Tbilisinin az tanınan görməli yerlərinin beş fotosu

Botanika bağı

Tbilisinin botanika bağı. Foto: Nikoloz Uruşadze, JAMnews

Əlbəttə, Tbilisinin botanika bağı “az məlum olan” adlandırılmayacaq qədər məşhurdur. Və yetərincə turist cəlb edir. Amma iş orasındadır ki, ziyarətçilərin əksəriyyəti ancaq bağın kiçik hissəsini gəzir. Halbuki göz önündə olmayan daha dərin bucaqları özündə ekzotik bitkilərin yaratdığı rahatlıq və təsvir olunmaz gözəlliyi birləşdirir. Səssizlik və dinclik sayəsində isə böyük şəhərdə olduğunu unudursan.

Lisi gölü

 Lisi gölü, Tbilisi. Foto: Nikoloz Uruşadze, JAMnews

Bu məkan mərkəzdən yetəri qədər aralıda yerləşir, amma yola sərf olunacaq vaxta dəyər. Gölün ətrafı nisbətən yaxın zamanlarda abadlaşdırılıb. Burada piknik edə və ya sadəcə gəzə biləcəyiniz geniş park var. Həmçinin gölün ətrafında velosiped yolu və velo-prakat da mövcuddur. Göldə üzmək və qayıqla gəzmək olar. Əlbəttə ki, burda gözəl göl mənzərəsinə açılan restoranlar da var. Yaxınlıqda yeni ippodromun olması at minməyi sevənləri sevindirə bilər.

Bu şəhərin ən gözəl mənzərəsi?

“Biltmor-Tbilisi” oteli. Foto: Nikoloz Uruşadze, JAMnews

Əlbəttə, hamı bilir ki, Tbilisinin ən gözəl mənzərəsini funikulyorla qalxmaq mümkün olan Mtasminda dağından seyr etmək olar. Amma yeni göydələnin – “Biltmor-Tbilisi” otelindən açılan mənzərə artıq Mtasminda ilə rəqabətə girə bilər. Düzünə qalsa, tbilisililərin b u binanın zahiri görünüşünə münasibəti birmənalı deyil. Amma “Biltmor-Tbilisinin” 31-ci mərtəbəsindəki bar-restoranından açılan panoramanın seyr etməyə dəyər yeni maraqlı rakurs olduğu heç bir şübhə doğurmur.

Bassiani klubu

Bassiani klubu, Tbilisi. Foto: Bassiani klubunun arxivi

Dinamo stadionunun altındakı klub “klub həyatını” sevənlər üçün qətiyyən vaz keçilməz yerdir, həm də sadəcə gürcüstanlılar üçün deyil. Bu klub haqda nüfuzlu beynəlxalq nəşrlər də məlumatlıdır. Yeraltı məkanda musiqi, vizual, instalyasiya, seminar, leksiya və master-klasslar üçün şərait yaradılıb. Bəziləri bu yeri Berlin klubları ilə müqayisə edir. Buraya yaxşı elektron musiqi və azad ab-hava axtarışıyla gəlirlər.

Fabrik

“Fabrik”, Tbilisi. Foto: Nikoloz Uruşadze, JAMnews

Tarixi rayonların birində yerləşən keçmiş tikiş fabrikinin nəhəng binası paytaxtın yeni mədəni mərkəzinə çevrilib. Sutkanın 24 saatı açıq olan çoxfunksiyalı art-məkanın mərkəzində maraqlı mədəni tədbirlər keçirilir. Buradaca yaşamaq mümkündür – həmin bu binada 400 yerlik super-hostel mövcuddur! Burada çox sayda kafe, bar və mağazalar var – bir sözlə yaradıcı insanları cəlb edən hər şey.

Likes:
0 0
Views:
30
Article Categories:
Hər şey daxil