English (US) Русский Azəricə Türkçe
Şimali Amerika

Yenə, yenidən, bir daha San-Fransisko… – REPORTAJ, FOTOLAR, VİDEOLAR

Buludlu şəhərin su kimi həqiqətləri… – III yazı

Amerika, San-Fransisko bir-iki yazı ilə bitərmi? Üç-dörd səfər kifayət edərmi, onu kəşf etməyə? Yox, təbii ki… Odur ki, buralara qədər gəlmişkən, bir neçə detalı, diqqətimi cəlb edən müşahidələrimi də paylaşım…

“SAN-FRANSİSKODA SƏNƏ BAXARLAR” DEYİB, DİLƏNÇİLƏRİ BURA GÖNDƏRİRLƏR

Öncə onu deyim ki, San Francisko Amerikanın bütününü təmsil etmir. Dünyanın digital mədəniyyət paytaxtı səviyyəsindəki bu şəhərin bəlkə də ən vacib özəlliyi hər tipdən və irqdən insanın yan-yana sakitlik və sülh içində yaşaya bildiyi nadir yerlərdən biri olmasıdır.

Bəli, bura heç şübhəsiz ki, digital mədəniyyət paytaxtıdır. Bir yanda milyardları olan adamlar, o biri yanda küçələrdə yaşayan evsizlər. Hamısı yan-yanadır. Küçənin bir başında üstüaçıq lüks maşında yüksək səslə musiqiyə qulaq asan gənc, o biri başında isə yanından keçəndə burnunu tutmaq zorunda qaldığın evsiz. Belə bir təzad. Sonra öyrənirəm ki, ətraf bölgələrdən, ştatlardan bələdiyyələr “San Fransiskoda sizə baxarlar” deyib, bu evsizləri avtobuslara, təyyarələrə mindirib, hissə-hissə bu şəhərə göndərirmiş.

Bir məqamı da unutmayım. Amerika Almaniya, İsveç kimi sosial bir dövlət deyil. Burda vətəndaşın səhiyyə xidmətləri çox bərbad haldadır. Düşünün, bura gələn miqrantlara müavinət verilməməsi, sosial xidmətlər göstərilməməsi də səbəbsiz deyil.

f0cd293a-a49b-487a-b91a-cdcf0269f8c4.jpg (126 KB)

BURDA HƏR KƏS GÖZÜNÜ SİZİN CİBİNİZDƏKİ PULA DİKİB

Market Street San-Fransiskonun ən məşhur küçəsidir. Kilometrlərlə uzunluqda, bir ucunda maliyyə mərkəzləri, bir tərəfində isə bələdiyyə binaları. Arada da tanığın-bildiyin irili-xırdalı texnologiya şirkətlərinin mərkəzləri ilə tam bir yeni iqtisadiyyat mərkəzi. Bu küçədə gəzərkən yeni, qloballaşmış dünya sisteminin kiçik bir versiyasında yer aldığını düşündüm. Bir təfədində milyardlarla dollarlıq ənənəvi şirkətlər, digər tərəfində də internet anlayan yeni nəslin böyütməyə çalışdığı start-up’lar, ortasında da dünyanın dörd bir tərəfindən gəlmiş, bir-birinə sığınmağa çalışan irqlər və təbii sistemin bir parçası olan evsizlər, küçə sənətçiləri.

Bir də San Fransiskoda diqqəti cəlb edən bir başqa məqam var. Dünyanın hər yerində olduğu kimi, burada da hər kəs sizdən cibimizdəki pulu istəyir. San Franciskoda bunu daha çox hiss edirsiniz. Üstünüzə-üstünüzə gələn böyük endirim etiketləri, yolda gedərkən sizə müraciət edən evsizlər. Bunların hamısı pul tələsidir. Və bu, təkcə San Fransiskoda deyil. Ümumyyətlə, ölkəmizdəki dilənçilərin bəlkə də çox kiçik bir qismi evsizdir. Əksəriyyətinin isə gözəl evləri var. Özüm şəxsən Biləcəri dilənçilərinnin necə evdə yaşadığını görmüşəm. Amma burda adam özünə evsiz deyib, dilənirsə, bu, gerçəkdən də belədir.

be75f884-55fc-4ce1-a225-c5bba93c28f0.jpg (201 KB)

KÜÇƏDƏ UĞUR QAZANMAQ ÜÇÜN SƏNƏTÇİ OLMAĞA EHTİYAC YOXDUR…

San Fransiskonun sahib olduğu ən gözəl şeylərdən biri də küçə sənətçiləridir. Musiqiçilər, rəqqaslar, həddən artıq diqqətçəkən geyimlərlə gələnlərin gözünə xitab edən dəyişik insanlar. Sənətçi olmaq, yaxşı mahnı və rəqs hərəkətləri ortaya çıxarmaq başqa şeydir, diqqət çəkici olmaq bambaşqa bir şey. Hamının diqqətində gözü olan markalar, sosial media fenomenləri, sənətçilər, gənz qızların arasından sıyrılıb “mən də burdayam” deyə biləcəyiniz işlər görmək – sənət məhz budur.

9f8e2765-b7ad-427f-84ef-24d04c930901.jpg (205 KB)

SAN-FRANSİSKODA PUL-PARA SÖHBƏTLƏRİ…

Keçək pul-para söhbətlərinə. San Fransiskoda, şəhərin özündə yaşamaq istəyirsizsə, çox pulunuz olmalıdır. Tək otaqlı evlərin kirayəsi 2 min dollardan başlayır və limitlər demək olar ki, sərhədsizdir. Bu səbəbdən də çox insan işləməyə San Fransiskoya gəlir və Oaklandda, ya da Bay Areadakı digər şəhərlərdə yaşayırlar. Oakland və San Francisconu Bay Bridge birləşdirir. Yenə də məsafələri və nəqliyyatı düşündüyünüz zaman Oaklandda yaşayıb, San Fransiskoda çalışmaq təxminən Batamdarda yaşayıb, Xalqlar Dostuluğunda çalışmaq kimidir.

Bakıda ayda 5 min manat qazanırsızsa, San Fransiskoda bənzər şərtlər altında San Fransiskoda yaşamaq üçün 10 min dollar kifayət etməyəcək. Buna səbəb texnologiya və yeni iqtisadiyyatın yeni varlılıarı və qlobal çalışanlarının buradakı həyatıdır. Şəhərin sərmayəsi və əhalisinin sayı ilə birlikdə artan ev tələbi də avtomatik kirayə qiymətlərinə təsir edib illər boyunca.

San Fransiskoda küçədə velosiped kirayələmək çox işə yarayır. Bir stansiyadan götürüb, başqa bir stansiyada velosipedi yerinə qoyursunuz Bu şəhərə gedən hər turist mütləq bir dəfə də olsa tramvaya minər və Viktoriya evlərini görür. Eyni zamanda bir təpəyə çıxar və ən son olaraq da Pier 39-da yarım gün keçirir.

11308eb4-201d-4183-a600-61e58e909db2.jpg (45 KB)

AMERİKA MƏTBƏXİ..? LÜTFƏN BİR DAHA BELƏ SÖZ BİRLƏŞMƏSİ QURMAYIN!

Bir müşahidəmi də paylaşım. Amerikadakı insanlar özlərinə və sizə qarşı daha dürüst, daha açıq və netdilər. Qaydalara uymaq, başqalarına hörmət bəsləmək burdakı ortaq həyat müqaviləsinin bir hissəsidir. Xüsusən də Silikon Vadisinin içindəki kiçik şəhərlərdə insanlar daha pozitiv, huzurlu və rahatdılar. Böyük şirkətlərdə çalışan və üst səviyyədə rəhbərlik edən bir çox qaçqın var və burada mühacirlik, bir başqa ölkədən, mədəniyyətdən gələrək burada həyatını qurmaq üçün bütün bölgədə, böyük bir tolerans ortamı yaradıb. Önəmli olan sizin şəkliniz, milliyyətiniz, dininiz yox, nə etdiyiniz, nə istehsal etdiyiniz, nə də ortaya qoyduğunuz.

Amma heç vaxt yaddan çıxarmayaq. Amerika heç də tikansız gül bağçası deyil. Əksinə, burada dəhşətli bir rəqabət və sürət var. Hər hansı bir ideya üzərində çalışan ən azı 10 ayrı heyət var. Hamısı da çox uğurlu, çox həvəslidilər.

Yemək məsələsinə də keçək. Hamınız bilirsiz, bir dəfə də mən deyim. Amerika mətbəxi deyə bir şey yoxdur. Steyk var, qızartma kartof var, qızartma sosiska var, amma mətbəx yoxdur. Bununla belə, san fransiskolular küçə ləzzətlərinə önəm verirlər. Şəhər də küçə ləzzətlərinin məskənidir. Bir də görürsən, uzun bir növbə. Hardasa 30 nəfər kiçicik bir kafenin qabağında dayanıb. Sosiskalı sendviç üçün. Halbuki iki küçə aralıda onlarla beləsi var. Amma bu, artıq brend sayılır.

Dediyim kimi, mətbəx sözü ilə Amerika sözünü bir cümlə içində səsləndirməmək lazım. Bərəkətindən uzaq, bəzən qarşına elə qəribə yeməklər gəlir ki, bilmirsən bu, yemək üçündür, ya nə… Duzlu gözlədiyin yemək şipşirin çıxar, ya da gözəlim toyuğun üstünə ekler kreminə bənzər bir əlavə əndərərlər. Ağlın qarışar, dilin uyuşar. Menyudakı əcaiblikləri çözə bilməyəndə, dadını yaxşı bildiyin klassik yeməklər sifariış edərsən çarəsiz. Dədə-baba makaronu, məsələn. O da nə? Makaronu elə qəribə, saqqız kimi uzanan sosla hazırlayıblar ki, bir dəfə çəngəl batırman yetərli olur. Ondan sonra ümidin qalır, yeməkdən öncə masaya gətirilən yağ-çörəyə… İçindəki səsin “Bu, nə həyatdır, yaşayıram” deyinmələrinin müşayiəti ilə…

Geyimdən də danışaq? Şəhərin Union, Hayes, Filmor və Chestnut küçələrində şəhərin ən lüks mağazaları var. Bəzən küçədə gördüyün amerikalı qadınların da sənin, mənim kimi sıradan geyimlər geyindiyini görürsən. Cins şalvar, adi köynək… Amma mağazalara girəndə ağlın qarışır. 1200 dollarlıq bu güllü əlbisəni kim harda alıb, geyinir? Ümumiyyətlə, ev paltarına bənzəyən bu paltara bu qədər çox pul verən qadınlar San-Fransiskonun harasında yaşayırlar? Təbii ki, şəhərin ən ucuz geyim mağazaları bir qədər kənarda yerləşir. Şəhərdə bir neçə ay yaşayandan sonra oralara bələd olmaq lazımdır.

5d742f97-b5b1-4212-bf7c-598bb216e80a.jpg (218 KB)

ORTA STATİSTİK SAN-FRANSİSKO SAKİNİNİN İLDƏ 110 MİN DOLLARA EHTİYACI VAR

Maddi göstəricilərə də keçək. San-Fransisko şəhərində orta statistik bir şəhərlinin rahat bir həyat keçirə bilməsi üçün illik 110 min dollara ehtiyacı var. Orta statistik şəhərlinin illik ortalama gəliri isə 81 min 200 dollarla bu səviyyənin altında yer alır. San-Fransisko körfəz bölgəsində aylıq kirayə məsrəfi orta hesablama 4 min 500 dollardır. Ev qiymətləri isə 1 milyon 200 min dollardır.

San-Fransiskoya gəlmisizsə, bir zəhmət saatlarla tıxacda qalmağı da göz önünə almalısız. Sağı-solu təpələrlə əhatəli, sıxıcı yollarla bir yerdən digərinə getmək üçün bəzən 2 saatın gedir. Yollar da o qədər sıxıcıdır ki, nə çəkiliş etmək üçün məkan var, nə də gözünü oxşamaq üçün mənzərə… Quzu kəsərəm, Biləcəri-Neftçilər tıxacına. Uzağı 50 dəqiqəyə mənzilbaşına çatırsan. Özü də San-Fransiskoda “tıxac saatı” anlayışı yoxdur. Günün bütün saatları tıxaca qonaqdır. Çünki burda iş bir növbəli deyil ki, bizdəki kimi – səhər saat 9.00, axşam 6.00 kimi bir sistem yoxdur. Orda bir neçə növbəli işlər daha revanşdadır deyə günün bütün saatlarında işdən evə qayıdan, evdən işə gedən insanları görmək mümkündür.

Buludlu şəhər deyirlər, San-Fransiskoya… Burada buludlar heç əskik olmaz göy üzündə. Bir yerdə gözləyərlər hər zaman. Səhər nazik köynəkdə evdən çıxanları günün ortasında titrətmə tuta bilər. İqlimini bilməyənlər, səhərki havaya aldanıb nazik geyinərlər. Ona görə də üzərində ”I Love San Francisco” yazılan mağazalar, səyyar satıcılar daha yaxşı pul qazanırlar.

Müşahidələr bitdimi? Hələ yox. Növbəti yazılarda daha ilginc detallardan yazacam. Amerika macərası deyirsiz ağzınızda. Macəra bitərmi?

Sevinc TELMANQIZI