Thu. Oct 7th, 2021

Əgər Lahıcı görməmisinizsə…- REPORTAJ

Qəsəbə tam fərqli memarlığı, təbii landşaftı, ab-havası ilə yerli və xarici turistləri səyahətə sövq edir
Lahıc qəsəbəsinə yol sıldırımlı qayalar, yaşıla bürünmüş dağlarla əhatələnən dolanbac yollardan keçir. Təbiətin yurdumuza bəxş etdiyi sonsuz gözəllikləri seyr edə-edə dağlar qoynundakı bu qədim məkana nə zaman çatdığının fərqinə varmırsan.
Nə bir ildən çox davam edən pandemiyanın xofu, nə də sərt karantinin qadağaları Lahıc camaatının üzündən təbəssümü, dillərindən qonaqlara dedikləri “xoş gəlmisiniz” sözlərini silə bilib. Yenə də Lahıcın qədim küçələrində yerli turistlərin səsi və gülüşü bir-birinə qarışıb. Qədimliyi görmək, yerli məhsullardan dadmaq, qəsəbənin əsrlərdən bəri dəyişməyən adət-ənənəsi ilə tanış olmaq üçün insanlar axın-axın Lahıca səfər edir. Turistlər ən qədim “Çay evi”ndə yerli şirniyyatlarla dağ bitkilərindən çay içir, restoranlarda Lahıc dolmasının, lobyasının və digər təamlarının dadına baxmaqdan zövq alır, sənətkarlarla ünsiyyət qurur, tarixi küçələri gəzirlər. Lahıc tarixindən bəri çox az dəyişib. Qəsəbədə tarixi izləri qoruyan insanlar yaşayır. Bu məkanda qədimliyin aurası hər küçədə, hər döngədə hiss olunur. Yerli sakinlərin “Əgər Lahıcı görməmisinizsə, demək İsmayıllıya getməmisiniz” fikirləri də təsadüfən yaranmayıb. Və bu, həqiqətdir!
Dövlət Turizm Agentliyinin (DTA) “Lahıc” Dövlət Tarix- Mədəniyyət Qoruğuna jurnalistlər və səyahət bloqerləri üçün təşkil etdiyi mediatur karantin yumşalmalarından sonra turizmin bərpasında əhəmiyyətli irəliləyişin olduğunu, xüsusilə daxili turizmdə, regionlarda canlanmanın baş verdiyini bir daha təsdiqlədi.
Qədim memarlıq abidəsi
Dövlət tərəfindən qorunan qədim şəhər və memarlıq sənəti abidəsidir Lahıc. 1980-ci ildən muzey-qoruğa çevrilib. Hazırda qəsəbədə memarlıq qoruğu rejimi fəaliyyət göstərir. Ərazidə kərpicdən və digər müasir materiallardan tikinti aparmaq, 8 metrdən hündür tikili tikmək qadağan edilib. Məhz buna görə də, Lahıc öz qədim görkəmini saxlayır. Qoruğun bütün ərazisi, küçə və meydanları, daş döşəmələri, kürəbənd (kanalizasiya) sistemi, əhalinin adət-ənənələri, sənətkarlıq sahələrinin mühafizəsi qoruq əməkdaşlarının diqqət mərkəzindədir. Qoruq ərazisində mövcud 103 tarix-mədəniyyət abidəsindən 1-i dünya əhəmiyyətli abidə kimi qeydiyyata alınıb. Qəsəbədəki abidələr arasında su dəyirmanı, körpü, 3 hamam, 5 məscid və 8 daş sütun var. Lahıcın bütün küçələrinə daş döşənib. İkimərtəbəli evlər də çay daşlarından tikilib. Zəlzələyə davamlılıq üçün hər 60-70 santimetrdən bir hörgü arasına taxta dirəklər yerləşdirilib, qədim taxta qapılara dəmir “zınqırov” qoyulub. Gələn turistlər Lahıcda görməli yerlər siyahısında yer alan “Bədöyün məscidi” (1791-ci il), “Zəvəro məscidi” (1805-ci il) və XIX əsrə aid Yuxarı Ərəgit məscidinə, “Hacı Molla Hüseyn hamamı”, “Hacı Cahanbaxş hamamı”na tamaşa edir, “Hacı Nurməmməd hamamı”, “Hacı Qəhrəman hamamı” və “Aslani hamamı”nın qorunan qalıqlarını seyr edir, qədim küçələrlə irəliləyirlər.
Tam fərqli memarlığı, təbii landşaftı, ab-havası gələn yerli və xarici turistləri yenidən Lahıca səyahətə sövq edir.
Sənətkarlıq küçəsi
Qəsəbənin mərkəzi küçəsi “Böyük küçə” və ya “Bazar küçəsi” kimi tanınır. Yerli sakinlər küçəni “Sənətkarlar məhəlləsi” adlandırırlar. Lahıcın demək olar ki, bütün mis mağazaları – emalatxanaları bu küçədə yerləşir. Burada nəinki suvenir almaq, eləcə də sənətkarların işinə tamaşa etmək film izləmək qədər maraq doğurur. Dar küçələrlə irəlilədikcə Lahıc sakinlərinin evlərinin ağzında satdıqları yerli məhsullarla rastlaşırsan. 2-3 mərtəbəli evlərin 1-2-ci mərtəbəsi emalatxana, 3-cü mərtəbəsi yaşayış üçün nəzərdə tutulub.
Lahıcın qədimlik qoxuyan ab-havası gələn turistləri təkcə əsrlərə söykənən mədəniyyət, adət-ənənə ilə tanış etmir, həmçinin qəsəbənin tarixini vərəqləyir. Qoruğun tarixini əsasən Lahıc Muzeyindəki eksponatların tarixi ilə ölçürlər. Muzeydə e.ə 2 və 3-cü əsrə aid eksponatlar var. AMEA-nın Tarix İnstitutunun alimlərinin rəylərinə görə, bu eksponatlar sübut edir ki, burada qədimdən yaşayış olub.
Lahıc Muzeyində müxtəlif dövrlərə aid məişət əşyaları, saxsı məmulatlar, papaqçılıq, xalçaçılıq, misgərlik, sərraclıq, qalayçılıq, həkkaklıq, silahsazlıq və s. sənətlərin qədim nümunələri ilə tanış olmaq mümkündür. Muzeyə gələn qonaqlara 1000-dən çox eksponat təqdim edilir.
Lahıc Qoruğunun direktoru Kamal Əliyev muzeyə ölkənin hər yerindən qonaqların, o cümlədən əcnəbi turistlərin gəldiyini bildirdi: “Xüsusən pandemiyadan qabaq qoruq ərazisinə çoxlu əcnəbi turistlər səyahət edirdi. Muzeyin rəy dəftərində Yaponiya, İndoneziya və s. ölkələrdən gələn turistlərin fikirləri yer alıb. Muzey Lahıcın tarixi ilə tanış olmaq üçün unikal məkandır”.
Qoruğun bərpa konsepsiyası
Son 3 ildə qəsəbənin simasında əsaslı dəyişiklik baş verib,  Dövlət Turizm Agentliyinin dəstəyi ilə təmir-bərpa işləri həyata keçirilib. Qəsəbədə DTA tərəfindən qorunan qədim tikililər var. “Hazırda Lahıc Qoruğunun bərpa konsepsiyası hazırlanır”- deyə DTA-nın layihə və memarlıq üzrə koordinatoru  Nizami Qasımov bildirir: “Təmir-bərpa işləri tədricən həyata keçirilir. Yaşayış məkanında iş görmək bir qədər çətindir. Qəsəbədəki bütün evlər pasportlaşdırılacaq, köhnə tikililərin və qəzalı evlərin siyahısı hazırlanacaq. Qoruq mədəni irsin təqdim edilməsi, təbliğat məqsədli çəkilişlərin aparılması, əraziyə gələn turistlərə xidmət göstərilməsi və s. məsələlərə də nəzarəti həyata keçirir. Artıq “Lahıc” Dövlət Tarix-Mədəniyyət qoruğuna giriş və çıxış mühafizə polisi tərəfindən nəzarətə götürülüb. Qoruq ərazisində qədim kanalizasiya və kürəbənd sistemi olduğuna görə, yerli sakinlər istisna olmaqla, digər avtomobillərin əraziyə girişinə məhdudiyyət qoyulub. “Parkinq” xidməti də qurulacaq”.
Misgərliyin mərkəzi
Hazırda Lahıcda 2 min əhali yaşayır. Əhalinin əsas dolanışığı turizmdən çıxır. Gələn qonaqlar yerli sənətkarların və sakinlərin məhsullarını böyük həvəslə alırlar. Sakinlər evlərini kirayə verməklə dolanırlar.
Qışı soyuq, yayı isti olur Lahıcın. İqlimi kənd təsərrüfatının inkişafı üçün əlverişli deyil. Odur ki, qəsəbədə ta qədimdən sənətkarlıq inkişaf edib. 40-a yaxın sənətkarlıq növü qəsəbənin adını ölkəmizdən kənarlarda da tanıdıb.
Lahıc oyma dizayn ilə bəzədilmiş mis məmulatların hazırlanmasına, soyuq silahların istehsalına görə məşhurdur. Qəsəbə ta qədimdən başlayaraq misgərliyin əsas mərkəzinə çevrilib. Lahıc ustalarının misdən hazırladıqları, mürəkkəb və incə naxışlarla bəzədikləri dolça, satıl, sərnic, sərpuc, güyüm, teşt, məcməi, sini, dolça, aşsüzən, kəfkir, kasa, cam, qazan, çıraq və s. məmulatlar Orta Asiya, Dağıstan, Gürcüstan, İran, Türkiyə və digər yerlərdə tanınıb. 2005-ci ildə “Lahıc misgərlik sənəti” YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib. Bu baxımdan qəsəbədə belə bir deyim də məşhurdur: “Hara getsən, çəkic səsi gəlsə, bil ki, lahıclıdır. Buna görə Lahıc universitetdir”.
Lahıc sənətkarlarının əl işləri ilə öyünməklə bərabər gileyləri də var. Bəzən hazırladıqları məhsulları satmaqda çətinlik çəkirlər: “Alıcılar daha çox əcnəbilərdir. Ancaq onlar aldıqları malı sərhəddən keçirmək üçün sertifikat almaqda problemlə üzləşirlər. Sertifikat bir həftəyə verilir. Ona görə min bir zəhmətlə hazırladığımız məhsulların satışına maneə yaranır. Yaxşı ki, yerli turistlər məhsullarımızı alırlar. Bu da dolanışığımıza kömək edir”.
Lahıca gəlin…
Lahıcın sənətkarlıq emalatxanalarından ağır çəkicin səsi ilin bütün fəsillərində musiqi kimi ətrafa yayılır, dağ otlarının, ədvaların ətri biri-birinə qarışır. Bu əsrarəngizliyi, füsunkarlığı duymaq, sanki nağıllardakı, tarixi filmlərdəki ab-hava ilə üz-üzə qalmaq, insanlarının “xoş gəlmisiniz” söyləyən gülümsər simalarını görmək, əli əsalı qocalarının “yaxşı yol” xeyir-dualarını eşitmək üçün Lahıcı gözlə görmək lazımdır…
Təranə Məhərrəmova
Lahıc–Bakı
Fotolar müəllifindir

Haqqımızda

AiləTravel.net xəbər saytı deyil, fərqli bir saytdır. AiləTravel.net saytında kriminal, siyasi xəbərlərə,şou xəbərlərə və xəbər saytlarına xas olan ənənəvi olan informasiyalara demək olar ki,rast gəlməyəcəksiniz. Bu sayt ancaq pozitiv məlumatlardan ,faydalı məlumatlardan əyləncəli şəkildə bəhs edən saytdır. ailetravel.net təkcə səyahət saytı deyil,eyni zamanda müxtəlif sahələrə marağı olan insanların informasiya tələbatını təmin edə biləcək əyləncəli-maarifləndirici saytdır.
Əgər sizin reallıqda səyahət etməyə imkanınız yoxdursa bizim saytla virtual səyahət edə bilərsiniz.Əgər siz aktiv səyahətçisinizsə eynilə bizim saytdakı materiallardan faydalana bilərsiniz, özünüz üçün yeni bilgilərdən istifadə edə bilərsiniz. Saytımızın səhifələrində nəinki peşəkar səyahət verilişləri ilə, eləcə də müəllif -həvəskar çəkilişlərlə tanış olacaqsınız. Güman edirik ki, informasiya bolluğunun olduğu indiki vaxtda AiləTravel.net sizlərin zövqünüzü oxşayan və tələblərinizə cavab verən mətbu orqan olacaq. Ümid edirik dəyərli vaxtınızı faydalı və maraqlı keçirəcəksiniz. Səyahətlə bağlı təəsüratlarınızı bizimlə bölüşə bilər,bu haqda yazılarınızı,vidematerialları, şəkilləri ,eləcə də irad və təkliflərinizi elektron ünvanımıza göndərə bilərsiniz.
AiləTravel.net həmçinin bütün yerli və xarici turizm şirkətlərini, eləcə də bütün iş adamlarını aktiv əməkdaşlığa dəvət edir.

Əlaqə