Əməkdar artist onlayn rəqs qruplarının təşkilinə qərar verdi – FOTO

Peşəkar rəqqas, beynəlxalq festivalların iştirakçısı və laureatı, Əməkdar artist Emin Əliyev insanların evdə vaxtlarını səmərəli keçirməsi məqsədi ilə onlayn rəqs kurslarının təşkilinə qərar verib. 

Onun şəxsi təşəbbüsü və rəhbərliyi ilə yaradılan bu virtual rəqs qruplarında milli, eləcə də dünya xalqlarının rəqsləri öyrədiləcək.

Fərdi və qrup şəklində, əyani və distant formada təklif olunan onlayn kurslara qəbul artıq başlanıb.

Qeyd edək ki, Emin Əliyev Bakı Xoreoqrafiya Akademiyasının məzunudur. 1996-ci ildən 2015-ci ilə qədər Azərbaycan Dövlət Rəqs Ansamblının solisti olub. 2004-cü ildə Xalq artisti Polad Bülbüloğlunun “Eşq və ölüm” baletində Nuri obrazı ilə daha çox tanınıb. Emin Əliyev bu obrazla Azərbaycanın müxtəlif mədəniyyət ocaqlarında və Rusiyanın Böyük Teatrında, Sank Peterburqun Marinski Teatrında çıxış edib. 2004-2006-cı illərdə Türkiyənin “Anadolu Atəşi” və 2017-ci ildə “Royal” rəqs ansambllarına dəvət alıb, bir müddət orada fəaliyyət göstərib, müxtəlif rəqs və balet tamaşalarına quruluş verib. Dünyanın 50-dən çox ölkəsində keçirilən beynəlxalq tədbirlərdə iştirak edib. 2008-ci ildə ölkə başçısının sərəncamı ilə “Əməkdar artist” Fəxri adına layiq görülüb. 2012-ci ildən istedadlı rəqqas və xoreoqraf kimi Rusiyanın bir çox şəhərlərində müxtəlif mədəni tədbirlər və festivallar çərçivəsində quruluş verdiyi balet kompozisiyalarını uğurla nümayiş etdirib, həm ölkəmizin, həm də dünyanın müxtəlif şəhərlərində ustad dərsləri verib. Xoreqrafıya Akademiyasının 90 illik yubileyi ilə əlaqədar maestro Niyazinin “Rast” simfonik muğamı və “Kitabi Dədə Qorqud” dastanının motivləri əsasında “Dəryadan damla” balet-tamaşasına quruluş verib.

Emin Əliyev Azərbaycan Dövlət Akademik Musiqili Teatrında balet truppasının quruluşçu baletmeysteri kimi bir çox uğurlu layihələrdə iştirak edib, yeni hazırlanan tamaşalardakı balet kompozisiyalarına quruluş verib.

İstedadlı rəqqas və xoreoqraf dahi bəstəkar Fikrət Əmirovun balet musiqisi əsasında hazırlanan “Nəsimi” (qurluşçu rej. S.Qulamov) promo-rolikinə görə “İmedia Group”un təsis etdiyi “Şəms” Milli Mükafatına layiq görülüb.

O, Musiqili Teatrın bu mövsümünün anşlaqla keçən tamaşalarından biri olan “Paris Notr-Dama ithaf” əsərində (V. Hüqo”, rej. S.Qulamov) uğurla iştirak edib. Eləcə də Teatrda yeni hazırlanan “İstintaq” (C.Allahverdiyev və P. Seyidli, quruluşçu rej. F.Məhərrəmov), “Cehizsiz qız” (A. N. Ostrovski, quruluşçu rej. İ.Gözəlova) tamaşalarında plastik hərəkətlərlə qurulan səhnələrin müəllifi və quruluşçu baletmeysteridir.

Hazırda Emin Əliyev “Kitabi-Dədə Qorqud” dastanının motivləri əsasında Akademik Musiqili Teatrda hazırlanan, librettosu və quruluşu gənc rejissor Samir Qulamova məxsus olan “Dədəm Qorquddan bir nişanə” balet-tamaşasında iştirak edən teatrın balet truppası ilə, eyni zamanda bu əsərdə canlandıracağı obraz (Uruz) üzərində məşqlərini davam etdirir. Teatrsevərlər və Emin Əliyevin yaradıcılığına diqqət göstərən hər kəs dünyanı bürüyən pandemiya ilə bağlı müvəqqəti olaraq yarımçıq qalan bu möhtəşəm səhnə əsərinin də növbəti mövsümdə uğurla numayiş olunacağına ümid edirlər.

Haqqımızda

AiləTravel.net xəbər saytı deyil, fərqli bir saytdır. AiləTravel.net saytında kriminal, siyasi xəbərlərə,şou xəbərlərə və xəbər saytlarına xas olan ənənəvi olan informasiyalara demək olar ki,rast gəlməyəcəksiniz. Bu sayt ancaq pozitiv məlumatlardan ,faydalı məlumatlardan əyləncəli şəkildə bəhs edən saytdır. ailetravel.net təkcə səyahət saytı deyil,eyni zamanda müxtəlif sahələrə marağı olan insanların informasiya tələbatını təmin edə biləcək əyləncəli-maarifləndirici saytdır.
Əgər sizin reallıqda səyahət etməyə imkanınız yoxdursa bizim saytla virtual səyahət edə bilərsiniz.Əgər siz aktiv səyahətçisinizsə eynilə bizim saytdakı materiallardan faydalana bilərsiniz, özünüz üçün yeni bilgilərdən istifadə edə bilərsiniz. Saytımızın səhifələrində nəinki peşəkar səyahət verilişləri ilə, eləcə də müəllif -həvəskar çəkilişlərlə tanış olacaqsınız. Güman edirik ki, informasiya bolluğunun olduğu indiki vaxtda AiləTravel.net sizlərin zövqünüzü oxşayan və tələblərinizə cavab verən mətbu orqan olacaq. Ümid edirik dəyərli vaxtınızı faydalı və maraqlı keçirəcəksiniz. Səyahətlə bağlı təəsüratlarınızı bizimlə bölüşə bilər,bu haqda yazılarınızı,vidematerialları, şəkilləri ,eləcə də irad və təkliflərinizi elektron ünvanımıza göndərə bilərsiniz.
AiləTravel.net həmçinin bütün yerli və xarici turizm şirkətlərini, eləcə də bütün iş adamlarını aktiv əməkdaşlığa dəvət edir.

Əlaqə: (+994) 70 501 88 17