Akademik Musiqili Teatrın yeni layihəsində bu dəfə Prezident təqaüdçüsü Atabəy İsmayılov olacaq

24 dekabr saat 19:00-da Azərbaycan Dövlət Akademik Musiqili Teatrının möhtəşəm səhnəsində teatrın orkestr artisti, respublika və beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü, adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılan Atabəy İsmayılovun solo konserti keçiriləcək.

5 müxtəlif musiqi alətində – tar, fortepiano, bass gitara, violonçel, kontrabasda mükəmməl ifa bacarığı olan musiqiçi ilə birlikdə səhnədə Əməkdar artistlər – Lalə Məmmədova (vokal), Toğrul Əsədullayev (kamança), Ruslan Hüseynov (bass gitara), İsgəndər Ələsgərov (zərb alətləri), Kamran Kərimov (nağara), beynəlxalq müsabiqələr laureatları – Pərviz Məmmədov (fortepiano), İlqar Baxşıyev (truba), bəstəkar Pikə Axundova (fortepiano), Ramin Pələngov (balaban), musiqiçinin bacısı – Bülbül adına orta ixtisas məktəbinin 9-cu sinif şagirdi Ülkər İsmayılova (violonçel) maraqlı musiqi nömrələri ilə çıxış edəcəklər.

Konsertin dirijoru, Akademik Musiqili Teatrın simfonik orkestrinin baş dirijoru, Əməkdar incəsənət xadimi Fəxrəddin Atayevdir.

Biletləri şəhərimizin bütün kino-teatr kassalarından, “ASAN” xidmət mərkəzlərindən, eləcə də “iticket.az” saytından əldə etmək olar.

Likes:
0 0
Views:
12
Article Categories:
Faydalı