Sat. May 28th, 2022

Piknik havasıdır. Hara gedək?

May pikniklər üçün ən yaxşı aydır. Xüsusən də iş günləri intensiv işləyənlər üçün zaman-zaman Bakıdan uzaqlaşmaq bayram kimi olur. Meşədə və ya göl kənarında “piknik” etmək, açıq havadan həzz almaq üçün doğru seçimdir.

Bəs Bakının səs-küyü və izdihamı arasında harada “piknik” etmək olar? Bunun üçün sizə bəzi seçimləri təqdim edirik. Qeyd edək ki, parkların bir neçəsində ancaq hazır yemək gətirib istirahət etmək mümkündür. Bəzilərində isə giriş və istifadə olunan manqal, samovar belə pulludur.

Mərkəzi Park

Şəhərdən uzaqlaşmadan Bakının mərkəzində yerləşən bu parkda ailəniz və dostlarınızla “piknik” etmək üçün bir araya gələ bilərsiniz. 2019-cu ildə əhalinin istifadəsinə verilən Mərkəzi Park Nəriman Nərimanov, Mirzə Ağa Əliyev və Abdulla Şaiq küçələrinin kəsişmələrində, köhnə “Sovetski” ərazisində salınıb.

Ümumilikdə, 20 hektar əraziyə malik parkın 14 hektarında yaşıllıq sahəsi mövcuddur. Parkın ərazisində ümumilikdə 9 fəvvarə, 2.100-dən çox 19 növ ağac və 137.000-dən artıq gül və kol bitkiləri əkilmişdir.

Mərkəzi Parkda bütün yaş qruplarından olan insanlar üçün 7 istirahət və oyun meydançası, şahmat, nərd və idman qurğuları, balacalar üçün yelləncəklər, futbol meydançası var. Bundan başqa parkın ərazisində avtomobillərinizi rahatlıqla saxlaya biləcəyiniz 347 yerlik yeraltı avtomobil dayanacağı da tikilib.

Zirə Eko-Park

Şəhərin səs-küyündən qısa müddətlik də olsa uzaqlaşmaq, asudə vaxtlarınızı səmərəli keçirmək üçün Bakı-Pirallahı yolu üzərində yerləşən Zirə Eko-Parkı həm uşaqların, həm də böyüklərin zövqünü oxşayacaq yaşıllığa sahibdir.

Xüsusi landşaft dizaynı ilə layihələşdirilən Eko-Park ərazisinin böyük hissəsini qazon, ağaclar və dekorativ gül kolları təşkil edir. Burada 50.000-dən çox müxtəlif növ dekorativ və meyvə ağacları, 100.000-dən artıq kol və 1.000.000-a yaxın çiçək və gül əkilib. Xüsusi yaşıllıq zolaqlarından ibarət Eko-Parkda müxtəlif dekorativ, nadir gül kolları, meyvə ağaclarından ibarət bağ salınıb.

Bundan başqa parkda fəvvarələr qurulub, kiçik süni su hövzələri – gölməçələr yaradılıb. Ərazidəki Fontanlar Meydançası pilləli olmaqla xüsusi su-kanal sistemi ilə yaradılıb. Fəvvarələrin xüsusi və rəngarəng işıqlanma sistemi gecə vaxtı xüsusi bir estetika yaradır.

Asudə vaxtın səmərəli keçirilməsi üçün istirahət zonaları salınan parkda, köşklər qurulub, skamyalar düzülüb. Xüsusi işıqlandırma sistemi quraşdılıb ki, bu da Park və Mədəniyyət Mərkəzinin gecə görünüşünü xüsusi ilə cəlbedici edir.

Park sahəsində müxtəlif növ attraksionlardan ibarət uşaq meydançası yaradılıb, idman trenajor qurğuları quraşdırılıb. Kiçik yaşlı uşaqlar üçün elektromobil və velosipedlərdən ibarət xüsusi park yaradılıb. Əraziyə 25 adda 150-dək ekzotik quş gətirilib.

Eko-Parkda sizə lazım olacaq piknik ləvazimatlarını (stol, stul və s.) elə parkın özündə kirayə götürə bilərsiniz. Bundan başqa yolunuz düşmüşkən xüsusi layihə əsasında tikilmiş və içində müxtəlif iş otaqları, qalereya, furşet, təqdimat, konfrans zalları və “Zirə Cienema”ya yer verilmiş Zirə Mədəniyyət Mərkəzinə də baş çəkməyi unutmayın.

Mərdəkan Dendrarisi

Bu parkın adının mənası “nadir ağaclar məskəni” olan və yunan dilində işlənən “Dendra” sözündən götürülüb. Bir əsrdən çox yaşı olan bağ 1895-1920-ci illərdə böyük xeyriyyəçi və neft milyonçusu Murtuza Muxtarovun şəxsi bağ evi olub. Böyük xeyriyyəçimiz xüsusi diqqət göstərərək torpağı əkin üçün yararlı olmayan bağ ərazisinə Lənkərandan münbit torpaq da gətizdirib.

Hazırda qiymətli və nadir bitkilərin qorunub saxlanıldığı və 12 hektar sahəni əhatə edən bağ ərazisində dünyanın müxtəlif növ bitki aləmini təmsil edən zəngin bitki kolleksiyaları yaradılıb. Parkın florası olduqca zəngindir. Mərdəkan Dendrarisi bitki və ağac növlərinin ümumi miqdarına və yaş tərkibinə görə dünya kolleksiyaları arasında xüsusi yer tutur. Bundan başqa “Azərbaycanın Qırmızı Kitabı”na daxil olan 141 növ ağac növündən 69-u bu bağda yetişdirilir.

Mərdəkan Dendrarisində həmçinin bəzi Azərbaycan filmlərinin müxtəlif səhnələrinin çəkildiyi və bir əsr yaşı olan italyan qotikası üslubunda tikilmiş qədim bina və görkəmli rus şairi Sergey Yeseninin ev-muzeyi də yerləşir.

Burada bağın ümumi kompozisiyasına xüsusi gözəllik verən bir çox hovuzlarla yanaşı 6 süni şəlalə də inşa edilib. Mərdəkan Dendrarisində “piknik” etmək üçün gözəl təbiət, bol oksigenli sərin və təmiz hava, şərait və ən əsası icazə var.  Siz də istirahətinizin yaddaqalan olmasını istəyirsinizsə, Mərdəkan Dendrarisini seçimləriniz arasına almanızı tövsiyə edirik.

Böyükşor Bulvarı

Əgər sən də Bakıda qalıb həftəsonları “piknik” planı qurursansa Böyükşor bulvarına baş çəkməlisən. Böyükşor bulvarının açılışı 2015-ci il mayın 22-də olub. Parkın salınması üçün ərazidə neftlə çirklənmiş torpaqlar təmizlənib, təbiətə yeni nəfəs bəxş edilib. Ərazisində aparılan ümumi abadlıq işlərinin sahəsi 15 hektardan çox olan Böyükşor bulvarında sahilboyu gəzinti zolağının uzunluğu 2500 kilometrdir. Bu da öz növbəsində sahilboyu uzanan gəzinti və velosiped yolları üçün əlverişlidir.

Bundan başqa burada idman və uşaq oyun meydançaları qurulub, qaçış və velosiped zolaqları salınıb, o cümlədən minlərlə ağac və bəzək kolu əkilib. Böyükşor gölünün içində quraşdırılmış fəvvarələr kompleksi bura baş çəkən insanların zövqünü oxşamaqla yanaşı, həm də gölün suyunun keyfiyyətinin yaxşılaşdırılması üçün onu oksigenlə zənginləşdirir.

Siz də sevdiklərinizlə birlikdə Bulvar ərazisində doyunca gəzib və ya əylənib yorulduqdan sonra piknik süfrənizi yamyaşıl çəmənliyə sərib xoş mənzərədən həzz ala bilərsiniz.

Mərkəzi Nəbatat bağı

Gözəl mənzərəsi ilə tanınan Mərkəzi Nəbatat bağını çoxumuz “Botanika bağı” kimi də tanıyırıq. Badamdar ərazisində salınmış Nəbatat bağı təmiz havası və sakitliyi ilə seçilir. Şəhər daxilində bol oksigen axtaranlar yolunu Nəbatət bağından sala bilərlər.

Saysız-hesabsız flora nümunələri ilə zəngin olan bu bağ respublikamızın biozənginliyi üçün böyük önəm kəsb etdiyindən, ərazi qayğı ilə qorunub saxlanılır və parkın ərazisində xüsusi qaydalar tətbiq olunur. Parkın ərazisində “piknik” fəaliyyətinə və tədqiqat aparılan bəzi nöqtələrinə daxil olmağa icazə verilməsə də, digər yerlərdə sakinlərin təbiətlə baş-başa qalması üçün hər cür şərait yaradılıb.

Meşəlik ərazidə yaşıllıqdan zövq almaq, bol oksigenli təmiz, sərin hava qəbul edib, rəngarəng çiçəklərin əhatəsində vaxt keçirmək istəyənlərin seçəcəyi ünvan məhz Mərkəzi Nəbatat bağıdır.

Müxtəlif növ, yerli və xarici bitkilərin əkildiyi bağda istirahət etmək, ailənizlə, dostlarla vaxt keçirmək üçün gözəl mühit yaradılıb. Burada rahatlıqla özünüzü şəhərdən kənarda hiss edə bilərsiniz.

Qeyd edək ki, Bağın ərazisinə giriş ödənişlidir və böyüklər üçün giriş qiyməti 2 manat təşkil edir.

Dədə Qorqud Parkı

İstirahət üçün uzağa getməyə heç ehtiyac yoxdur, şəhərin mərkəzində 2013-cü ildə salınmış Dədə Qorqud Parkı da “piknik” etməyiniz üçün münasibdir. Paytaxtın Nərimanov rayonunda, “Gənclik” metro stansiyasının yaxınlığında 6 hektar ərazidə salınmış Dədə Qorqud Parkı paytaxtın ən böyük parklarındandır. Dədə Qorqud parkı Dənizkənarı Milli Parkdan sonra şəhərin ikinci böyük istirahət məkanıdır.

İsti havalarda ən çox üz tutulan məkanlardan biri olan Dədə Qorqud Parkı ərazisindəki hündür ağacların kölgəsində siz də rahatlıqla dincələ bilərsiniz. Bununla yanaşı, yaşıl otların üzərində oturub, “piknik” etməyiniz üçün hər cür şərait yaradılıb. Yaşıllaşdırma işləri ilə yanaşı parkın ərazisində sahəsi təxminən iki hektar olan süni göl və şəlalə də yaradılıb. Yayın qızmarında sakinlər bu gölün sahilində sərinlik tapırlar. Həmçinin Parka gələnlər katamaranları kirayə edərək göldə gəzə bilərlər.

Mərkəzində heykəltəraş Göyüş Babayevin “Kitabi-Dədə Qorqud” abidəsi ucalan Parkda müasir standartlara cavab verən işıqlandırma sistemi də quraşdırılıb.

Abşeron Milli Parkı (“Qartalın Dimdiyi”)

Abşeron yarımadasının cənub-şərq qurtaracağında, rayonun Şah Dili adlanan hissəsində 783 hektarlıq sahədə 2005-ci ildə yaradılan Abşeron Milli Parkı da təbiət qoynunda səmərəli vaxt keçirə biləcəyiniz məkanlardan biridir. Parkın yerləşdiyi ərazinin gözünüzdə canlanması üçün qeyd edək ki, Qartal şəklində olan xəritəmizdə gördüyünüz “Qartalın Dimdiyi” məhz Abşeron Milli Parkı ərazisidir.

Milli Park ərazisində çox sayda nəsli kəsilməkdə olan nadir flora və fauna növlərinin qorunub saxlanması təmin olunur. O cümlədən ekoturizm üçün mövcud olan təbii imkanlar dəyərləndirilir. Park ərazisində 50-dən artıq quş və heyvan növlərinə rast gəlinir, 25-ə qədər bitki növü mövcuddur.

Siz də səmərəli zaman keçirmək, yaddaqalan gün yaşamaq istəyirsinizsə bu əraziyə üz tutmalısınız. Park ərazisində yaradılan piknik sahələrində rahatlıqla piknik edə bilərsiniz. Həmçinin ərazidə mövcud olan velosiped və qaçış zolaqlarından yararlanmaq imkanınız olacaq. Parkda uşaqların əyləncəli zaman keçirməsi üçün uşaq guşəsi də yaradılıb. Bundan başqa istəsəniz xüsusi oturacaq köşklərindən yararlana bilər, binokl ilə füsunkar mənzərəni izləyə bilərsiniz. Həvəskar balıq ovları, çimərlikdə istirahət, qısacası gəzib-görüb möhtəşəm xatirə şəkilləri çəkərək bu anlarınızı unudulmaz etmək öz əlinizdədir.

Abşeron Milli Parkına daxil olmaq ödənişlidir. Milli Parka giriş biletlərinin qiyməti yerli və xarici vətəndaşlar üçün 2 manat təşkil edir. 6 yaşa kimi uşaqlar, məktəblilər (siniflərlə) və əlillər giriş haqqından azaddırlar.

Sonda onu qeyd edək ki, son illərdə sakinlərin və şəhərimizin qonaqlarının rahatlığı və dincəlməsi üçün salınan irili-xırdalı parkların sayı günü gündən artmaqdadır. “Heydər Əliyev Muzey-park kompleksi”, “Qala İstirahət Parkı”, “Qış Parkı” kimi məkanları da bu qəbildən qeyd edə bilərik. Əminik ki, sizin də yaşadığınız ərazinin yaxınlığında şəhərin səs-küyündən, izdihamından qısa müddətə də olsa uzaqlaşa biləcəyiniz bir park mövcuddur. Geriyə sadəcə qalır özünüzlə piknik edə biləcəyiniz ləvazimatları götürün və təbiətin füsunkarlığından həzz alın.

Balıqlı Göl İstirahət Mərkəzi

Asudə vaxtlarınızı istirahət etməklə dəyərləndirə biləcəyiniz yerlərdən biri də Balıqlı Göldür. Bu məkan Binədən Qalaya gedən yolda yerləşdir.

Balıqlı Göl İstirahət Mərkəzində təbiətsevərlərə “piknik” yerləri, uşaqlar üçün oyun parkları, idmansevərlərə isə futbol və basketbol meydançaları ayrılıb.

Bundan başqa, şəhərin səs-küyündən uzaq sakit dincəlmək istəyənlər üçün balıq ovları və müasir kofeşoplar fəaliyyət göstərir. Bu sevilən məkanda balıq ovu üçün xüsusi estakadalar yaradılıb ki, bu da qonaqların daha rahat əylənməsinə şərait yaradır.

Həmçinin Balıqlı Göl İstirahət Kompleksinə üz tutan qonaqların asudə vaxtlarını daha səmərəli və əyləncəli keçirməsi üçün “Balıqlı Göl Safari” treki də yaradılıb. Burada qonaqlar ATV və Motokross yürüşləri həyata keçirə bilirlər.

Besetka “kənarları açıq” – 10 Azn
Manqal və Bulaq bayram günləri istisna olmaqla, həftə içi ödenişsizdir.
Katamaran 15 dəqiqə – 5 Azn
9 yaşdan yuxarı 1 nəfər üçün – 5 Azn (15 dəq.)
9 yaşdan aşağı 1 nəfər üçün – 3 Azn (15 dəq.)
Əraziyə Giriş – 5 Azn, 6 yaşa qədər uşaqlar ödənişsizdir.
Besetka qapalı, taxtlı (döşəkli) – 30 Azn
Manqal, bulaq və əlavə 10 nəfərlik stol-stul ödenişsizdir.

1 stol 5 masa – 5 Azn
5 nəfərlik masa – 5 Azn. Əlavə oturacaqlar + 1 Azn’dən hesablanır. Manqal və Bulaq ödənişsizdir.
Samovar 7 litrlikdir – 10 Azn
Hazır qaynadılmış dolu Samovar – 20 Azn
Balıq Ovu
1 qonaq maksimum 3 kq balıq tuta bilər:
Sazan 1 kg – 10 Azn
Farel 1 kg – 15 Azn
Tilov – 1 saat – 2 Azn
Velosiped, 10 dəqiqə – 2 Azn, kömür 4 Azn
ATV sürüşü 1 dəqiqə – 1.50 Azn
Manqal üçün şişlər 1 ədədi – 0.50 Azn

Asudə vaxtınızı səmərəli keçirmək üçün Balıqlı Göl İstirahət Mərkəzinə üz tutsanız sizin də istirahətinizin unudulmaz olacağından əminik.

Xoş istirahətlər! Həmişə gəzməkdə!

aviatravel.az

Haqqımızda

AiləTravel.net xəbər saytı deyil, fərqli bir saytdır. AiləTravel.net saytında kriminal, siyasi xəbərlərə,şou xəbərlərə və xəbər saytlarına xas olan ənənəvi olan informasiyalara demək olar ki,rast gəlməyəcəksiniz. Bu sayt ancaq pozitiv məlumatlardan ,faydalı məlumatlardan əyləncəli şəkildə bəhs edən saytdır. ailetravel.net təkcə səyahət saytı deyil,eyni zamanda müxtəlif sahələrə marağı olan insanların informasiya tələbatını təmin edə biləcək əyləncəli-maarifləndirici saytdır.
Əgər sizin reallıqda səyahət etməyə imkanınız yoxdursa bizim saytla virtual səyahət edə bilərsiniz.Əgər siz aktiv səyahətçisinizsə eynilə bizim saytdakı materiallardan faydalana bilərsiniz, özünüz üçün yeni bilgilərdən istifadə edə bilərsiniz. Saytımızın səhifələrində nəinki peşəkar səyahət verilişləri ilə, eləcə də müəllif -həvəskar çəkilişlərlə tanış olacaqsınız. Güman edirik ki, informasiya bolluğunun olduğu indiki vaxtda AiləTravel.net sizlərin zövqünüzü oxşayan və tələblərinizə cavab verən mətbu orqan olacaq. Ümid edirik dəyərli vaxtınızı faydalı və maraqlı keçirəcəksiniz. Səyahətlə bağlı təəsüratlarınızı bizimlə bölüşə bilər,bu haqda yazılarınızı,vidematerialları, şəkilləri ,eləcə də irad və təkliflərinizi elektron ünvanımıza göndərə bilərsiniz.
AiləTravel.net həmçinin bütün yerli və xarici turizm şirkətlərini, eləcə də bütün iş adamlarını aktiv əməkdaşlığa dəvət edir.

Əlaqə