Wharf / Ghirardelli Square məkanına. Pier 39 heç şübhəsiz ki, şəhərin ən turistik nöqtəsidir. Turistlər adətən burda vaxt keçirmək üçün bir az qabaqdakı Fisherman’s Wharf’a tərəf irəliləyirlər. Bura balıq restoranları ilə məşhur küçədir. Elə yolda gedəndə burnunuza küçənin hər tərəfindən qızardılmış balıq qoxusu gəlir. Ümumiyyətlə, bu şəhərə gəlib, dəniz məhsulları restoranlarına getməmək cinayətdir.

Sahildə gəzməyə davam etsəniz, qabağınıza köhnə gəmilərin də olduğu bir gəzinti yolu çıacaq. Bir çox tarixi gəmini gəzə bilər və ilk Golden Gate mənzərəsinin şəklini burdan çəkə bilərsiniz. Amma bir kiçik məqamı unutmayın: San Fransisko buludlu havası ilə məşhurdur. Əgər şansınız varsa, gözəl şəkillər çəkə bilər, doyunca gəzinti edə bilərsiniz.

Növbəti dayanacaq Chinataun / North Beach / Telegraph Hilldir. Bu şəhərin ən gözəl yerlərindən biri heç şübhəsiz ki, özündə italyan məhəlləsini əhatə edən North Beach-dir. Chinataun adından da göründüyü kimi, Amerikanın ən böyük Çin məhəllərinidən biridir.

Ora girəndə sizə elə gəlir ki, Uzaq Şərqə girmisiz. Kolumbus Avenue-ya çatanda isə elektrik dirəklərindəki İtaliya bayraqları gözünüzə sataşacaq. Ümumiyyətlə, bu şəhər dünyanın kiçik modelini xatırladır. Bir çox ölkələrə aid məhəllələri və ekzotik restoranları ilə sanki dünya səyahətinə çıxmış kimi bir hiss verir. Çin məhəlləsi, İtalia bayraqları, pizzalar restoranı.

Bu günlük bu qədər. Növbəti yazıda San Fransiskonun unudulmaz daha bir neçə cəhəti və ona yaxın, turistlərin sevimli şəhəri olan Sausalitodan reportajı oxuyacaqsız. Çünki San Fransiskoya gedən yol Sausalitodan keçir.

Sevinc TELMANQIZI, 
Musavat.com

About the author

Aile Travel

Add Comment

Click here to post a comment

Your email address will not be published. Required fields are marked *