Sat. May 21st, 2022

Mirsəməd Cəfərli: “Gəzdiyim ölkələri saymamışam ki, birdən çoxalmaz”

AviaTravel-in “Həmsöhbət” rubrikasının qonağı “Turne” və “Çox gəzən bilər” verilişinin aparıcısı Mirsəməd Cəfərlidir.

“Həmin dövrü çox gözəl hisslərlə xatırlayıram”

– Gəlin lap əvvəldən başlayaq. Sizin peşəkar jurnalistdən əlavə bir səyahətçi kimi tanınmağınızın kökü “Turne” verilişindən gəlir. Bu veriliş necə yarandı? Ümumilikdə neçə veriliş çəkdiniz?

– Bildiyiniz kimi, mən uzun müddət müxtəlif televiziya kanallarında çalışmışam, ictimai-siyasi proqramlarlar aparmışam, həm xəbərlərdə aparıcı olmuşam, həm də müxbir və redaktor kimi də işləmişəm. 2012-ci ildə fikirləşdim ki, səyahət proqramı hazırlayım. Əslində, bu proqramı daha çox ölkələr haqqında ümumi və çoxlu məlumatlar olan proqram kimi görürdüm, yəni içində çoxlu müsahibələr olmasını, həmin ölkənin ictimai-siyasi vəziyyəti barədə danışmağı nəzərdə tuturdum. Amma elə oldu ki, sonra üstünlüyü daha çox səyahətə verdim, sırf turizm proqramı kimi turistlərə daha çox maraqlı olan məlumatları bölüşməyə və bu ideya ilə ATV kanalına müraciət etdim. Sağ olsunlar, təklfiimi yaxşı qarşıladılar və belə bir proqramın hazırlanmasına yaşıl işıq yandırdılar. Proqramın adı ilə bağlı xeyli düşündüm, sonra ağlıma fransız sözü olan “turne” gəldi. Mənası isə bir şəxsin ardıcıl olaraq bir neçə ölkəyə, yerə səfərlər təşkil etməsidir. Bunlar əsasən, artistlər, müğənnilər, teatr truppaları olur. Ona görə də dedim elə “Turne” olsun.

– Uğurlu ad oldu, məncə də, turneniz uzun müddət davam etdi.

– Deyim ki, o dövrdə xarici ölkələri turizm şuralarının, idarələrinin Azərbaycan turistlərinə marağı böyük idi, çünki ölkədə iqtisadi “bum” yaşanırdı və bizim vətəndaşlar xarici ölkələrə səfər etməyi xoşlayırdılar. Tez-tez suallar yaranırdı ki, hara gedim, necə edim və s. və bu boşluğu 4 il müddətində davam edən verilişimlə doldurmağa çalışırdım. Ümumilikdə 30-40 ölkədə oldum və proqramlar yayımladım. Onu da qeyd edim ki, bəzən bir ölkədən yalnız bir yox, müxtəlif şəhərləri haqqında iki-üç veriliş hazırlayırdım.

– Bildiyim qədəri, xüsusi müxbir kimi bir müddət bir neçə xarici ölkədə də yaşamısınız. Hansı ölkələr olub? Səyahət kontekstində boş vaxtlarınızı necə dəyərləndirirdiniz?

– Elə gözəl unudulmaz vaxtlar da olub. Həmin dövrü çox gözəl hisslərlə xatırlayıram. Birləşmiş Ərəb Əmirlikləri, Belçika Krallığı və Latviyada çalışmışam. Üst-üstə üç ildən bir az çox müddətdə yaşayıb, işləmişəm. Əla vaxtlar idi, bu ölkələrdə olmaq mənimlə yanaşı ailəm üçün də geniş imkanlar açırdı. Misal üçün Latviyada olanda ucuz biletlər tapıb həm qonşu Baltikyanı ölkələri, həm də bir qədər uzaqda olan Qərbi Avropa ölkələrini gəzdik. Mənim peşəkar jurnalist kimi formalaşmağımda və xüsusən də xaricə ölkələrə olan marağımın artmasında həmin dövr böyük rol oynadı.

 

“Çox gəzən bilər”

– Daha sonra isə sizi Fərid Rəsul ilə birlikdə “Çox gəzən bilər” verilişində gördük. Fərid verilişin əyləncə hissəsini, siz isə daha çox maraqlı və tarixi məlumatlar hissəsini paylaşırsınız. Bəs bu verilişin ideyası hardan gəldi?

– Deməli, 2016-cı il idi. Fərid Rəsul (Gözəlov) o dövrdə “İş həmişə var” verilişi ilə tanınmışdı, amma onun belə bir ideyası vardı, Avropaya səyahət etmək, özü də avtomobillə. Əlbəttə, bu avanturist marşrut idi (gülür), axırı da bir az qaranlıq görünürdü ki, hara gedib çıxacaq. ATV telekanalının rəhbərliyi qərara gəldi ki, bizim ikimizin səylərini birləşdirsin. Fərid texniki və maddi hissənin təşkilini, mən isə marşrutumuzun keçəcəyi ölkələrlə əlaqələrin qurulması, məlumatların toplanması ilə məşğul oldum. Beləcə, səyahətə çıxdıq. Doğurdan da Fəridlə səyahətə çıxmaq çox maraqlı idi, o maraq indiyə kimi qalıb, çünki Fərid özü çox unikal adamdır, zarafatcıldır, yeməyə xüsusi marağı var, xüsusən də yeməyin hazırlanmasına. Proqramımızda dəfələrlə olub ki, o yerli yeməklərlə maraqlanıb, hətta hazırlanmasında iştirak edib. Eyni zamanda, əl işlərinə və küçə musiqiçilərinə marağı böyükdür. Bir neçə dəfə onların musiqi alətlərini alıb, hətta bir dəfə sındırıb da (gülür). Düzdür, kompensasiya da təklif etdik, amma musiqiçi istəmədi. Səhv etmirəmsə, bu, Milanda olmuşdu.

“Bu səfərlərin fərqli cəhəti odur ki, səyahətimiz pandemiya dövrünə düşüb”

– “Çox gəzən bilər” layihəsinin maraqlı tərəflərindən biri də səfərin bir hissəsinin avtomobillə olmasıdır. Hətta ilk verilişdə səhv etmirəmsə Bakıdan Avropaya kimi avtomobillə getmişdiniz. Yolda başınıza hansı hadisələr gəlmişdi?

– Birini danışacam, maşınla Fransanın paytaxtı Parisə qədər getdik, yayın sonu idi, maşını saxladıq bizim səfirliyin qarşısında, özümüz qayıtdıq Bakıya. Deməli, sponsor axtarırdıq veriliş üçün, həm maşını qaytarmaq, həm də yeni verilişlər çəkmək lazım idi. 50 gün sonra qayıtdıq Parisə, gördük ki, maşının akkumlyatoru tamamilə sıradan çıxıb, halbuki gedəndə yeni idi. Səfirliyimizin əməkdaşları da bizə yardımçı oldular və digər avtomobildən “peremiçka” ilə maşınımızı işə saldıq. Amma bizə dedilər ki, avtomobili söndürməyin, yoxsa yenidən eyni problem olacaq, yolda qala bilərsiniz. Ona görə də 300 km yol getdik, axşam olurdu deyə bir yerdə saxladıq və maşını söndürdük. Bir az risk etmişdik, sonra yenidən işə salmaq vardı, şükür akkumulyator enerji toplamışdı, işə düşdü və çox sevindik buna görə, yadımdadır, hətta rəqs də etmişdik (gülür). Bir də uzun yol gedəndə isti çay istəyirdik, amma pullu yollarda yol kənarında olan kafelərdə özünüz bilirsiniz, qiymətlər çox baha olur. Biz isə əlavə xərclərə yol vermirdik səfər zamanı. Variant tapmışdıq, mən deyirdim, uşaqlar, narahat olmayın, əlimdə termos gedirdim kafeyə və deyirdim ki, uşaq üçün isti su lazımdır. Deyirdilər ki, problem yoxdur, götürün. Amma adi halda isti suyu 1-2 avroya satırdılar. Uşaq üçün istəyirik deyəndə isə mərhəmət hissi ilə deyirdilər götürün (gülür).

– Pandemiyaya görə verilişiniz dayanmışdı, amma indi yenə bərpa olunub. Neçə veriliş çəkə bilmisiniz? Öncəki səfərlərdən, çəkilişlərdən fərqi nədir? Pandemiya fəaliyyətinizə nə qədər təsir edib?

– Həm pandemiya, həm də başqa səbəblərə görə proqramımız dayanmışdı, bəzi şəkilişlər isə yarımçıq qalmışdı. Onları da hazırlayıb efirə verə bilmirdik. Verilişimizin yeni bölümlərində onları da efirə verdik. Bunlar Fransadan, Niderlanddan, Luksemburqdan, Belçikadan, Küveytdən hazırladığımız materiallar idi. Onların hamısı efirə getdi.

Daha sonra səfərə çıxdıq, Portuqaliya, Fransanın Marsel şəhəri, Budapeştdə olduq, sonra Litvaya getdik, ordan da Fillandiyanın Laplandiya şəhərində səfər etdik. Bu səfərlərin fərqli cəhəti odur ki, səyahətimiz pandemiya dövrünə düşüb. Əlimizdə sertifikatlar, COVİD-19 pasportu, PCR testlər! Düzdür, əlində Avropada qəbul olunan peyvındlərin vurulması haqqında sənəd varsa, rahat səyahət edə bilərsən, heç kim heç nə deyə bilməz. Amma müəyyən çətinliklər əlbəttə ki, var. Ümumilikdə hiss olunur ki, çox ölkələrdə turizm çöküb, turistlərin sayı azdır, bəzi yerlər isə qapalıdır. Elə ölkə var orada maska tələb olunur, qaydalar daha sadədir. Güman edirəm ki, bu il pandemiyanın sonu olacaq və əsl turizm “bum”u yaşanacaq.

 

“17 saat təyyarədə vaxt keçirmişdik”

– Səyahətləriniz boyu çoxlu uçuşlar etmisiniz. Ən uzun uçuşunuz hansı olub? Bəyəndiyiniz ən yaxşı üç aviaşirkət hansıdır və nəyə görə?

– Çoxlu uçuşlarım olub, mən təyyarəni, təyyarədə səyahəti çox sevirəm. Bəzi adamlarda uçan zaman qorxu, stress olur, məndə elə hisslər yoxdur, həmişə böyük həvəslə uçuram və yorulmuram. Ən uzun uçuşum İstanbuldan Braziliyanın San Paulo şəhərə olub. Səhv etmirəmsə, 13 saat birbaşa uçuş oldu, sonra 1 saat təyyarədə gözləmişik, sonra 3 saat yenə Argentinanın Buenos-Ayres şəhəhərinə uçmuşuq. Ümumilikdə 17 saat təyyarədə vaxt keçirmişdik.

Üç ən yaxşı aviaşirkət mənim üçün Türk Hava Yolları, Emirates və Qətər Hava Yollarıdır. Bu üç şirkətdə həm komfort, həm xidmət səviyyəsi, hər şey yüksək səviyyədədir. ABŞ-ın aviaşirkətlərində uçmamışam, ona görə də onlar haqqında bir şey deyə bilmərəm.

– Bəs ümumilikdə neçə ölkədə olmusunuz? Hansı ölkə sizi daha çox təəccübləndirib?

– Bu sualı mənə tez-tez verirdilər, mən də cavab verirdim ki, saymamışam ki, birdən çoxalmaz (gülür). Keçən dəfə bir az boş vaxtım var idi, dedim bir sayım görüm, nə qədərdir. Xüsusi saytlar var, orda hesabladım, nəticə kimi 60 ölkə çıxartdı. Amma bilirəm ki, qat-qat çox ölkəyə səfər etmiş səyahətçilərimiz var. İnşallah ömür vəfa edər, biz də onların sayını artırarıq. Hər ölkənin qəribəlikləri, insanı təəccübləndirən xüsusiyyətləri var və hər ölkədə maraqlı bir şeylə rastlaşırsan. Yadıma gəlir ki, Sinqapurda olanda o ölkənin sisteminə həddən artıq vurulmuşdum. Orda olan səliqə-səhman, nizam-intizam, insanların davranışı, nəqliyyat məni valeh etmişdi, çox gözəl qurulmuş bir sistem idi, mənə çox maraqlı gəlmişdi. Orada iki dəfə olmuşam və hər iki səfər yaddaşımda silinməz izlər buraxıb.

 

“İçkiləri adətən dostlara hədiyyə gətirirəm”

– Səyahətə gedən zaman mütləq götürdüyünüz üç əşya nədir?

– Səyahətə gedəndə mütləq özümlə üzqırxan maşınımı, darağımı götürürəm, amma bilmirəm bunlar mütləq götürülənlər siyahısına aid edilir, ya yox. Birdə fotoaparatımı götürürəm həmişə. Amma son zamanlar ondan az istifadə edirəm, çünki böyük və ağırdır. İndi balaca kameralar daha əlverişlidir.

– Bəzi şəxslər xaricdən maqnit, digər şəxslər fərqli içkilər, başqaları isə suvernirlər gətirirlər. Bəs siz adətən özünüzlə səyahətdən nə gətirirsiniz?

– Sadaladığınız bütün əşyalardan gətirirəm. İçki, maqnit, suvernirlər, hamısından. Bir aralar maskalara marağım var idi, xüsusilə Cənub-Şərqi Asiya ölkələrində belə maskalar çox olur. Onları gətirirdim, evdə 8-9 dənə var idi. Balaca qızım körpə vaxtı ona baxanda heyrətlənmişdi, qorxmuşdu. Maqnitləri də gətirirəm, aidiyyatı üzrə soyuducunun üzərinə qoyuram. İçkiləri isə adətən dostlara hədiyyə gətirirəm.

– Gəlin açıq danışaq, kim daha çox bilir, çox gəzən yoxsa çox oxuyan? 

– Məncə, çox oxuyub və sonra çox gəzən daha çox bilir. Çünki oxuduqları nəzəri hissədir və sonra oxuduqlarını reallıqda görəndə bu iki informasiya birləşir və vahid təsvir yaradır. Çünki sən nəzəri olaraq bir şəhər haqqında, abidə, tarixi yer haqqında oxumusan, gəlirsən gözlərinlə görürsən, əlinlə toxunursan, bax ən gözəl səyahət elə budur. Yəni, sənin nəzəri biliklərin öz təsdiqini tapır. Misal üçün, sonuncu dəfə Aleksandr Dümanın əsərində İf qalası haqqında oxumuşdum və sonra onu gördüm. Beynimdə Dantesin məhbəs həyatını təsəvvür etmişdim və onu reallıqda hiss etdim, çox maraqlı idi.

– Sizə maraqlı səyahətlər arzu edirik, necə deyərlər, Həmişə gəzməkdə! Müsahibə üçün sağ olun. 

 

Haqqımızda

AiləTravel.net xəbər saytı deyil, fərqli bir saytdır. AiləTravel.net saytında kriminal, siyasi xəbərlərə,şou xəbərlərə və xəbər saytlarına xas olan ənənəvi olan informasiyalara demək olar ki,rast gəlməyəcəksiniz. Bu sayt ancaq pozitiv məlumatlardan ,faydalı məlumatlardan əyləncəli şəkildə bəhs edən saytdır. ailetravel.net təkcə səyahət saytı deyil,eyni zamanda müxtəlif sahələrə marağı olan insanların informasiya tələbatını təmin edə biləcək əyləncəli-maarifləndirici saytdır.
Əgər sizin reallıqda səyahət etməyə imkanınız yoxdursa bizim saytla virtual səyahət edə bilərsiniz.Əgər siz aktiv səyahətçisinizsə eynilə bizim saytdakı materiallardan faydalana bilərsiniz, özünüz üçün yeni bilgilərdən istifadə edə bilərsiniz. Saytımızın səhifələrində nəinki peşəkar səyahət verilişləri ilə, eləcə də müəllif -həvəskar çəkilişlərlə tanış olacaqsınız. Güman edirik ki, informasiya bolluğunun olduğu indiki vaxtda AiləTravel.net sizlərin zövqünüzü oxşayan və tələblərinizə cavab verən mətbu orqan olacaq. Ümid edirik dəyərli vaxtınızı faydalı və maraqlı keçirəcəksiniz. Səyahətlə bağlı təəsüratlarınızı bizimlə bölüşə bilər,bu haqda yazılarınızı,vidematerialları, şəkilləri ,eləcə də irad və təkliflərinizi elektron ünvanımıza göndərə bilərsiniz.
AiləTravel.net həmçinin bütün yerli və xarici turizm şirkətlərini, eləcə də bütün iş adamlarını aktiv əməkdaşlığa dəvət edir.

Əlaqə