Thu. Nov 4th, 2021

Meksikanın ən çox ziyarət olunan 60 turizm məkanı: ispan müstəmləkəsinin çəhrayı abidələri – FOTO

Meksikada olub onun rahat, qaynar və adamda xoş ovqat yaradan gözəl çimərlikləri, zəngin, yaraşıqlı, bol çeşidli restoranları, ispan koloniyasının abidələrini görməmək, onlar haqqında tarixi bilgilərə malik olmamaq mümkün deyil. Onlardan yan ötmək, turun maraqsız keçəcəyini düşünməyə əsas verir. Odur ki, bu ölkəyə ayaq basanda özünüzü onun ənənəvi, həm də fərqli gözəlliyə malik məkanlarını görmək və mənəvi zənginliyə sahib olmaqdan məhrum etməyin.

Meksikaya səyahət etmək istəyən turistlər üçün maraq doğura biləcək məkanlardan bir neçəsini təqdim edirik.

Duranqo bazilikası katedralı

Menor de la Purisima Konsepsion katedral bazilikası ölkənin şimalında ən möhtəşəm və gözəl tikililərindən biridir. İndi bazilikanın içərisində səkkiz zaldan ibarət Sakro muzeyində XVII və XVIII əsrlərə aid 500-dən çox eksponat nümayiş olunur. Muzeyin kolleksiyasına yağlı boya ilə çəkilmiş 50 rəsm əsəri, heykəllər, liturgik mebel, xor kitabları və xüsusi dini kitablar daxildir. Yepiskoplara həsr olunmuş otaq çox qiymətli hesab olunur, çünki burada Durango yepiskoplarının hər birinin heykəli və şəkli saxlanılır. Bu tarixi abidə əsrlər boyunca özündə qədim xristian mədəniyyəti və tarixini qoruya bilmişdir. Onların sırasında meksikalılara miras qalan Duranqo əfsanələri xüsusi yer tutur.

Morelia tarix mərkəzi

Neoklassik və barroko üslubunda tikilən 249 tarixi abidə bu bölgəni xarakterizə edən əsl memarlıq xəzinəsidir. Tarixilik və müasirliklə harmoniya yaradan bu abidələrdən şəhərin əsrarəngiz mənzərəsini seyr etmək olar. Burada 70 metr hündürlükdə çəhrayı daşdan ucaldılan Kafedral kilsəsini, ölkənin 253 tağlı ən təsiredici su borusu şəbəkəsini, 1770-ci ildə tikilən Palasio de Qobierno, Palasio Klavixero, Plaza de Viyalonxin, Plaza de Armas və digər tarixi abidələri ziyarət etməyi unutmayın. Qeyd edək ki, Morelianın tarixi mərkəzi Meksikada postamenti olmayan yeganə məkandır.

İxtapa

Gözəl və rahat çimərlikləri ilə tanınan İxtapa həftəsonu səyahətə çıxanların hər zaman zövqünü oxşayır. Turistlər burda vaxtını səmərəli keçirir və bu cənnətməkanda həvəslə gəzintidə olurlar. Tropik iqlimi, əsrarəngiz çimərlikləri, qonaqpərvər əhalisi və yüksək səviyyəli turistik xidmətləri sayəsində İxtapa hər il 2 milyondan çox insanı özünə cəlb edir. Siz burada Las Ruinas Mayas de Xihuakan arxeoloji muzeyini ziyarət edə, Las Qatas çimərliyində vaxtını ləzzətlə keçirə, İxtapanın mərkəzində gəzintiyə çıxa, Marina İxtapa Nautika meydançasında qolf oynaya, İxtapa adasında suya dala, Palmar çimərliyindən zövq ala və VinKlub Kazinoda əylənə, velosiped kirayə götürüb, Bio La Eskoyera, Aventura Ixtapa və Akuatiko Macik Vorld parkında unudulmaz anlar yaşaya bilərsiniz.

Beyas Artes sarayı

Beyas Artes sarayını ziyarət etmək mütləqdir. Belə ki, bu saray öz gözəl arxitekturası ilə sizi heyran qoyacaq. Mexikonun Xuarez küçəsində yerləşən bu saray ölkə incəsənətinin simvolu hesab olunur. Muzeyin tərkibində İncəsənət və Milli Memarlıq muzeyləri fəaliyyət göstərir. İncəsənət muzeyində rəsm əsərləri, opera, konsert və heykəltəraşlıq, həmçinin milli və klassik baletdən ibarət bədii prezentasiyalar təqdim olunur. Muzeyin girişində Peqasonun heykəlləri nümayiş olunur. Saray ziyarətçilər üçün bələdçi xidməti, hədiyyə və disk dükanları, kitabxana və 1977 nəfərin yerləşə biləcəyi restoran təklif edir.

San Kristobal de las Kasas

Bu gözəl məkan Çiapas ştatında yerləşir və neoklassik, barokko və gümüş dekorlu tikililəri ilə müstəmləkə şəhəri hesab olunur. Məkanın özəlliyi onun küçələri, abidələri və təbiətidir. Bu, dünyanın ən romantik və möcüzəli şəhərlərindən biri hesab olunur. Küçələrin başında neoklassik və barokko üslubunda tikilən San Kristobal Martir katedralı ucalır. Burada şəhərin küçələrini dolaşanlar özlərinə ikinci vətən qazanırlar. Səyahət zamanı yeni dostlar tapacağınıza əmin olun.

Çolula

Meksikanın tarix baxımından ən qədim şəhərlərindən sayılan Çolula müstəmləkə dövründən qalan memarlıq abidələrinin cəmləşdiyi bir yerdir. Puebla şəhərin qərbində yerləşən Çolula bir-birindən fərqlənən iki zonaya və bir neçə yaşayış məntəqələrinə bölünür. Ərazinin bir-birindən maraqlı və gözəl abidələrilə tanış olun və bölgədə müqəddəs bayramlarda keçirilən festivallara qatılın. Meksikanın ən böyük piramidasını və heyrətamiz arxeoloji parkını ziyarət etməyi unutmayın. Çoxlu sayda kilsə ilə üzləşə biləcəyiniz San Pedro Çolulaya istiqamət götürün. Gününüzü küçədə ənənəvi kafelərdə tez-bazar səhər yeməyi ilə başlamaq üçün Plaza de la Konkordiaya yollanın. Meydanın Qərb tərəfində Portales kimi tanınan dorida üslubunda tikilən sütunları kəşf edin. San Andres Çolula gecə həyatının mərkəzi hesab olunur. Siz burada gecə klubları, səs-küylü barlar, eyni zamanda qeyri-adi restoranlar tapa bilərsiniz. Şəhərin yaxınlığında yerləşən Popokatepetl və İztaksihuatl vulkanlarını seyr etmək üçün sübh çağından ayağa qalxacağınızı unutmayın.

La Alhondiqa de Qranaditas

1797-ci ildə təməli qoyulan La Alhondiqa de Qranaditas muzeyinin tikintisi 1809-cu ildə başa çatıb. Söhbət neoklassik üslubunda sadə, eyni zamanda qüsursuz bir texnika ilə işlənən memarlıq abidəsindən gedir. Öz monumentallığı ilə o, Quanaxuato şəhərinin XVIII əsrədək çiçəkləndiyindən xəbər verir. Şəhərin tarixini bilmək üçün haqqında danışdığımız abidəni ziyarət etməyi də diqqətdə saxlayın.

Dos Oxos yeraltı gölü

Yeraltı çayları, gözəl sualtı mağaraları ilə seçilən Dos Oxos xəyala dalmaq üçün əvəzsiz bir yerdir. Sualtı dünyaya yalnız iki yerdən baş vurmaq olar. Əvvəlcə kiçik dəlikdən suya girib, geniş bir gölə daxil olursunuz, sonra Yarasa mağarası adlanan daha bir dar məkana keçirsiniz. Məlumat üçün bildirək ki, Dos Oxos yeraltı gölü eyniadlı parkın ərazisində yerləşir.

Nevado de Toluka

Nevado de Toluka təbiətin flora və faunasını qorumaq məqsədilə yaradılan bir qoruqdur. Orada vulkan dovşanlarına tamaşa etmək və ya alpinistlərlə Aqila və Fraile zirvələrinə qalxmaq üçün siz yalnız piyada yola çıxa bilərsiniz. Nevado de Toluka sizdə unudulmaz təəssüratlar yaradacaq. Ancaq dağdan enmək, velosiped sürmək, dağa dırmanmaq kimi ekstrimal idman növləri üçün mütləq təcrübəli bir bələdçi kirayələməyiniz lazım gələcək, çünki ərazi hündürdə yerləşdiyi üçün sizə başgicəllənmə, ürəkbulanma və tarazlığın itirilməsi kimi hallar yaşada bilər.

Las Koloradas

Bu balaca liman mülayim iqlimi ilə bütün insanlarda xoş təəssüratlar yaradır və sən özünü evdəki kimi hiss edirsən. Las Koloradas Yukatan yarımadasının şimalındakı sahildə yerləşir. Siz burada duz sənayesi və balıq ovu ilə məşğul olan əhalini müşahidə edə biləcəksiniz. Liman balaca olduğundan oranı piyada dolaşmağınız məsləhətdir. Amma nə edirsən et çimərliyi nəzərdən qaçırma. Çünki bu çimərlikdə sən özündən başqa heç kəsi görməyəcəksən. Ən gözəli və maraqlısı da odur ki, burada su çəhrayı rəngə boyanır. Las Koloradas limanına getmək məsləhətdir, çünki sahildəki qum təpələri səyahət boyu sizə əvəzsiz anlar bəxş edəcək.

Məqaləyə dair fotomateriallar:

 

 

Haqqımızda

AiləTravel.net xəbər saytı deyil, fərqli bir saytdır. AiləTravel.net saytında kriminal, siyasi xəbərlərə,şou xəbərlərə və xəbər saytlarına xas olan ənənəvi olan informasiyalara demək olar ki,rast gəlməyəcəksiniz. Bu sayt ancaq pozitiv məlumatlardan ,faydalı məlumatlardan əyləncəli şəkildə bəhs edən saytdır. ailetravel.net təkcə səyahət saytı deyil,eyni zamanda müxtəlif sahələrə marağı olan insanların informasiya tələbatını təmin edə biləcək əyləncəli-maarifləndirici saytdır.
Əgər sizin reallıqda səyahət etməyə imkanınız yoxdursa bizim saytla virtual səyahət edə bilərsiniz.Əgər siz aktiv səyahətçisinizsə eynilə bizim saytdakı materiallardan faydalana bilərsiniz, özünüz üçün yeni bilgilərdən istifadə edə bilərsiniz. Saytımızın səhifələrində nəinki peşəkar səyahət verilişləri ilə, eləcə də müəllif -həvəskar çəkilişlərlə tanış olacaqsınız. Güman edirik ki, informasiya bolluğunun olduğu indiki vaxtda AiləTravel.net sizlərin zövqünüzü oxşayan və tələblərinizə cavab verən mətbu orqan olacaq. Ümid edirik dəyərli vaxtınızı faydalı və maraqlı keçirəcəksiniz. Səyahətlə bağlı təəsüratlarınızı bizimlə bölüşə bilər,bu haqda yazılarınızı,vidematerialları, şəkilləri ,eləcə də irad və təkliflərinizi elektron ünvanımıza göndərə bilərsiniz.
AiləTravel.net həmçinin bütün yerli və xarici turizm şirkətlərini, eləcə də bütün iş adamlarını aktiv əməkdaşlığa dəvət edir.

Əlaqə