Fri. Aug 7th, 2020

Akademik Musiqili Teatr Albaniyaya festivala hazırlaşır

10-15 oktyabr tarixlərində Azərbaycan Dövlət Akademik Musiqili Teatrı daha bir Beynəlxalq tədbirdə – Albaniyanın Elbasan şəhərində XXI ənənəvi Skampa Beynəlxalq Müasir Teatr Festivalında iştirak edəcək.

Albaniyalı rejissor Adonis Filipinin bədii rəhbərliyi ilə ərsəyə gələn “Skampa-2019″ festivalı çərçivəsində müxtəlif seminarlar, tamaşaların təqdimatları, konsertlər, sərgilər, görüşlər, həmçinin mədəniyyətlərarası dialoqun qurulması, beynəlxalq səhnə təcrübələrinin qarşılıqlı mübadiləsi barəsində geniş müzakirələr keçiriləcək.

Albaniya ilə yanaşı, ABŞ, İtalya, Rumıniya, Polşa, Macarıstan, Kosova, Şimali Makedoniya və dünyanın bir çox müxtəlif, nüfuzlu teatrlarının qatıldığı bu ənənəvi festivalda ölkəmizi Akademik Musiqili Teatr təmsil edəcək və Samuel Bekketin məşhur “Qodonun intizarında” pyesi əsasında hazırlanan eyniadlı tamaşasını göstərəcək.

Qeyd edək ki, Xalq artisti, professor Fərəc Qarayev tərəfindən dünyada ilk dəfə simfonik musiqi bəstələnən bu əsər ötən mövsümdən teatrın repertuarına daxil olub.

Hər kəs tərəfindən birmənalı qəbul edilməyən, dərin fəlsəfi mənaya malik olan absurd tamaşanın bədii rəhbəri Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev, quruluşçu rejissoru Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin magistr diplomçusu Yunis Vəlipurdur.

Səhnə əsərinin quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, dirijoru Səməd Süleymanlı, quruluşçu baletmeysterləri Əməkdar artistlər – Zakir və Yelena Ağayevlər, konsertmeysteri Nərminə Əbdürəhmanova, səhnə tərtibatı Qabil Gözəlov, rejissor assistenti Əliməmməd Novruzovdur.

Əsərdə Estraqon (Qoqo), Vladimir (Didi), Poçço, Lakki, Oğlan obrazlarını Əməkdar artistlər Əzizağa Əzizov, Şövqi Hüseynov, aktyorlar – Əliməmməd Novruzov, Hüseyn Əlili və teatrın on beş yaşlı aktyoru Hüseyn Nağıyev ifa edirlər.

Bundan əlavə ”Qodonun intizarında” tamaşası dekabr ayında İran İslam Respublikasında – Təbrizdə keçiriləcək II Alef Beynəlxalq Teatr Festivalına da dəvət alıb.

Haqqımızda

AiləTravel.net xəbər saytı deyil, fərqli bir saytdır. AiləTravel.net saytında kriminal, siyasi xəbərlərə,şou xəbərlərə və xəbər saytlarına xas olan ənənəvi olan informasiyalara demək olar ki,rast gəlməyəcəksiniz. Bu sayt ancaq pozitiv məlumatlardan ,faydalı məlumatlardan əyləncəli şəkildə bəhs edən saytdır. ailetravel.net təkcə səyahət saytı deyil,eyni zamanda müxtəlif sahələrə marağı olan insanların informasiya tələbatını təmin edə biləcək əyləncəli-maarifləndirici saytdır.
Əgər sizin reallıqda səyahət etməyə imkanınız yoxdursa bizim saytla virtual səyahət edə bilərsiniz.Əgər siz aktiv səyahətçisinizsə eynilə bizim saytdakı materiallardan faydalana bilərsiniz, özünüz üçün yeni bilgilərdən istifadə edə bilərsiniz. Saytımızın səhifələrində nəinki peşəkar səyahət verilişləri ilə, eləcə də müəllif -həvəskar çəkilişlərlə tanış olacaqsınız. Güman edirik ki, informasiya bolluğunun olduğu indiki vaxtda AiləTravel.net sizlərin zövqünüzü oxşayan və tələblərinizə cavab verən mətbu orqan olacaq. Ümid edirik dəyərli vaxtınızı faydalı və maraqlı keçirəcəksiniz. Səyahətlə bağlı təəsüratlarınızı bizimlə bölüşə bilər,bu haqda yazılarınızı,vidematerialları, şəkilləri ,eləcə də irad və təkliflərinizi elektron ünvanımıza göndərə bilərsiniz.
AiləTravel.net həmçinin bütün yerli və xarici turizm şirkətlərini, eləcə də bütün iş adamlarını aktiv əməkdaşlığa dəvət edir.

Əlaqə