Mərakeş bələdçisi

Mərakeşə getməzdən öncə tərəddüdlərim vardı. Oxuduqlarım və eşitdiklərim bu ölkənin o qədər də güvənli olmadığını deyirdi. Hələ ki yalnız səyahət edən bir xanımsınızsa, daha da “təhlükəli” imiş. 10 gün boyunca ölkəni qarış-qarış gəzdim və bu ölkənin təhlükəsizliyi ilə bağlı bütün söylənənlərin cəfəngiyyat olduğunu gördüm.

9 min küçəsi olan, xəritələrin işləmədiyi yer

Mərakeşlilərin bəziləri qonaqpərvər, yardımsevər olsalar da, turisti ancaq gəlir mənbəyi kimi görənlər daha çoxdur. Xüsusən də, Fəs şəhərində gərək ya yolu yaxşı tanıyasan, ya da öncədən bələdçi tutasan. Çünki çaşıb birindən yol soruşsan, səni düzgün istiqamətləndirməyib, səhv yolda olduğuna inandırıb, müəyyən məbləğ qarşılığında bələdçilik təklif edirlər. Odur ki, ayıq-sayıq olmaqda fayda var. Nə bələdçiyə, nə də yol soruşmağa ehtiyacım yoxdur deyib özünə güvənənlərə isə bir xəbərim var: Fəs şəhəri o şəhərlərdəndir ki, telefondakı müxtəlif xəritə proqramlarının belə “əzbərini pozur”. Bir də ki, proqram neynəsin, bir qədim şəhər bölgəsi düşünün ki, xırda-xırda 9 min küçədən ibarətdir. Tam labirintdir. Damdar küçələri var. Fəsin qədim şəhər hissəsi dünyanın nəqliyyata qapalı olan ən böyük ərazisidir.

Dünyada ilk universitet Fəsdə açılıb?!�
Mərakeşin ən gözəl qapılarını, ən gözəl naxışlarını Fəsdə gördüm. Fəs ölkənin 3-cü böyük şəhəri və Rabatdan öncəki paytaxtıdır. Bu ölkədə, deyəsən, paytaxt olmayan şəhər qalmayıb. Ölkənin ən mühafizəkar, dini inancları daha güclü olan, adət-ənənələrə daha bağlı şəhəri də Fəsdir.
Bu şəhərə gəlməzdən öncə dünyanın ən qədim universitetinin burada olduğunu bilmirdim. Ta 859-cu ildə açılan həm Universitet, həm də məscid olan Karaviyyin bu gün də fəaliyyətini davam etdirir. Məscidə yalnız müsəlmaların daxil olmasına icazə var.

Bütün yollar bazarlara aparır…

Mərakeşin bütün şəhərlərində bütün yollar bazarlara çıxarır. Hər şəhərin qədim hissəsi, Mədinə adlanan bölgəsi olur ki, həmin yerlərdə bazarlar qurulur. Bu bazarlarda nələr yoxdur, nələr. Ağıla gələ biləcək, hətta ağıla gələ bilməyəcək hər şeyi bu bazarlarda tapmaq olar. Amma Mərakeş ilk növbədə dərinin, arqan yağının və xaş-xaşın yurdudur. Rəngbərəng, növbənöv dəri məmulatları olmadan Mərakeş bazarlarını təsəvvür etmək mümkün deyil. Keyfiyyətli dərilər hazırlasalar da, məhsulların modellərinin müasir görünüşü yoxdur. Əsas dəri mərkəzi isə Fəs şəhəridir (məşhur Chouara). Burada böyük dabbaqxanalar var ki, dərini Orta əsrlərdən qalma üsullarla işləyirlər, boya qazanlarına atırlar, günün altında qurudurlar. Hətta pul müqabilində turistlərə də şərait yaradırlar ki, gəlib dərinin hazırlanma prosesini öz gözləri ilə görsünlər. Amma burada qoxular o qədər dözülməz olur ki, əlində nanə qoxulamayan turist görməzsiniz. 5 dəqiqə nanəsiz nəfəs ala bilmədiyimiz bir yerdə dəri emalçıları səhərdən-axşama kimi çalışırlar.
Argan yağı da bazarlarda ən çox gördüklərimdən oldu. Özü də tək yağı yox, sabunu, kremi… Hətta bu yağı yeməklərə belə əlavə edirlər.
Xaş-xaş isə ən çox Mavi şəhər kimi tanınan Chefchaouendə yayılıb. Hətta o dərəcədə yayılıb ki, axşam vaxtı küçədə gəzəndə bizə də açıq-aşkar “mal” təklif edirdilər.

Dəvə karvanları ilə orta əsrlərə səyahət

Səhra turuna qatıldıqda bərbər kəndlərini də gəzmək mümkün olur. Amma bələdçisiz bu kəndlərə girməyə icazə vermirlər. Bərbər kəndlərində qadınlar çiyinlərinə ağ şal və ya tül bağlayırlar. Əgər tül yalnız sağdan bağlanıbsa, deməli, evlidir, soldan bağlanıbsa, boşanıb. Hər iki çiynindən şal bağlanıbsa, əri ölüb. Heç bir şal bağlanmayıbsa, deməli, subaydır.
Səhra turu almısınızsa (60-80 euro, 2-3 günlük), dəvə karvanları gün batımına doğru səhraya yol alır. Ucsuz-bucaqsız Sahara səhrasında günəşi batırıb, ayın çıxmağını izləyərək karvanlarla gedirsən. Sanki düşürsən əsrlər öncəsinə, tərəqqinin, inkişafın olmadığı dövrlərə. Gecə də bərbərlər ocaq qalayıb, ətrafında dövrə vurub öz milli musiqiləri ilə qonaqlarının könlünü xoş edirlər. Gecəni çadırlarda gecələyirsən. Səhəri ağzında qumla, üst-başın qum içərisində açsan da, ucsuz-bucaqsız səhrada gecələməyin zövqü bir başqadır. Və günəş doğmağa başlayarkən yenidən dəvə karvanları ilə qayıdırsan geriyə, şəhərə… Sanki “zaman maşını” ilə Orta əsrlərdən düşürsən günümüzə…

Əsas içkisi! “Mərakeş viskisi”

Mərakeş yeməkləri ilə də məşhurdur. Əsas yeməkləri tajin və kuskusdur, bu yeməkləri yemədən dönmüsünüzsə, demək heç Mərakeşdə olmamısınız. Kuskusa bir növ plov da demək olar. Tajin isə adını bişirildiyi qabdan götürüb. Saxsı qablarda bişirilən ət yeməyidir. Toyuq və ya mal əti müxtəlif tərəvəzlərlə bişirilir. Ən çox sevdiyim limonlu və zeytunlu toyuq tajini oldu. Mərakeşin çayı da bir başqa aləmdir. Nanəli şirin çay. Adına da zarafatla “Mərakeş viskisi” deyirlər. Bir əmması var ki, stəkanları balaca olur, üstəlik çayı stəkanın ortasından süzürlər. Dibində 1-2 qurtumluq ola, ya olmaya. Hanı bizim böyük çay stəkanlarımız və “dodaq yeri” də qoymadığəmız çay süzmə adətimiz?!
Bir də Mərakeşdə təzə sıxılmış portağal şirəsi sudan ucuz və dadlıdır. Adət etmədiyimiz maraqlı və dadlı meyvələri də var.

Mərakeşdə hər şey 3 qat bahadır?

Gələk Mərakeşdə qiymətlərə, bizə nisbətən bahaçılıq olsa da, Avropa ilə müqayisədə qat-qat ucuzluqdur. Ən əsası da odur ki, heç yerdə ilk deyilən qiymətlə razılaşmaq lazım deyil. Ən azı 3 qat baha deyirlər və yaxşı qiymət salmaq bacarığı bu ölkədə çox köməyə gəlir.
Taksi sürücülərinin turistlərə yalandan “sayğac işləmir” deyib qiymət oxumaları da bir başqa problemdir. Amma bir çox şəhərlərində ictimai nəqliyyatdan da rahatlıqla istifadə edə bilərsiniz.
Şəhərlərarası isə qatar və avtobus sistemləri gözəl qurulub. Səfər boyunca bilet qiymətləri 7-35 manat arasında dəyişən 7 şəhərində oldum. Hətta çox gözəl sürət qatarları var Mərakeşin. Amma burada da bir əmma var ki, biletləri online şəkildə almaq mümkün olmur. Biletləri təkcə vağzallardan, yerindəcə almaq olar. Online biletləri isə yalnız Mərakeş banklarına məxsus olan kartlarla almaq mümkündür.

Fransız dilini “tum kimi çırtlayan” ərəblər

Mərakeşlilər ərəb dilindən sonra ən çox fransız və ispan dillərində danışırlar. Hətta heç bir təhsili olmayan insanlar belə bu dillərdə təmiz danışırlar ki, lap qibtə elədim.

“Toy qazanları”nın asıldığı, ilan oynadanlar meydanı Jemaa əl-Fna

Mərakeş şəhəri bu ölkənin “döyünən ürəyidir”. Mərakeşin döyünən ürəyi isə Jemaa əl-Fna meydanıdır. Gecələri yatmayan, səhərə qədər musiqi sədasının kəsilmədiyi haylı-küylü bir meydan. İlan oynadanlar, xına çəkənlər, sehrbazlar, çalıb-oxuyanlar, kimlər və nələr yoxdur ki bu meydanda. Vay o günə ki, çaşıb meydandakı satıcılardan nəyinsə qiymətini soruşasan. Almamış qurtuluşunuz yoxdur. Bizim “çadır toylarımızın” ab-havasını da məhz bu meydanda yaşaya bilərsiniz. Uzun-uzun stollar qurulub, “toy qazanları” asılıb. Mərakeş mətbəxinin təamlarını, xüsusən də ən dadlı tajin və kuskusu məhz bu meydanda, özü də digər kafe restoranlara nisbətən ucuz qiymətə yemək olur. Hələ bir musiqiləri də var ki, elə bil bizim qara zurna sədalarıdır. Mərakeşin ruhunu duya biləcəyiniz başlanğıc nöqtəsi də, elə ən əsas yer də bu meydandır. Bu meydanda olmamısansa, deməli, Mərakeşdə olmamısan. Elə meydanın yanındaca bazarları başlayır, xalça bazarı, ədviyyat bazarı, başmaq bazarı, bir sözlə, yox yoxdur. Bu məşhur meydanın bir tərəfi isə faytonların “parkingi”dir. Mən deyim 50, siz deyin 100. Xülasə bir xeyli fayton və bu faytonlara qoşulmuş biçarə atlar… Bu qədər faytonu bir arada başqa heç bir yerdə görməmişdim. İndi yəqin ki, atların qoxusunu təsəvvür etdiniz. Mərakeşi rəngarəngliyənə görə çox sevsəm də, səhər-axşam yolum atların “parking”indən keçdiyinə görə, o kəskin qoxunu hər dəfə təkrar-təkrar ciyərlərimə çəkdikcə özümü söyürdüm. Şəhərdə ən sevdiyim yer isə Majorel bağçaları oldu. Jacques Majorel adlı fransız bir rəssamın qurub yaratdığı bir bağ. Majorelin vəfatından sonra isə dünyaca məşhur Yves Saint Laurent-a satılan bir bağ…

Mars deyil, Mərakeş dağlarıdır!

Qırmızı dağları ilk dəfə burada gördüm. İnsan bir anlıq özünü yerdə yox, Marsda təsəvvür edir. Hara baxırsansa, qırmızı dağlar… Təsadüfi deyil ki, buralarda saysız-hesabsız filmlər də çəkilib. Özü də elə-belə yox, çox məşhur filmlərə pavilyon olub bu torpaqlar. Ait-Ben-Haddou belə qırmızı qəsəbədir. Həm də “İndiana Cons”, “Əlibaba və 40 quldur”, “Games of Trones” kimi filmlərin çəkildiyi bir qəsəbədir. Yol boyu isə Atlas dağlarından çıxarılan minerallar satılır. Ouarzazate adlanan bu qırmızı dağlar şəhəri həm də “Klon” serialın çəkildiyi yerlərdən biridir. Serialdan digər səhnələr isə Fəs və Mərakeş şəhərlərində çəkilib.

Avropadan seçilməyən Mərakeş şəhəri�
Aralıq dənizi və Atlantik okeanı sahillərində yerləşən Mərakeşin İspaniya və Portuqaliya ilə yalnız su sərhədi ilə ayrılması, uzun illər Fransa müstəmləkəsi olması ölkənin rəngarəngliyinə təsirsiz ötüşməyib. Daha çox Avropa ab-havasını xatırladan şəhərləri də var Mərakeşin. Onlardan Tanjir və Essaouiradır. 1-ci böyük liman şəhəri, ikincisi isə kiçik balıqçı şəhəridir. Bir vaxtlar hərbi baza olan Essaouira indi balıqçılıq şəhəridir. Qala divarları, səssiz-sakit ab-havası ilə, ağ-mavi binaları ilə ölkənin rəngli, özünəməxsus şəhərlərindəndir.
Tanjir isə Mərakeşin ən inkişaf etmiş, ən modern şəhəridir deyərdim. Hətta burada özümü Mərakeşdə yox, hansısa bir Avropa şəhərində hiss etdim. Hələ şəhər mərkəzində sahil boyu çimərliyi, bir tərəfi böyük bulvarı, hündürmərtəbəli, müasir və gözoxşayan binaları ilə tamam fərqli ab-havası var Tanjirin. Liman şəhəri olduğunun haqqını verir.

Müəzzinlər minarəyə atla çıxacaqmış…

Müstəqillik əldə etdikdən sonra Rabatı paytaxt seçən Mərakeşlilər bu müstəqilliyi onlara qazandıran krallarının nəşini da burada qoruyub-saxlayır, hətta gələnlərə göstərirlər.
V Məhəmməd öz mavzoleyində uyuyur və hər gün dünyanın müxtəlif yerlərindən gələn turistlər onun mavzoleyini ziyarət edirlər. Rabatda ən diqqətimi çəkən yerlərdən biri də V Məhəmməd mavzoleyinin qarşısındakı Həsən qülləsi oldu. Bəxti nakam olan Həsən qülləsi. 12-ci əsrdə tikintisinə başlanan bu abidənin o dövr üçün ən böyük məscid olması planlaşdırılırmış. Amma deyir, sən saydığını say… Ölümlər, müharibələr bu məqsədi, bu istəyi yarımçıq qoyur. Və bu gün yarımçıq qalan 200 sütun turistlərin ziyarət yerinə çevrilib. 44 metrlik minarəsi isə dövrünə görə çox hündür olacaqmış. Hətta müəzzinlərin azan oxumaq üçün minarəyə piyada deyil, atla çıxmaları nəzərdə tutulubmuş.
10 mindən çox insanın eyni anda namaz qıldığı məscid �
Rabatdakı Həsən məscidinin bəxti yarım qalsa da, Kasablankadakı məscid tikilib, özü də elə tikilib ki, dünyanın ən böyük, ən əzəmətli məscidlərindən birinə çevrilib. Bir məscid düşünün ki, orada eyni anda 10 mindən çox insan ibadətlə məşğul ola bilsin. Özü də elə bir məscid ki, divarlarını oken dalğaları yusun. Düz sahildəcə yerləşən məscidin əzəməti gün batımında da bir başqa gözəl olur. Özünü bu böyüklük qarşısında qarışqa kimi hiss edirsən. İndiyədək olduğum ən böyük məscid idi Həsən məscidi. Minarəsinin hündürlüyü isə, nə az, nə çox, düz 210 metrdir.

Dünyada maviyi ən çox sevən şəhər�

Və son olaraq Mavi şəhərdən danışım. Bu şəhərə mavi adı boş yerə verilməyib. Elə bir şəhərdir ki, qapı-pəncərələri, pilləkənləri, divarları, hətta yeri belə maviyə boyanıb.
Cəmi 40 min əhalisi olan Chefchaouen il boyu qonaq-qaralıdır.