Thu. May 19th, 2022

 Pullu şəlalə, bahalı xidmət, şəraitsiz istirahət zonaları… – Beləcə, DAXİLİ TURİZM BATIR…

Pandemiya ilə əlaqədar xarici səfərlər çətinləşdiyi üçün Azərbaycanda daxili turizmin əhəmiyyəti əvvəlki illərlə müqayisədə daha da artıb. Regionlara axın müşahidə olunur. Təbii ki, belə bir şəraitdə daxili turizmin imkanlarının, infrastrukturunun tələbatı ödəməyə nə dərəcədə hazır olduğu sualı ortaya çıxır. Sirr deyil ki, ölkəmizdə xidmət sektoru hələ ki arzuolunan səviyyədə inkişaf etməyib.

Tanınmış teleaparacı Günel Mönsümova ilə söhbətimiz bu mövzudadır. Günel xanım builki məzuniyyətini ölkəmizin müxtəlif istirahət güşələrində keçirib.

– Günel xanım, məzuniyyət günlərinizi necə keçirdiniz? Hansı rayonlarda oldunuz?

– Ölkəmizin bir neçə regionunu dolaşdım. Qəbələ və Şəkiyə iki günlük, Oğuza isə bir neçə saatlıq – Xalxal şəlaləsi üçün getdim. Gəncə, Göygöl, Hacıkənd və Toğanada da oldum. Mən sadəcə, üz tutduğum regionların turizm sektoru haqqında danışa bilərəm. Öncə Qəbələdən başlayaq.

Qəbələdəki şərait insanlarımızın bir çoxuna məlumdur, orada turizm sektoru çox yaxşı təşkil olunub, əlverişli şərait yaradılıb. Bunu təkcə orada olan restoranlar şəbəkəsinə və yaxud da “Qəbələnd”ə aid etmək olmaz. Evlərdə də turistlərin gecələməsi, yaşaması üçün hər cür şərait yaradılıb. Qiymətlər fərqlidir, 50-200 AZN aralığında dəyişir. Biz 50 AZN-lik bir evdə qaldıq. Ümumiyyətlə, yollarından tutmuş, restoranlarına qədər, Qəbələdən çox razı qaldım. Düzdür, qiymətlərin bahalığından çox insan şikayətlənir. Qiymətlər şəhərdə necədirsə, orada da eynidir. Biz “Qəbələnd”ə getmədik. Çünki orada olan kanatların qiymətinin qalxdığını eşitdim.

– Daha sonra harada oldunuz?

– Qəbələdən sonra Şəkiyə getdik. Şəki mənim çox sevdiyim şəhərlərdən biridir. Çünki tarix qoxur, özəlliyi var. Bu özəlliyini heç vaxt itirmir. Hər dəfə getsəm də, Şəkini tarixiliyindən doymaram. Qəbələdən Şəkiyə gedən yol təmir olunduğundan, bir qədər uzun olsa da, Kərimli yolu ilə getdik. Şəkinin mərkəzi isti olur. Amma 5-10 dəqiqə maşınla dağlara doğru, “Marxal” istrahət mərkəzinə tərəf qalxsanız, hava soyuyur. Şəkinin mərkəzində yaxşı şəraitli kirayə ev tapmaq çətindir. Bir gecəsi 70-80 manatdan aşağı ev tapılmır. Otellərlə maraqlanmadım. Şəki Xan Sarayına ikinci dəfə getdim. Giriş iki manat idi. Karvansarayda ilk dəfə oldum. Giriş pulsuz idi, amma tarixiliyini tam duya bilmədim. İkinci mərtəbə otel olduğundan turistlər buraxılmırdı. Restoranlarına gəldikdə, üzü Marxala doğru restoranları çoxdur. Lakin dağlara gətirilən bal arılarının əlindən oturmaq olmur. Çayı mürəbbə və ya Şəki paxlavası ilə istəsəniz, verməyəcəklər. Arılar saniyə keçmir ki, hücum çəkir. Şəkiyə gedib, piti yeməsən, günah olar. Amma piti da tapmaq müşkül məsələdir. Restoranlarda açıq havada toy olduğundan, hansında oturduqsa, səs-küydən oranı tərk etməli olduq. Təbii ki, qiymətlər aşağı deyil. Qısası, Şəki kimi tarixi məkanda turizm üçün daha gözəl şərait yaradıla bilər.

Oğuza bir neçə saatlıq, məhz Xalxal şəlaləsi üçün getdik. Şəlaləyə girişin pullu olması barədə məlumat lövhəsi elə girişdəcə qoyulub. Dövlət əhəmiyyətli qoruq və ya istirahət mərkəzi deyil, özəl və hansısa sahibkara məxsusdur deyə, həmin yerdə bütün xidmətlər pulludur. Eşitdiyimə görə, sözügedən yerə daxil olmaq üçün əvvəl bir manat ödəyirmişlər, amma biz orada olanda həftə sonu idi deyə, girişin iki manat olduğunu öyrəndik. Uşaqların daxil olması üçünsə insanlar bir manat ödəyirdilər. Həmin regionda olan şəraitdən heç razı qalmadım. Çox natəmiz mühit var idi deyə, orada çox qala bilmədim, insan axını hədsiz çox idi və bu axını qarşılamaq üçün uyğun şərait yaradılmamışdı. İnsanlar çox olduğu zaman istirahət üçün əlverişsiz bir mühit yaranır. Tualetlərin natəmizliyindən tutmuş, hər bir ərazisi olduqca səliqəsiz idi. Ola bilər ki, təmizliyə məhz insanlar tərəfindən riayət olunmur, amma lazımi sayda personal olmalıdır. Xalxal şəlaləsində böyük bir izdiham var idi. Restoranların qiyməti çox baha olduğundan, biz orada çox qalmadıq və heç bir restorandan istifadə etmədik. Hətta gəldikdən sonra orada olan insanlardan biri həmin yerdə 35 manata qarpız yediyi barədə yazmışdı. Turistlər də qiymətlərdən çox şikayətlənirdilər.

Daha sonra üzü Göygöl istiqamətinə qalxdıq və iki-üç gün də orada qalmaq istədik. Orada ev kirayəsi ilə məşğul olan şəxsin nömrəsini götürdük, əlaqə saxladım. Həmin insan elə evlər təklif etdi ki, təklif etdiyi evlər qiymətləri ilə tərs mütənasib idi. Ona görə də evi özümüz axtarmaq qərarına gəldik. Toğana istiqamətinə getdik. Çox böyük şəraitsizliklə qarşılaşdıq. O cür təbiət qoynunda elə gözəl imkanlar yaradıla və turistlərin istifadəsinə verilə bilər ki… Təəssüf ki, gözəl şərait yaradılmayıb. Orada kirayə evlər sahibsiz verilmir. Turistlərin orada ayrıca ev tapması çətin olacaq. Üzü Göygölə doğru gedəndə həmin istiqamətdə kotteclər, istirahət mərkəzləri var idi. Hacıkənddə də ev tapa bilmədik. Çünki yaxşı evlər aylar öncədən tutulur. Qalanları isə çox şəraitsizdir. Yeni Zodda gecəsi 50 manat olan ev tapdıq, şəraitli ev idi, amma həyəti yox idi.

– Göygöl təəssüratlarınız deyəsən, müsbət deyil…

– Mən orada 13 il əvvəl olmuşam. 13 il əvvəl gördüyüm Göygöldən əsər-əlamət qalmamışdı. Təbiətin qoynunda olan qoruqlarımızda restavrasiya işləri aparılsın, turistlərin cəlb olunması üçün işlər görülsün, amma onun tarixiliyinə toxunulmasın. Göygöldə kənar hissələrin məhəccərlənməsi, divarların hörülməsi, çayxana-kafelərin tikilməsi insana heç xoş gəlmir. Bu tikililərlə Göygölün gözəlliyinə xələl gətiriblər. Amma eynisini Maralgöl üçün demək düzgün olmaz. Maralgöldə heç bir yerə əl dəyilməyib deyə, gözəlliyi eyni ilə qalıb. Maralgölə çatmaq üçün 270-dən çox pilləkənləri qalxmalısan. Bu isə yaşlı insanlar üçün bir qədər çətindir. Amma oranın gözəlləyi üçün həmin pilləkənləri qalxmağa dəyər. Amma orada da turzim üçün əlverişli şərait yaradılmayıb. Gölün aşağısında olan çayxanalar çox bəsit, adi idi, yenə də şəraitsizlik var idi. Aşağıda turistlərin oturması, istirahət etməsi üçün çayxana, kafelərin olması pis deyil, amma bu qədər də şəraitsizlik olmaz axı… Eyni şəraitsizlik Hacıkənddə də hiss olunurdu.

– Sonda regionlarımızda istirahət etmək istəyən insanlara haraları gəzməyi məsləhət görərdiniz? Turizm sektorunun inkişafı üçün hansı təklifləriniz var?

– Azərbayanın saymaqla bitməyən gəzməli-görməli yerləri var. Bu cür təbiət qoynunda gözəlliyə xələl gətirilmədən elə gözəl istirahət mərkəzləri, düşərgələri yaratmaq olar ki… Müəyyən məbləğ xərcləməklə gözəl bir şərait yaratmaq mümkündür, amma hiss olunur ki, bunun üçün heç bir manat da sərf olunmayıb. Gözəl şəraiti, xüsusilə də Toğanada yaratmaq olar. Həmin yer barədə çox eşitmişdim, amma getdiyim zamanı oranı o cür görməyimə məyus oldum.

Çaykənd deyilən yerə tursitlərin getməsini məsləhət görərdim. Çünki ora ümumiyyətlə, əl vurulmayıb. Orada 100 il əvvəl tikilən evlər var ki, necə varsa, elə də qalıb. Mənim kimi tarix qoxan yerləri sevən insanlar üçün Çaykəndi ziyarət etməyi məsləhət görürəm. Kənd ab-havasını duymaq istəyən, köhnəliyi görmək istəyən Çaykəndə gedə bilər. //pressklub.az//

Haqqımızda

AiləTravel.net xəbər saytı deyil, fərqli bir saytdır. AiləTravel.net saytında kriminal, siyasi xəbərlərə,şou xəbərlərə və xəbər saytlarına xas olan ənənəvi olan informasiyalara demək olar ki,rast gəlməyəcəksiniz. Bu sayt ancaq pozitiv məlumatlardan ,faydalı məlumatlardan əyləncəli şəkildə bəhs edən saytdır. ailetravel.net təkcə səyahət saytı deyil,eyni zamanda müxtəlif sahələrə marağı olan insanların informasiya tələbatını təmin edə biləcək əyləncəli-maarifləndirici saytdır.
Əgər sizin reallıqda səyahət etməyə imkanınız yoxdursa bizim saytla virtual səyahət edə bilərsiniz.Əgər siz aktiv səyahətçisinizsə eynilə bizim saytdakı materiallardan faydalana bilərsiniz, özünüz üçün yeni bilgilərdən istifadə edə bilərsiniz. Saytımızın səhifələrində nəinki peşəkar səyahət verilişləri ilə, eləcə də müəllif -həvəskar çəkilişlərlə tanış olacaqsınız. Güman edirik ki, informasiya bolluğunun olduğu indiki vaxtda AiləTravel.net sizlərin zövqünüzü oxşayan və tələblərinizə cavab verən mətbu orqan olacaq. Ümid edirik dəyərli vaxtınızı faydalı və maraqlı keçirəcəksiniz. Səyahətlə bağlı təəsüratlarınızı bizimlə bölüşə bilər,bu haqda yazılarınızı,vidematerialları, şəkilləri ,eləcə də irad və təkliflərinizi elektron ünvanımıza göndərə bilərsiniz.
AiləTravel.net həmçinin bütün yerli və xarici turizm şirkətlərini, eləcə də bütün iş adamlarını aktiv əməkdaşlığa dəvət edir.

Əlaqə