Tue. Apr 20th, 2021

Dünyanın ən böyük çinar meşəsi

Müxtəlif arxiv materiallarını, ayrı-ayrı alimlərin mənbələrdə çap olunmuş məqalələrini, fikirlərini təhlil edərək sübut olunub ki, Azərbaycan Respublikasının Zəngilan rayonunda, Bəsitçay hövzəsində yerləşən təbii çinar meşəsi sahəsinə, ağacların fiziki vəziyyətinə görə dünyada ən böyük çinar meşəsidir.
Çinar (Platanus) – çinar fəsiləsinin bitki cinsindən olmaqla tarixi çox qədim olan Kaynazoy erasının üçüncü dövr relikt florasının yadigarı sayılır. Mezozoyun tabaşir dövrünün süxurlarında bu ağacların qalıqları tapılmışdır.
Çinar çiçəkli bitkilərin ən qədim növlərindən biridir. Gözəlliyinə, görkəminə və nadir bioekoloji əlamətlərinə görə onu Şərqin ağac florasının mirvarisi, möhtəşəm gövdəsi, əzəmətli, yaraşıqlı çətirinə görə isə Cənubun nəhəng ağacı adlandırırlar.
Geniş və sıx çətirli olmaqla qışda yarpaqlarını tökür. Gövdəsi çox möhkəmdir (boyu 40-50 metrə qədər, gövdəsinin çevrəsi 18 metrə çatır). Yarpaqları növbəli düzülüşlü, barmaqvari dilimlidir, uzun saplaqlıdır. Xırda çiçəkləri bircinslidir. Erkəkcik çiçəkləri sarımtıl rəngdə olub qoltuq çiçək qrupunda yerləşir. Dişicik çiçəkləri isə nisbətən iri, al-qırmızı şarabənzər başlıqda toplaşır. Onlar bəzən 2-7 ədəddən ibarət uzun çiçək saplağında sallaq şəkildə olurlar. Hər iki çiçək bir ağacda olduğundan birevli müxtəlif cinsli bitkidir.
Çinarın meyvəsi çoxlu fındıqçalardan ibarət olub bütün qışı ağacdan asılı vəziyyətdə qalaraq ağaca xüsusi cazibədarlıq verir. Yarpaqlarını qışda tökür, aprel-may aylarında çiçəkləyir. Meyvəsi (toxumu) sentyabr-oktyabrda yetişir. Növbəti ilin yazında şarabənzər meyvələr parçalanır və fındıqçalar yerə tökülür, külək vasitəsilə uzaqlara sovrulur. Yaşlı ağacların gövdəsinin qabığı yaşılımtıl pulcuqvari olub qopduğundan ağacın gövdəsi ala-bəzək görkəm alır. Çinar tez böyüyən və uzun ömürlü ağaclardandır. Ağacların 80 faizi kök pöhrələrdən cücərir. Çinar 10-15 yaşından meyvə verməyə başlayır, ən məhsuldar dövrü 150-200 yaşındadır. Çinarlar 2000-2300 ilə qədər yaşaya bilir. Yüngül, möhkəm cizgili oduncağından faner, parket, mebel istehsalında, gəmiqayırmada və eləcə də dekorativ ağac kimi yaşıllaşdırmada istifadə edilir.
Görkəmli rus alimi İ.V.Palibin “Florı SSSR” kitabında Qafqazın cənubunda çinar ağaclarının sistematik təsnifatını vermiş və göstərmişdir ki, bu çinar meşələri yabanı halda şərqi və cənubi Zaqafqaziyada yayılmışdır.
M.Kirpiçnikov və Q.Axundovun məqaləsində verilir ki, akademik A.A.Qrossheymin başçılıq etdiyi cənubi Qarabağın bitki aləmini öyrənən ekspedisiya A.V.Şelkovnikov tərəfindən məlumatlandırılmış və onlar 1948-ci ilin yayında təbii çinar meşəsinin yayıldığı əraziyə gəlmişlər (yəni Zəngilan rayonu ərazisindəki Rəzdərə yabanı çinar meşəsinə – O.Ə). Ekspedisiya nümayəndələri göstərir ki, burada çinarlar 25-30 m hündürlükdədir və diametri 2,5 m -ə qədərdir. Ağaclar yaxşı vəziyyətdədir. Təqribən eyni yaşlıdırlar (150-200 il). Çinarların üstü çətirlərlə örtülməsinə baxmayaraq, onların alt hissəsi işıqlıdır. İkinci mərtəbə, demək olar ki, bilinmir. Burada meşəaltı yoxdur. Çinarlar çaybasarda sıxlaşır. Çaybasarın kənarlarına doğru getdikcə onlar qoz ağacları ilə əvəz olunur. Çayın sahilləri boyunca söyüd ağacları da geniş yayılmışdır. Ekspedisiya üzvləri çinarların çay vadisi boyunca yayıldığını göstərsələr də, bu çayın Bəsitçay olduğunu yazmamışlar.
Tanınmış təbiətşünas alim İ.S.Səfərovun “Azərbaycanda təbii çinar ağacları” məqaləsindən məlum olur ki, Azərbaycan SSR-də endemik çinar ağaclarının mövcud olması barədə meşələrin yayılması ilə bağlı keçmiş mənbələrdə heç bir məlumata rast gəlinmir. Son vaxtlara qədər müxtəlif mənbələrdə çinar ağaclarının, ancaq Kiçik Asiya və Himalayda təbii yolla cücərib artdığı, Yer kürəsinin başqa yerlərində isə bu qiymətli çinar ağaclarının ancaq insanlar tərəfindən əkilib becərilməklə yetişdirildiyi güman edilirdi.
Buna görə də Kiçik Qafqaz dağlarının cənub-şərq yamaclarında, Azərbaycan SSR ərazisində çinar ağaclarının təbii (yabanı) yolla cücərib artması həm meşəçilik elmi, həm də nəbatat elmləri üçün böyük əhəmiyyətə malikdir.
Zəngilan rayonunda Zəngəzur silsiləsinin şərq yamaclarından başlayıb axan Bəsitçay boyunca 12-15 km məsafədə təbii (yabanı) çinar ağacları bitmişdir. Şimal tərəfdən bu çinar ağaclarına püstə, əzgil, dağdağan, palas murdarçası, qara murdarça, qaratikan, yemişan, alça və sairədən ibarət olan kserofit xarakterli meşə massivləri, cənubdan isə palıd, vələs, vən və digər ağaclardan ibarət meşəliklər qovuşur.
Çinar ağaclarının yaşı orta hesabla 250-300 ilə yaxındır. Hündürlükləri 40-50 m olub, diametrləri 3-5 m-dir. Onlar yaşıllıq işlərində əvəzedilməz ağac növlərindən biridir. Cəbrayıl, Ağdaş, Göyçay, Zaqatala, Gəncə, Şəmkir və bir sıra başqa rayonlarda bitən nəhəng çinar ağacları bu yerləri xeyli gözəlləşdirir.
Çinar tez böyüyən ağacdır. Qələm vasitəsilə çoxaldılır. Kök salmış qələmləri çıxarıb əkmək daha məsləhətdir. Belə qələmləri isə xüsusi şitilliklərdə hazırlamaq lazımdır.
İ.S.Səfərov və K.S.Əsədov “Azərbaycan meşələrinin nadir ağacları və kolları” kitabında çinar haqqında xeyli məlumatlar vermişlər: “Şərq çinarı Tabaşir dövrünün qədim florasının nümayəndəsi olmaqla Azərbaycan SSR-də Kiçik Qafqazın cənub-şərqindəki Bəsitçay vadisində qalmışdır. Burada Azərbaycan SSR ərazisində çinar meşəliyinin uzunluğu 12 km, eni 60-200 m olan 120 hektara yaxın sahədə yayılmışdır. Çinarlıq çayın mənbəyinə tərəf uzanaraq 7-8 km indiki Ermənistan sərhədinə keçir. Beləliklə, Bəsitçay vadisində çinar meşəliyi 20 km uzanır. Azərbaycan ərazisindəki Bəsitçay və onun yuxarı qolları Xaçınçay, Şixavuzçay (Şikaxoxçay) (Bu qollar indiki Ermənistan ərazisindədir) vadisində çox yaşlı və iriölçülü ağacların sayı 1200-ə çatır və çoxlu pöhrəliklər də yayılmışdır. Çinarlar ömrü boyu pöhrə verir. İrigövdəli ağacların hamısının kötük hissəsindən çoxlu (40-100 ədəd və daha çox) pöhrələr qalxır. Ağaclar qocalaraq yıxıldıqda bu pöhrələr böyüyərək ana ağacı əvəz edir”.
Q.Ş.Məmmədov, M.Y.Xəlilovun “Azərbaycanın meşələri” kitabında göstərilir ki, “Dünyada yayılmış çinarın 8 növündən Qafqazda yabanı və ya yabanılaşmış halda bir növü – Şərq çinarı bitir. Şərq çinarı boyu 30 (45), diametri isə 1,5-3 (5) m-ə çatan geniş dəyirmi çətirli ağacdır”.
Çinar ağacının Azərbaycanda mədəni mənşəli,yabanılaşmış, təbii halda bitdiyi barədə müxtəlif fikirlər vardır. Lakin əksər dəlillər onun yabanı (təbii) olmasını təsdiq edir.
B.H.Təhməzov, E.F.Yusifov, K.S.Əsədov göstərir ki, “Azərbaycanda çinarların ən qədim və geniş təbii meşəsi Zəngilan rayonu ərazisində qalmışdır. Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalına qədər Bəsitçay vadisində müxtəlif yaşlı ağacların sayı 4500-5000 ədədə yaxın, indiki Ermənistan ərazisindəki çinar ağacları da nəzərə alınmaqla, onların ümumi sayı 7000 ədədə qədər idi”.
Respublikamızda yayılan çinar növü Şərq çinarı və ya barmaqyarpaqlı çinar adlanır. Şərq çinarı Yunanıstanda dağ ətəklərində, Aralıq və Egey dənizləri sahillərində, Kipr, Krit və Rodos adalarında, Kiçik və Orta Asiyada, Cənubi Qafqazda geniş yayılmışdır.
Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-1920-ci illər) sahəsi 120 hektara yaxın olan Zəngilandakı çinar meşəsi tamamilə Azərbaycana məxsus idi. 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycanın Zəngəzur torpaqlarının bir hissəsi indiki Ermənistana verilmişdir. Bunun nəticəsində Bəsitçay vadisindəki çinar meşəsinin müəyyən hissəsi Bəsitçayın qolları olan Xaçınçay və Şixavuzçay vadiləri boyunca yayılan çinar ağacları seyrək şəkildə indiki Ermənistanın Qafan rayonunun Nerkin-Hand, Sav və Şixavuz (Şikaxox) kəndləri ərazisində qalmışdır. Şixavuz kəndindən bir qədər yuxarı “Almalıq bağı” və ona yaxın olan ərazilər Boğazyurd (bəzən Pirçivanyurd) adlanırdı. Zəngilanlılar son dövrlərə qədər bura yaylağa istirahətə gəlirdilər.
Qalereya şəkilli koridorvari uzanan çinar meşəliyində qoz, dağdağan, araz palıdı, əncir, nar, saqqız, iydə, əzgil, alma, armud, alça ağacları ilə yanaşı, böyürtkən, yemişan, itburnu və s. kolları da yayılmışdır.
Tanınmış təbiətşünas alim, akademik Həsən Əliyevin təşəbbüsü ilə nadir təbiət abidəsi olan çinar meşəsini qorumaq məqsədilə Azərbaycan SSR Nazirlər Sovetinin 4 iyul 1974-cü il tarixli qərarı ilə Zəngilan rayonu ərazisində 117 hektar sahəni əhatə edən Bəsitçay Dövlət qoruğu yaradılmışdır. 1980-ci ilin oktyabrında qoruğun sahəsi 10 hektar azalaraq 107 hektar təşkil edir, bunun 100 hektarını meşə, qalan 7 hektarını Bəsitçay vadisinin daşlı və qumlu sahələri tutur. Azərbaycan ərazisində uzunluğu 12 km, eni 60-200 m olan çinar meşəsinin ümumi sahəsi 120 hektara yaxındır. Çinar ağacları çayın mənbəyinə tərəf uzanaraq seyrəkləşir, 7-8 km məsafədə indiki Ermənistan ərazisinə keçir. Bu çinar meşəsi Zəngilan rayonunun Baharlı kəndi yaxınlığında Bəsitçayın Araz çayına qovuşduğu yerdən 200-300 m məsafədə seyrəlib qurtarır.
Bəzi mənbələrdə Bəsitçay vadisindəki çinar meşəsinin Avropada birinci, dünyada ikinci olduğu göstərilir və dünyada ən böyük çinar meşəsinin Şimali Amerikada-Kanada ərazisində olduğu söylənir. Lakin bu fikir heç bir elmi mənbəyə əsaslanmır.
“SSRİ-nın qoruqları, Qafqazın qoruqları” kitabında biologiya elmləri namizədi E.V.Roqaçevanın məqaləsində göstərilir ki, “Kiçik Qafqazın cənub-şərq hissəsində yerləşən Bəsitçay vadisindəki qoruq uzunluğu təqribən 15 km və eni 150-200 m olmaqla çay vadisi boyunca yayılmışdır. Çayın mənbəyinə doğru davamı Qərbdə indiki Ermənistan ərazisindəki meşələrə keçir. Qoruq dəniz səviyyəsindən 600-800 m hündürlükdə yerləşir. Azərbaycanda çinar meşələri Bəsitçay vadisində qoruğun sahəsinin 93,5 faizini tutur. Burada çinarlar 900 m-ə qədər yüksəklikdə, əkilmiş halda 1200 m yüksəkliyə qədər bitə bilir. Qoruqdakı çinar ağaclarının orta yaşı 170-dir. İndiki dövrdə burada nəhəng çinarların yaşı 1200-1500 il olmaqla, hündürlüyü 50 m, diametri 4 m-dir. Azərbaycanın hər yerində təbiət abidəsi olaraq çinarlar qorunur. Relikt bitki olan Şərq çinarı keçmiş SSRİ-nin “Qırmızı kitab”ına daxil edilmişdir. Azərbaycan ərazisində geniş yayılmış yabanı (təbii) Şərq çinarı (Platanus orientalis L.) meşəsi dünyanın ən böyük meşə massividir.
Araşdırmalar apararaq belə nəticəyə gəlirik ki, Azərbaycan Respublikası Zəngilan rayonu ərazisindəki Şərq çinarı (Platanus orientalis L.) yabanı meşəsi Yer kürəsinin ən böyük çinar meşəsidir. Bu meşə massivi sahəsinin böyüklüyünə görə dünyada birincidir.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın əzəli oğuz-türk torpaqları olan Dağlıq Qarabağ və onun ətrafında olan 7 rayon (Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı, Zəngilan) erməni hərbi birləşmələri tərəfindən işğal edilmişdir və hazırda həmin ərazilər Ermənistanın nəzarəti altındadır. Bunun nəticəsində digər tarixi və mədəni abidələr kimi Zəngilan ərazisindəki dünyanın nadir təbiət incilərindən olan çinar meşəsi müxtəlif mənbələrdən verilən məlumatlara görə ermənilər tərəfindən vəhşicəsinə qırılır, talan edilir, kəsilib satılır. Tarixi abidələr dağıdılır.
Planetin mədəniyyət və təbiət abidələrinin mühafizəsi və qorunması məsələləri ilə bilavasitə UNESCO təşkilatı məşğul olur. Bu vəzifə 1972-ci ildə 164 ölkənin imza atdığı “Bəşəri əhəmiyyətli mədəni və təbii xarakterli irsi abidələrin mühafizəsi üzrə” Paris konvensiyası əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Milli Məclisi bu konvensiyanı 1993-cü ildən ratifikasiya etmişdir. Bəşəri əhəmiyyətli təbiət abidələri yerləşdiyi ərazidən asılı olmayaraq planetin bütün insanlarına məxsusdur. Bəşəri əhəmiyyətli mədəni və təbii xarakterli irsi abidələrin mühafizəsi komitəsi və digər beynəlxalq təşkilatlar dünyanın nadir təbiət abidələrindən biri olan Bəsitçay Dövlət Qoruğunun ermənilər tərəfindən vəhşicəsinə qırılmasına və terrora məruz qalmasına etiraz səslərini ucaltmalı və bu vəhşiliyin qarşısı alınmalıdır.

Haqqımızda

AiləTravel.net xəbər saytı deyil, fərqli bir saytdır. AiləTravel.net saytında kriminal, siyasi xəbərlərə,şou xəbərlərə və xəbər saytlarına xas olan ənənəvi olan informasiyalara demək olar ki,rast gəlməyəcəksiniz. Bu sayt ancaq pozitiv məlumatlardan ,faydalı məlumatlardan əyləncəli şəkildə bəhs edən saytdır. ailetravel.net təkcə səyahət saytı deyil,eyni zamanda müxtəlif sahələrə marağı olan insanların informasiya tələbatını təmin edə biləcək əyləncəli-maarifləndirici saytdır.
Əgər sizin reallıqda səyahət etməyə imkanınız yoxdursa bizim saytla virtual səyahət edə bilərsiniz.Əgər siz aktiv səyahətçisinizsə eynilə bizim saytdakı materiallardan faydalana bilərsiniz, özünüz üçün yeni bilgilərdən istifadə edə bilərsiniz. Saytımızın səhifələrində nəinki peşəkar səyahət verilişləri ilə, eləcə də müəllif -həvəskar çəkilişlərlə tanış olacaqsınız. Güman edirik ki, informasiya bolluğunun olduğu indiki vaxtda AiləTravel.net sizlərin zövqünüzü oxşayan və tələblərinizə cavab verən mətbu orqan olacaq. Ümid edirik dəyərli vaxtınızı faydalı və maraqlı keçirəcəksiniz. Səyahətlə bağlı təəsüratlarınızı bizimlə bölüşə bilər,bu haqda yazılarınızı,vidematerialları, şəkilləri ,eləcə də irad və təkliflərinizi elektron ünvanımıza göndərə bilərsiniz.
AiləTravel.net həmçinin bütün yerli və xarici turizm şirkətlərini, eləcə də bütün iş adamlarını aktiv əməkdaşlığa dəvət edir.

Əlaqə