Fri. May 14th, 2021

Meyvə şirələrinin faydası

Təzə sıxılmış meyvə şirələri konsentrat meyvə şirələrindən çox faydalıdır. Konsentrat meyvə şirələri vitaminsiz şəkərli içkilərdir. Təzə sıxılmış meyvə şirələrinin tərkibi isə vitamin və minerallarla zəngindir. Meyvə şirələri uşaq yaşlarından etibarən həyatımızın hər dövründə ləzzətlə istehlak edilən və sağlamlıq baxımından insan həyatında əvəzsiz yeri olan içkilərdir.

 

Meyvə şirələrinin tərkibi vitamin, minerallar, lif və flavonoidlərlə zəngindir. Sağlamlıq üçün olduqca faydalı olan həmin şirələr immun sistemini möhkəmləndirir, müalicəvi təsir göstərir. Hər şirənin öz faydası varr. Amma düzgün qəbul edilmədikdə meyvə şirələrinin orqanizmə heç bir faydası dəymir. Ona görə də təzə sıxılmış meyvə şirələrini ən qısa müddətdə istehlak etmək lazımdır. Meyvə şirələri uzun müddət saxlanılanda vacib mineralları və vitaminləri itirir. Xüsusən C vitamini ilə zəngin olan meyvə şirələrində həmin vitamin oksidləşərək sirkəyə çevrilir. Bununla yanaşı, uzun müddət saxlanılan meyvə şirələrində qısa müddət sonra bakteriya artmağa başlayacaq.

 

Təzə çəkilmiş meyvə şirəsini 2 saatdan çox olmamaq şərtilə istehlak etmək daha faydalıdır. Əgər meyvə suyu bu müddətdən artıq saxlanılmalıdırsa, onda vitaminlərini qorumaqla saxlanmasını təmin etmək lazımdır. Belə ki, şirələrin plastik qablarda ağzı tam bağlanmamış və ya ağzı açıq şəkildə otaq temperaturunda saxlanılması düzgün deyil. Həmin vəziyyətdə saxlanılan meyvə şirələrində dad və ya qoxu dəyişikliyi başlayacaq və o, sürətlə köhnələcək. Meyvə şirələri hava ilə təmasda olmayan, quru və günəş işığına məruz qalmayan yerdə, xüsusən də möhkəm bağlanılmış şüşə qablarda və soyuducuda saxlanılmalıdır. Qoxusu və dadı dəyişmiş meyvə şirələri istehlak edilməməlidir.

 

Meyvə yeməkdən zövq almadıqda onun şirəsini içməklə gündəlik bir sıra minerallara, vitaminlərə və fitokimyəvi maddələr kimi bioaktiv birləşmələrə olan ehtiyacı ödəmək üçün faydalanmaq olar. Həmçinin meyvələrin lətli hissələrini şirələrə qarışdırmaqla daha sağlam fitonutrientlər və lif ehtiva edən bir içki əldə etmək mümkündür ki, bu zaman şirənin tərkibində olan lif toxluq hiss etməyə kömək edə bilər.

 

Qeyd edək ki, şirələrin tərkibində olan C vitamini, polifenol və karotenoidlər kimi bir çox maddələr sağlamlıq üçün olduqca faydalıdır. Xüsusilə C vitamini orqanizmin xəstəliklərə qarşı müqavimətini artırdığına görə infeksion və iltihabi xəstəliklərdən qoruyur, hipertoniya xəstələrində təzyiqin tənzimlənməsinə yardımçı olur, ürək xəstəliyi riskini azaldır.

 

Mütəxəssislər portağal, üzüm, qreypfrut, nar, alma və albalıdan əldə olunan meyvə şirələrinin orqanizmə daha faydalı olduğunu bildirirlər. Portağal şirəsinin əsasən C vitamini, kalsium, maqnezium mineralları ilə, üzüm şirəsinin A, B, C vitaminləri, kalium və dəmir mineralları ilə, qreypfrut şirəsinin C vitamini və lif ilə, alma şirəsinin kalium, maqnezium, kalsium mineralları, C, K və E vitaminləri ilə, nar şirəsinin A, C, E, B5 vitaminləri, kalsium, kalium və dəmir mineralları, albalı şirəsinin isə kalium mineralı və A vitamini ilə zəngin olduğu bildirilir.

 

Bir stəkan portağal şirəsi gündəlik C vitamini ehtiyacını ödəyir. Fol turşusu, kalium, B1, B2, B6 vitaminləri və müxtəlif minerallarla zəngin olan portağal suyu xərçəng hüceyrələrinin inkişafına qarşı effektlidir. Portağal suyu bəzi dərmanların təsirini azalda bildiyindən diqqətlə istehlak edilməlidir. Həmçinin gecə yarısı içilən portağal suyu yuxusuzluğa səbəb ola bilər.

 

Üzüm şirəsi güclü antioksidant xüsusiyyətləri sayəsində bədəndəki sərbəst radikallarla mübarizə apararaq immun sistemini gücləndirir. A, B və C vitaminləri ilə zəngin olan üzüm şirəsi çox miqdarda kalium və dəmir ehtiva edir. Üzüm suyu immun sisteminə və ürək-damar sağlamlığına müsbət təsir göstərir, xolesterol və şəkəri tarazlaşdıraraq ürək sağlamlığını təmin edir.

 

Alma şirəsi kalium, maqnezium, kalsium və K vitaminini özündə ehtiva edir. Həmçinin C və E vitaminləri ilə zəngin olan alma şirəsi yaddaşı gücləndirir, stres və yaşlanmanın təsirlərini azaldır.

 

İmmun sistemini gücləndirməyin ən asan yolu sağlam həyat tərzi və düzgün qidalanmaqdır. Sağlam qidalanmaq üçün qida rasionunda kifayət qədər meyvə olmasını təmin etmək, mövsümi meyvələrdən, eləcə də təzə sıxılmış meyvə şirələrindən istifadə etmək vacibdir. Müntəzəm olaraq meyvə şirələrini istehlak etməklə orqanizmi sağlam, gümrah və enerjili saxlamaq mümkündür.

 

Meyvənin keyfiyyəti hazırlanan şirənin keyfiyyətinə də böyük təsir göstərir. İstifadə olunan meyvə tam yetişməli, zədələnmiş və ya çürük olmamalıdır. Həmçinin şirə hazırlayarkən meyvənin axar suyun altında təmiz yuyulandan sonra üzərindəki suyun çəkilməsi şərtdir.

Haqqımızda

AiləTravel.net xəbər saytı deyil, fərqli bir saytdır. AiləTravel.net saytında kriminal, siyasi xəbərlərə,şou xəbərlərə və xəbər saytlarına xas olan ənənəvi olan informasiyalara demək olar ki,rast gəlməyəcəksiniz. Bu sayt ancaq pozitiv məlumatlardan ,faydalı məlumatlardan əyləncəli şəkildə bəhs edən saytdır. ailetravel.net təkcə səyahət saytı deyil,eyni zamanda müxtəlif sahələrə marağı olan insanların informasiya tələbatını təmin edə biləcək əyləncəli-maarifləndirici saytdır.
Əgər sizin reallıqda səyahət etməyə imkanınız yoxdursa bizim saytla virtual səyahət edə bilərsiniz.Əgər siz aktiv səyahətçisinizsə eynilə bizim saytdakı materiallardan faydalana bilərsiniz, özünüz üçün yeni bilgilərdən istifadə edə bilərsiniz. Saytımızın səhifələrində nəinki peşəkar səyahət verilişləri ilə, eləcə də müəllif -həvəskar çəkilişlərlə tanış olacaqsınız. Güman edirik ki, informasiya bolluğunun olduğu indiki vaxtda AiləTravel.net sizlərin zövqünüzü oxşayan və tələblərinizə cavab verən mətbu orqan olacaq. Ümid edirik dəyərli vaxtınızı faydalı və maraqlı keçirəcəksiniz. Səyahətlə bağlı təəsüratlarınızı bizimlə bölüşə bilər,bu haqda yazılarınızı,vidematerialları, şəkilləri ,eləcə də irad və təkliflərinizi elektron ünvanımıza göndərə bilərsiniz.
AiləTravel.net həmçinin bütün yerli və xarici turizm şirkətlərini, eləcə də bütün iş adamlarını aktiv əməkdaşlığa dəvət edir.

Əlaqə