Fri. Sep 24th, 2021

Azərbaycanda karavan turizmi üçün hansı şərait var?

Ötən əsrin 30-cu illərindən Avropada karavan turizmi geniş yayılmağa başlayıb. Xüsusilə də Almaniya kimi kempinq sisteminin yüksək səviyyədə qurulduğu ölkələrdə insanlar karavanlarla təbiət qoynunda istirahət etməyə üstünlük verirlər. Dünya üzrə isə ABŞ karavan turizminin ən çox inkişaf etdiyi ölkə sayılır.

Qardaş Türkiyədə də bu turizm növünə böyük maraq var. Pandemiya nəticəsində xarici səyahətlərin dayandırılması və insanların daxili turizmə yönəlməsi bu marağı bir qədər də artırıb. Azərbaycanda isə karavanlardan istifadə bir turizm növü olaraq formalaşmayıb. Ölkədə bir neçə karavanı olan şəxslər olsa da, bu karavanlar demək olar ki, səyahət üçün istifadə edilmir.

Belə şəxslərdən biri də Ramin İbrahimovdur. Dediyinə görə onun 5 karavanı var və hər birini müxtəlif Avropa ölkələrindən gətirib. R.İbrahimov “Report”a açıqlamasında Azərbaycanda karavanlardan istifadə üçün xüsusi yerlərin olmadığını qeyd edib:

“Azərbaycanda karavanlardan istifadə üçün şərait yoxdur. Gürcüstanda, Türkiyədə park yerləri var, bizdə isə o şərait yaradılmayıb. Heç bir rayonda və ya dəniz kənarında karavanlar üçün park yeri yoxdur. Karavanın istifadəsi üçün xüsusi parkinqlər olmalıdır. Çünki onu istifadə etməyə enerji lazımdır. Enerji olmalıdır ki, onun içində soyuducu, kondinsioner və digər avadanlıqlar işləsin. Yol boyu gedəndə 12 voltluq aparatla yalnız soyuducunu işlətmək olur. Karavanların çəni 50 litrlik olur. Onları idarə etmək üçün “E” kateqoriyalı sürücülük vəsiqəsi olmalıdır”.

R.İbrahimov bildirib ki, onda olan karavanları istifadə etmək üçün müraciət edən olmayıb:

“Məndəki karavanlar iki otaqlıdır və nəfərlikdir. Bu karavanları istifadə edən yoxdur. Onları almaq və ya kirayə götürmək üçün mənə müraciət edən olmayıb. Kirayə götürmək istəyənlər getmək üçün yer tapmırlar. Çünki bizdə karavanlar üçün yerlər yoxdur. Turizm şirkətlərindən də heç biri mənə müraciət etməyib”.

Həmsöhbətimiz karavanların necə təmir edilməsi barədə də məlumat verib:

“Azərbaycanda karavan qoşqularının restavrasiyası üçün yerlər var. Onlar sendviç panelli olduğuna görə burda dəyişilməsi mümkündür. Qoşqu hissəsi xarab olanda onu xaricdən gətirmək də olur. O qədər də bahalı deyil. Karavanın özünün isə hansısa hissəsinin dəyişilməsi bahalıdır. Türkiyənin özündə karavanın yan şüşəsinin qiyməti 1 200-1 300 avrodan başlayır. Qoşqu maşının arxasına qoşulur. Avtomobilin arxasında xüsusi qoşqu yeri olmalıdır”.

Araşdırmalarımız nəticəsində məlum oldu ki, Azərbaycanda az sayda da olsa, karavan hazırlayanlar da var. Məsələn, Ruslan Nəbiyev iki ilə yaxındır ki, karavan hazırlayır:

“Bu vaxtacan 5 karavan düzəldib satmışam. Bu iş bir qədər baha başa gəlir. Nisbətən ucuz karavanlar üçün müraciət olur. Bir dəfə arıçılıq təsərrüfatı üçün karavan hazırlamışam. Arı ailələrini gəzdirmək üçün lazım idi. Bir dəfə isə bir mal-qara saxlayan fermer məndən karavan alılb. Turizm üçün karavan sifariş verən olmayıb. Bu məqsədlə maraqlananlar karavanın ucuz qiymətə olmasını istəyiblər. Amma bunun düzəldilmə xərci çoxdur. Materialı təqribən 5 min manata başa gəlir, 1 000-1 500 manat isə usta pulu edir. Belə olanda ümumi qiyməti təqribən 7-8 min manata gəlib çıxır. Bir dəfə təkərsiz karavan düzəltmişdim. Eni 4 metr, uzunluğu isə 9 metr idi. İçində bir otaq, hamam, tualet və mətbəx var idi. Onu 11 min manata satıb Beyləqana göndərdim. Mənim hazırladığım karavanlar bir otaqlı olub. Bir dəfə də kirayəyə karavan vermişəm. İçi o qədər də yaxşı olmadığı üçün ayı 120 manata kirayəyə verdim. Səhv etmirəmsə, hardasa təmir-tikinti işləri gedirdi, həmin tikintidəki iş icraçıları özləri üçün otaq kimi istifadə etmək məqsədilə götürmüşdülər. Bir il işlətdilər və işləri bitəndən sonra geri qaytardılar. Sonra həmin karavanı 6 min manata satdım”.

Bəs Azərbaycanda karavan turizminin inkişafı istiqamətində hansı işlər görülür?

Sualımıza cavab tapmaq üçün Azərbaycan Turizm Bürosunun turizm məhsulunun inkişafı şöbəsinin müdiri Şərifə Həsənova ilə əlaqə saxladıq. Ş.Həsənova bu istiqamətdə artıq ilkin addımların atıldığını bildirdi:

“Hazırda Azərbaycanda karavan turizminə elə böyük tələbat yoxdur. Amma dünyada son dövrlərdə bu turizm növü geniş yayılıb. Azərbaycanda nadir halda şirkətlər bu işlə məşğul olur. Əslində karavan turizmi də kempinqin bir növüdür. Burda əsas məsələ kamp yerlərinin müəyyən edilməsidir. Ona görə də keçən ildən bu sahədə müəyyən araşdırmalara başlamışıq. Əsas da Ekologiya Nazirliyi ilə işləyirik ki, milli parklarda kamp yerləri müəyyən edək. Şirxan Milli Parkında belə yerlər müəyyən edilib. Artıq qabaqcadan məlumat verməklə parkın ərazisində müəyyən kamp yerlərində çadır qurmaq olar. Bununla bağlı Göygöl, Qızılağac və digər milli parkları da seçmişik”.

“Bizdə turizm şirkətləri qruplarla işləyirlər. Bunlar böyük qruplar olur. Şirkətlərə bu qrupları karavanlarla idarə etmək çətin olur. Karavan 5-6 nəfərlik qrup üçün daha uyğun olar. Azərbaycana turistlər daha çox dərketmə turizmi üçün gəlirlər və şirkətlər onları avtobusla gəzdirirlər”, – deyə Ş.Həsənova əlavə etdi.

Müşahidələrimiz onu göstərir ki, dünyada inkişaf edən bu turizm növünə Azərbaycanda da əhali maraq göstərir. Lakin dövlət tərəfindən xüsusi karavan parkları müəyyən edilməli və turizm şirkətləri də Azərbaycanda karavan turizminin canlanmasına səy göstərməlidir. İşğaldan azad edilən ərazilərimizdə, xüsusilə də Şuşa şəhərində böyük ekoturizm potensialının olmasını nəzərə alaraq həmin yerlərdə də müxtəlif kamp yerləri, karavan parkları yaratmaqla bu turizm növünün Azərbaycanda inkişafına şərait yaratmaq olar.

Haqqımızda

AiləTravel.net xəbər saytı deyil, fərqli bir saytdır. AiləTravel.net saytında kriminal, siyasi xəbərlərə,şou xəbərlərə və xəbər saytlarına xas olan ənənəvi olan informasiyalara demək olar ki,rast gəlməyəcəksiniz. Bu sayt ancaq pozitiv məlumatlardan ,faydalı məlumatlardan əyləncəli şəkildə bəhs edən saytdır. ailetravel.net təkcə səyahət saytı deyil,eyni zamanda müxtəlif sahələrə marağı olan insanların informasiya tələbatını təmin edə biləcək əyləncəli-maarifləndirici saytdır.
Əgər sizin reallıqda səyahət etməyə imkanınız yoxdursa bizim saytla virtual səyahət edə bilərsiniz.Əgər siz aktiv səyahətçisinizsə eynilə bizim saytdakı materiallardan faydalana bilərsiniz, özünüz üçün yeni bilgilərdən istifadə edə bilərsiniz. Saytımızın səhifələrində nəinki peşəkar səyahət verilişləri ilə, eləcə də müəllif -həvəskar çəkilişlərlə tanış olacaqsınız. Güman edirik ki, informasiya bolluğunun olduğu indiki vaxtda AiləTravel.net sizlərin zövqünüzü oxşayan və tələblərinizə cavab verən mətbu orqan olacaq. Ümid edirik dəyərli vaxtınızı faydalı və maraqlı keçirəcəksiniz. Səyahətlə bağlı təəsüratlarınızı bizimlə bölüşə bilər,bu haqda yazılarınızı,vidematerialları, şəkilləri ,eləcə də irad və təkliflərinizi elektron ünvanımıza göndərə bilərsiniz.
AiləTravel.net həmçinin bütün yerli və xarici turizm şirkətlərini, eləcə də bütün iş adamlarını aktiv əməkdaşlığa dəvət edir.

Əlaqə